Vaxtdır, peşəni seç! | |
Peşə təhsili müəssisələrinə 2023-2024-cü tədris ili üzrə tələbə qəbulu davam edir. Bu il tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılır.
Elektron tələbə qəbulu üçün platforma açıqdır
Artıq 4 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul üçün müraciət edib. Peşə seçmək istəyənlər üçün portal.edu.az platformasında qeydiyyat avqustun 11-i saat 23:59-dək açıq olacaq. Peşə təhsili almaq istəyən ümumi və ya tam orta təhsil bazasını bitirən istənilən şəxs “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərə bilər.
Prosesdə uğurla iştirak edə bilmək üçün bir neçə sənəd tələb olunur. Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini təqdim edirlər. Peşə təhsili almaq istəyənlər üçün təhsil haqqında sənəd (attestat) də önəmlidir.
Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar müvafiq sənədlərlə qeydiyyatdan keçəcək. Belə ki, müraciətçi əlilliyini təsdiq edən sənədi və ya valideynlərini itirdiyinə dair və valideyn himayəsindən məhrum olduğunu təsdiq edən sənədləri də öz müraciətinə əlavə etməlidir.
Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Hər müraciətçiyə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Proses qeydiyyatdan keçənlərin elektron ərizələrindəki məlumatların doğruluğunun yoxlanılması ilə davam edəcək. İştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənəcək və nəticələr barədə məlumat həm “Şəxsi kabinetim” bölməsində yerləşdiriləcək, həm də SMS bildiriş göndəriləcək.
Nəhayət, müsabiqədən uğurla keçən namizədlər qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.
Dövlət sifarişli yerlərin sayı artıb
Son illər ali təhsilə keçid imkanı verən yüksək texniki peşə təhsilinə maraq xüsusilə böyükdür. Bu marağı daha da böyütmək, qəbul sayını artırmaq nəzərdə tutulur. Subbakalavr dərəcəsi alan tələbələrin sayı 1460-dır. 6 ildir 11 təhsil müəssisəsi, 19 ixtisas üzrə həyata keçirilən bu təhsil səviyyəsi üzrə təhsilalanların sayının 2026-cı ilə qədər 9200 nəfər artması planlaşdırılır.
Sadəcə, yüksək peşə təhsili üzrə deyil, ümumiyyətlə, peşə təhsili alanların sayı artacaq. 2018-ci ildən artan rəqəmlər bunu deməyə əsas verir. Belə ki, həmin il 13960 nəfər peşə təhsili müəssisələrinə qəbul olunmuşdusa, 2022-ci ildə bu rəqəm artıq 19000-i ötüb. 2026-cı ilə qədər qəbul olunan tələbə sayının 27 335-ə çatacağı hədəflənib.
Bu hədəf ildən-ilə artan dövlət sifarişli yerlərin sayında da özünü göstərir. Elə götürək son 3 ilin rəqəmlərini. Qəbul planında 2021/2022-ci illərdə dövlət sifarişli yerlər 14160, 2022/2023-cü illərdə 16040 olub. 2023/2024-cü illərdə bu rəqəm 18290-dır. Dövlət sifarişli yerlərin sayı 18290, ödənişli yerlərin sayı isə 7130-dur. Göründüyü kimi, peşə təhsili səviyyəsində dövlət sifarişli yerlərin sayı təqribən 30 faiz artıb.
Yeni ixtisaslar ...
Təhsilalanların sayına təsir həm də əmək bazarının tələblərini nəzərə alan yeni ixtisaslarla mümkün olacaq. Yeni tədris ilindən yüksək texniki peşə sahəsi üzrə iki yeni ixtisas - kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının istismarı, texniki peşə sahəsi üzrə isə üç yeni ixtisas - rabitə quraşdırıcısı - kabelçi, kombi və kondisioner ustası, eləcə də unüyütmə istehsalının aparatçısı tədris olunacaq.
...yeni və müasir peşə təhsili müəssisələrində
Yeni ixtisaslar yeni, yaxşı təchiz olunmuş müəssisələrdə müasir proqramlar əsasında tədris ediləcək. Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad, Füzuli və Lənkəran şəhərlərində yeni və müasir peşə təhsili müəssisələri qurulub. Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi başlamaq üzrədir. Eləcə də Füzuli, Tovuz, Qax va Quba Peşə liseylərinin, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin binalarının layihələndirilməsi aparılır. Bu müəssisələr ağıllı istixanalar, ferma, təcrübə hotelləri, həmçinin PUA təmiri emalatxanaları kimi müasir infrastrukturla təmin edilib. İnklüzivliyin təminatı üçün pandus qoyulmaqla, hibrid təlimin təşkili üçün şərait yaradılır.
Qarabağda yeni peşə təhsili müəssisələrində həm ənənəvi, həm də yeni ixtisaslar tədris olunacaq. İxtisaslar müəyyən olunarkən işğaldan azad edilən ərazilərin iqtisadi tələbləri əsas götürüləcək. Məsələn, Füzulidə kənd təsərrüfatında suvarma istiqamətində, eləcə də hava limanlarında tələb olunan bir neçə sahə üzrə, həmçinin dronların təmiri ilə bağlı texniklərin hazırlanması üzrə ixtisasların tədrisi mümkün olacaq. Eyni zamanda informasiya texnologiyaları sahəsi üzrə də yeni proqramların yaradılması nəzərdə tutulur.
...yeni müəllimlərlə
Müasir peşə təhsili müəssisələrində tədrisi həyata keçirəcək müəlimlər isə imtahanla seçiləcək. Avqustun ikinci yarısında peşə təhsili müəssisələrinə həm müəllimlərin, həm də istehsalat ustalarının işə qəbulu məqsədilə imtahanlar keçiriləcək.
Yeni maliyyələşmə sistemi ilə...
Bu tədris ilinin yeniliklərindən biri də peşə təhsili sahəsində tətbiq ediləcək adambaşı maliyyələşmə sisteminə keçiddir. Növbəti illərdə mərhələli şəkildə digər müəssisələr də bu mexanizmə keçid edəcək. 3 min tələbə maliyyələşmə əsasında peşə təhsili əldə edəcək.
Növbəti iki il ərzində peşə təhsilinin təsnifatı da yenilənəcək. 15 min şəxsin qısamüddətli ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.
Bir sözlə, indi ilin peşə seçmək vaxtıdır. Avqustun 11-dək olan bu dövrü dəyərləndirin ki, peşə sahibi olmağın üstünlüklərindən yararlana biləsiniz.
Ruhiyyə DAŞSALAHLI
|
|
04.08.2023 | 13:25 | |
|
|
|