Dövlət Proqramı təqaüdçülərinin uğur hekayələri

Qloballaşan dünyada təhsil sistemində yaranan innovasiyalar təhsilalanların imkanlarını daha da genişləndirir. Xüsusilə xaricdə təhsilini davam etdirmək, təcrübələrini, bilik və bacarıqlarını artırmaq istəyən gənclərin sayı çoxalmaqdadır. Son illərdə gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını, yüksəkixtisaslı mütəxəssislər kimi yetişməsini təmin etmək əsas hədəfə çevrilməkdədir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin  28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. 2023-2024-cü tədris ili üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilən sənəd qəbulu üzrə ilkin nəticələr açıqlanıb. Məlumat üçün bildirək ki, müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır. 2023-2024-cü tədris ili üçün təqaüd qazanan gənclərdən universitetlərin beynəlxalq reytinq sistemində “universitetlər üzrə top 10”dan 6 nəfər “UCL”, 3 nəfər “Harvard University”, 2 nəfər “ETH Zurich”, 1 nəfər “Massachusetts İnstitute of Technology”, 2 nəfər “İmperial College London”, 1 nəfər “Stanford University”, 3 nəfər isə “Columbia University” kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul almışdır. Dövlət Proqramı təqaüdçüləri öz təəssüratlarını, təcrübələrini, gələcək hədəflərini “Azərbaycan müəllimi”nə danışdılar. Onları tanıyaq.

 

“Qəbul olduğum universitetin bu ixtisasında oxuyacaq ilk azərbaycanlı olacağım üçün çox qürurlandım”

 

ABŞ-ın “Duke Univerity”-nin “Statistika və verilənlərin təhlili” ixtisası üzrə  magistr təqaüdünü qazanan Günel Ağakişiyeva 2018-ci ildə 20 nömrəli məktəb-liseyi bitirərək DİM-in mərkəzləşdirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 619 bal toplayaraq Azərbaycan-Fransız Universitetinin “Geofizika mühəndisliyi” ixtisasına qəbul olub. 2022-ci ildə UFAZ-ı fərqlənmə ilə bitirərək həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomlarını əldə edib. 

 

Universitet illəri boyunca hər zaman müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edərək bilik və bacarıqlarını mümkün qədər çox inkişaf etdirməyə, şəbəkəsini genişləndirməyə çalışan Günel Ağakişiyeva deyir: “Azərbaycan Mühəndislər Birliyi və Azərbaycan Elm Assosiasiyası kimi ölkə əhalisinin elm üzrə maariflənməsinə töhfə verə biləcəyim yerlərdə könüllü olaraq çalışmışam. Bununla yanaşı, süni intellekt üzrə beynəlxalq bir startupda çalışaraq dünyada 10 milyon insanın faydalana bilməsi üçün “İntroduction to Machine Learning”, “İntroduction to Deep Learning” kimi süni intellekt kursların yaradılmasına texniki tərəfdən dəstək olmuşam. Bundan əlavə, 2021-ci ildə Bakı Ali Neft Məktəbi və bp şirkətinin ortaq layihəsi olan “Mühəndislər üçün Biznes Təhsili” layihəsini uğurla bitirmişəm. 2022-ci ildə Polşada keçirilən “Perspektywy Women in Tech” konfransında iştirak üçün təqaüd qazanmışam. Məzun olduqdan sonrakı 3 ay müddətində isə Azərbaycan Beynəlxalq Bankı, Paşa Sığorta və Kapital Bank da daxil olmaqla bir çox şirkətdən data sahəsi üzrə iş təklifi almışam. Paşa Sığorta və Azərbaycan Beynəlxalq Bankında çalışmışam. Hazırda isə ATL Akademiyada “Məhsul sahibliyi və layihələrin idarəedilməsi” üzrə tam təqaüdlə təhsil alıram”.

 

Günel Ağakişiyeva bakalavr dövründən magistr təhsilini xaricdə almaq arzusunda olub. Təhsilin keyfiyyəti və dünyada populyarlığı səbəbindən ABŞ-da olan bir çox universitetlərin seçimləri sırasında olduğunu, lakin bu ölkədə yüksək reytinqli universitetdə təhsil almağın xeyli maddi vəsait tələb etdiyini dilə gətirib.

 

Söhbət zamanı “Təqaüd qazanacağınızı gözləyirdiniz?”-sualına cavab olaraq o bildirib: “Düzünü desəm, bu, mənim üçün gözlənilən bir hal idi. Bunun səbəbi universitet həyatım boyunca iştirak etdiyim layihələr, qəbul olduğum universitetin dünya sıralamasında reytinqi, günümüzün ən populyar ixtisasına qəbul olmağım və müsahibəmin uğurlu keçməsi idi. Təbii ki, nəticələri gözləyərkən hər bir namizəd kimi çox həyəcanlı idim. Ancaq nəticələr açıqlanandan sonra qəbul olduğum universitetin bu ixtisasında oxuyacaq ilk azərbaycanlı olacağım üçün çox qürurlandım və möhtəşəm hisslər yaşadım”.

 

Təhsillə bağlı gələcək planlarına gəldikdə isə o qeyd edib ki, əslində qısa və uzunmüddətli hədəflərim çoxdur, lakin hazırda elə bir dövrdə  yaşayırıq ki, dünyada çox sürətli dəyişikliklər baş verir. O, qətiyyətlə bildirib ki, Duke Universitetində alacağı təhsillə Azərbaycana çox böyük töhfələr vermək arzusundadır.

 

“Bu proqram akademik və peşəkar bilik və bacarıqlarını təkmilləşdirmək arzusunda olan hər bir Azərbaycan vətəndaşı üçün unikal imkanlar yaradır”

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Manchester”-nin “Şəhər dizaynı və beynəlxalq planlama” ixtisası üzrə magistr təqaüdü qazanan Camal Əhmədov: “İlk növbədə qeyd edim ki, bakalavr təhsilimi 2012-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Politologiya” ixtisası, birinci magistr təhsilimi isə 2016-2018-ci illərdə Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə almışam. Ötən müddət ərzində vətəndaşlarla iş, QHT və gənclər sektoru, səhiyyə və təhsil kimi sahələr üzrə fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının beynəlxalq əlaqələr istiqamətində çalışan müvafiq departamentlərində əmək fəaliyyəti ilə məşğul olmuşam.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək bazarının tələblərinə və müasir çağırışlara cavab verəcək rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsi və peşəkar kadrların potensialının artırılması istiqamətində dövlət siyasəti davamlı şəkildə icra olunmaqdadır. Görülən tədbirlərin davamı olaraq həyata keçirilən 2022-2026-cı illər üçün Dövlət Proqramı əvvəlki dövr ərzində həyata keçirilmiş analoji proqramların təcrübəsinə əsaslanaraq ölkə gəncləri, eləcə də akademik və peşəkar bilik və bacarıqlarını təkmilləşdirmək arzusunda olan hər bir Azərbaycan vətəndaşı üçün unikal imkanlar yaradır.

 

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ilində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Mançester Universitetində təhsil almaq üçün seçildiyimə dair məlumatı böyük sevinc və qürur hissi ilə qarşıladım. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Böyük Qayıdış” prosesi çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri, Bakı şəhəri və bölgələrin tarazlı inkişafı, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrası kontekstində səmərəli şəhər quruculuğuna verilən əhəmiyyəti nəzərə alaraq, “Şəhər dizaynı və beynəlxalq planlama” ixtisası üzrə təhsil almaq imkanını əldə etmək həqiqətən qürurvericidir”.

 

Camal Əhmədov deyir ki, Mançester Universitetində magistr təhsilini başa vurduqdan sonrakı dövr üçün əsas məqsədi vətənə qayıdaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş   ərazilərinə   Böyük  Qayıdışa  dair  I Dövlət Proqramı” və digər müvafiq sənədlərdə əksini tapmış tələb və çağırışlara uyğun olan, eləcə də vətəndaşlarımızın ehtiyaclarını qarşılayan dayanıqlı və inklüziv dizayn həllərinin tətbiqinə töhfə verməkdir.

 

“Azərbaycana qayıtdıqdan sonra elektronika sənayemizə töhfə verəcək bir mühəndis olmaq istəyirəm”

 

Dövlət Proqramı təaqüdünü qazanan digər gəncimiz Fuad Məmmədzadədir. O, İsveç Krallığının “Lund University”-nin “Daxili elektronika mühəndisliyi” ixtisası üzrə magistr təqaüdü qazananlardandır. Fuad 2018-ci ildə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına 695 balla daxil olub.

 

O, I kursun sonunda Microsoft və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə yaratdığı İKTLAB mərkəzində təcrübəçi olaraq işləyərək “Bakutel” sərgisinə prototip məhsul çıxardığını qeyd edib.  Əlavə  olaraq bildirib ki, “Teknofest - 2022” CANSAT yarışında 5 nəfərlik İstiqlal komandasının kapitanı olub və komandası I yeri qazanıb. Fuad Məmmədzadə həmin ilin yayında isə İsveçrədə yerləşən CERN-Avropa Nüvə Araşdırmaları Təşkilatında yay praktikasında iştirak etdiyini dilə gətirib.

 

Fuad Məmmədzadə: “Öz bilik-bacarıqlarım və təcrübələrimə əsasən təqaüdü qazanma şansımın olduğunu düşünürdüm. Cavablar çıxana qədər olan dövrdə isə qeyri-müəyyənlikdən həyəcan və narahatlıq keçirdim. Narahatlığımın səbəblərindən biri də sənədləşdirmə prosesini vaxtında yerinə yetirib dərslərə çata bilməməyimlə əlaqədar idi. Çünki qəbul olduğum Lund Universitetində tədris avqustun 28-i başlayır. Lakin təhsil prosesinin uğurlu olacağına əminəm. Qarşıdakı illərdə təhsilimi yüksək mərhələlərə daşımaq niyyətindəyəm. Azərbaycana qayıtdıqdan sonra elektronika sənayemizə töhfə verəcək bir mühəndis olmaq istəyirəm”.

 

 

Tünzalə QULİYEVA

 



04.08.2023 | 12:17