Təhsil siyasətinə maarifçi və mesenatların dəstəyi | |
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maariflənməsinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Xalq Maarif Nazirliyi təsis edildi, maarif naziri vəzifəsinə isə Nəsib bəy Yusifbəyli təyin olundu. Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə qısa müddət ərzində təkliflər hazırlayıb hökmətə təqdim edirdi. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifəsi ləğv olunaraq, məktəb və təhsil işinin idarə olunması Xalq Maarif Nazirliyinin və xalq məktəbləri təlimatçılarının sərəncamına verildi.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 17 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Milli kadrların hazırlanması bu sahədə təhsilin tamamilə yenidən qurulmasını zəruri edirdi. Məktəblərin milliləşməsi məsələsi nazirliyin təhsil sahəsində həyata keçirdiyi ən mühim tədbirlərdən biri idi. “Bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli, ali, ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalıdır”, - 1918-ci il 28 avqust tarixli qərarında belə qeyd olunmuşdu. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.
Xalq maarif naziri Nəsib bəy Yusifbəyli 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına məktub göndərmişdi. Məktubda deyilirdi ki, AXC-nin maarif sahəsində qarşıda çox böyük və çətin vəzifələri var. Nazirlik yeni məktəblər, müəllim kursları açmaqla, təhsil sahəsində ölkəni mümkün qədər qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə almışdı.
Artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 1919-1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Bu, bir il ərzində hökumətin xalqa edə biləcəyi ən böyük töhfə idi. Dərs vəsaitinə və ixtisaslı müəllim kadrlarına böyük ehtiyac olduğu dövrdə Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaitləri gətirtmək nazirliyin öndə olan işlərindən idi.
Qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı şəxslərdən müəllim kadrları hazırlanırdı. Xüsusi komissiya yaradılmışdır ki, məktəblər dərs vəsaiti ilə təmin edilsin. Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və başqaları bu işə cəlb edilmişdi.
1919-cu il sentyabrın 18-də parlamentin qərarı ilə bir milyon manat vəsait ayrıldı ki, xalq məktəbləri üçün Türkiyədən dərs kitabları alınsın.
1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu. M.Ə.Rəsulzadə, R.Qaplanov və başqaları, bir sıra dövlət və siyasi xadimlər həvəslə universitet auditoriyalarında mühazirələr söyləməyə başladılar. Bu mühazirələr, tələbələrlə qurulan ünsiyyət təkcə elm və təhsilə olan marağı artırmırdı, eyni zamanda, xalqın özünə inamının, milli dövlətçilik və vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir edirdi.
Bakıda universitetin yaradılması böyük tarixi önəm daşıyırdı. Azərbaycanlılar müasir universitet təhsili almaq üçün imkan qazandılar. Universitetin fəaliyyəti bütün müsəlman və türk dünyasına təsir göstərdi. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl alovlandı”.
AXC-nin süqutundan sonra BDU-nun tarixində mürəkkəb bir dövrün başlanğıcı qoyuldu.
Bakı Dövlət Universitetinin yaranması Azərbaycan milli istiqlal hərəkatının başçısı, bütün islam aləmində ilk respublika olan Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadənin adı ilə bağlıdır. O, bir neçə dəfə Azərbaycan parlamentində çıxış və universitetin açılmasını qəti tələb etmişdir. Onun sayəsində, gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. M.Ə.Rəsulzadə “Tarix-filologiya” fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.
Bakı Dövlət Universitetində “Tibb tarixi” də tədris olunurdu. Universitetdə 1919-cu ildə tibb fakültəsi təsis edilmişdi.
Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı əsasında Xalq Maarif Nazirliyinin xətti ilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərildi. AXC-nin xaricə göndərilən əksər tələbələri Almaniya, Sankt-Peterburq, Moskva, Kiyev və digər ölkə və şəhərlərdə tibb təhsili də alırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xalq maarifi sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi idi. 1919-cu ildə Azərbaycanda dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Yaşlıların savadlanması hökumətin qarşısında duran əsas məsələlərdən idi. Bu məqsədlə 1919-cu il sentyabrın 15-də Bakı, Gəncə, Şəki, Zaqatala, Şuşa və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar açıldı. Fəhlələr üçün isə texniki axşam kursları fəaliyyətə başladı.
AXC hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan şöbəsinin Qazağa köçürülməsini təmin etmişdir. Maarifçi Firudin bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdır. Qazağın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlu özünün 17 otağı olan mülkünü seminariyaya bağışlamışdı.
1918-ci il noyabrın 10-da Qori seminariyası Qazağa köçürüldü. Təntənəli açılış oldu. Açılışda türk ordusunun komendantı Şəbri bəy də çıxış etmişdi: “Müəllimlərsiz, bu təmənnasız fədailərsiz millətin gücü və qüvvəsi ola bilməz.”
Firudin bəy Köçərli Qazax Müəllimlər Seminariyasının müdiri kimi fəaliyyət göstərdiyi dövrdə özünün istək və arzularını həyata keçirməyə çalışırdı. F.Köçərli milliləşdirməyə təhsilin məzmunundan başlamaq ideyasını irəli sürmüşdü. Qazax Müəllimlər Seminariyası qısa müddətdə respublikada böyük şöhrət qazandı. Bu seminariya metodik mərkəzə çevrildi. Oxu dərnəkləri fəaliyyətə başladı.
1920-ci il fevralın 2-də dörd seminariyanın açılmasına icazə verildi. Zaqatala Qızlar Seminariyası bunlardan biri idi. Qazax seminariyası digər seminariyalara bir örnək, təcrübə mənbəyi idi. Qeyd edək ki, Firudin bəy Köçərli yetimlər evi də təsis etmişdi. Şəkidə açılmış yetimlər evinin təsisçisi isə F.Köçərlinin həyat yoldaşı Badisəba xanım idi. O, bu evi öz vəsaiti hesabına yaşatmışdı.
Mesenat Hacı Zeynalabdin Tağıyev məktəblilərə yardım edirdi. Onun fabriki 4-cü türk qızlar məktəbinə aztəminatlı məktəblilər arasında bölünməsi üçün 400 arşın parça təqdim etmişdi.
Həftə ərzində hər bir dil və ümumtəhsil fənləri üzrə müəllimlər üçün 18 saat qanuni norma hesab edilirdi və sinif rəhbərliyi təyin olunmuşdu.
Azərbaycanda qadın hərəkatının fəal xadimi, görkəmli alim və tanınmış pedaqoq Səidə İmanzadə bu dövrdə Şəkidə təhsil almışdı. Yeni açılan məktəblər şəkili balalarını elm, maarif işığına çağırırdı.
Xalq maarif naziri yəhudi məktəblərinin rəhbəri Y.Baysband və F.Şapiroyanın təşkil etdikləri yəhudi dili, yəhudi xalqının tarixi və yəhudi ədəbiyyatının tarixi kurslarına dinləyiciləri yazdırmağa icazə verdi. Burada 700 nəfər təhsil alır, 24 müəllim çalışırdı. Bu məktəblər hər ay 10 min rubl məbləğində dövlət tərəfindən subsidiyalaşdırılırdı. Məgər bu AXC-nin apardığı tolerantlıq siyasətinin nümunəsi deyilmidir?
Azərbaycan dövləti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənirdi. Müəllimlərin hər birinə inspeksiya tərəfindən hər ay 90 rubl ödənilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Rəşid bəy Əfəndiyev Bakıya dəvət alır və xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işinə cəlb edilir. “Bakı Kişi Seminariyası”nın direktoru təyin edilir. Bununla yanaşı Maarif Nazirliyi yanında əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində iştirak edir.
Cümhuriyyət illərində qələmi ilə millətə nicat yolu göstərən görkəmli publisist, müəllimlər sırasında Salman Mümtazın da adını çəkmək olar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqın maariflənməsi, savadlanması uğrunda əzmkarlıq göstərmiş, elm fədailərindən biri olmuş Salman Mümtazın yazıb yaratmağa, öyrətməyə olan marağına böyük bəstəkar, mütəfəkkir Üzeyir Hacıbəyli ilə yaxından dostluğu səbəb olmuşdur desək, bəlkə də yanılmarıq.
Üzeyir Hacıbəyli 1918-1920-ci illər fəaliyyəti dövründə əminliklə deyə bilərik ki, əzmkarlıqla xalqa xidmət etməklə tarixə adını yazıb. “Azərbaycan qəzeti”nin redaktoru kimi xalqın savadlanmasında, maariflənməsində əvəzsiz xidmətləri olub. Böyük pedaqoq yazırdı: “Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmirlər; Qulaqlar var ki, lal edilmiş bir millətin dilinin bu gün açılıb söz söyləməsini eşitmək istəmirlər; Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün müstəqil və azad olmasını qəbul etmək istəmirlər”.
Bu dövrdə şair, dramaturq, ictimai xadim kimi çıxış edən gənc Cabbarlının elmi və bədii fəaliyyətində coşun yüksəliş müşahidə olunurdu. Onun “Salam”, “Sevdiyim”, “Azərbaycan bayrağına” və s. şeirlərində milli qürur hissi özünü aydın büruzə verirdi:
Al boya azadlığın, təcəddüdün gümanı; mədəniyyət bulmalı Səkkiz uclu bu ulduz da səkkiz hərfli “Od yurdu”; Əsarətin gecəsindən fürsət bulmuş quş kimi, səhərlərə uçmalı.
İlk müstəqil Azərbaycanımızın himninin sözlərinin müəllifi Əhməd Cavad öz rolunu belə müəyyənləşdirmişdi:
Mən çeynənən bir ölkənin, Haqq bağıran səsiyəm!
Əhməd Cavad qüdrəti Azərbaycanın azadlığı ilə eyni zamanda doğuldu və bu azadlığın məhvi ilə də süquta uğradı.
Aprel işğalı arzulanan çox planların gerçəkləşdirilməsini yarımçıq qoydu. Cümhuriyyətin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycan xalq maarifinin təşkili və inkişafına mühüm təsir göstərdi.
Ləman ABDULLAYEVA, Şəki şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi |
|
12.10.2018 | 15:38 | |
|
|
|