“2022-2026 Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub. Belə ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

 

Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" və 1 nəfər "National University of Singapore"dan qəbul alıb.

 

Qeyd edək ki, iyulun 14-də 2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı iştirakçısı adını qazanmış ilkin 134 nəfərin siyahısı barədə ictimaiyyətə məlumat verilib.

 

Dövlət Proqramının illik hədəf göstəricisində 400 nəfər Azərbaycan Respublikası vətəndaşının xarici universitetlərdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil almasının nəzərdə tutulduğunu və cari il üzrə kvotada mövcud imkanların olduğunu nəzərə alaraq, müəyyən çatışmazlıqlar səbəbindən ərizəsi qəbul edilməyən namizədlərə sözügedən halları aradan qaldırmaqla müraciətlərini tamamlamaları üçün 7-11 avqust 2023-cü il tarixlərində yenidən sənəd qəbulu üçün şərait yaradılacaq. Nəzərə alınmalıdır ki, gec təqdim edilmiş müraciətlər üzrə Dövlət Proqramı iştirakçısı adını qazanacaq şəxslərin təhsilinin maliyyələşdirilməsi ona müvafiq müddətdə həyata keçiriləcək.

 

 



03.08.2023 | 09:10