61 tələbə Koreyanın İNHA Universitetində təhsil alacaq | |
2023-2024-cü tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (IDP) çərçivəsində 61 tələbə sonuncu kursu Koreyada təhsil alacaq. Belə ki, İDP-nin ilk qəbulu - 2020/2021-ci tədris ilinin tələbələri IV kurs üzrə təhsillərini İNHA Universitetində davam etdirmək üçün 8-9 avqust tarixlərində Koreyaya yola düşəcək.
Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.
BMU İNHA İDP çərçivəsində IV kursu avqust ayının 28-dən etibarən İNHA Universitetində davam etdirəcək 61 tələbədən 6 nəfəri “Elektrik mühəndisliyi”, 19 nəfəri “Elektronika mühəndisliyi”, 23 nəfəri “İnformasiya texnologiyaları”, 13 nəfəri isə “İnşaat mühəndisliyi” üzrə təhsil alacaq. 14-28 avqust tarixlərindən başlayaraq isə tələbələr yeni mühitdə tədris prosesinə sürətli adaptasiya məqsədilə intensiv şəkildə baza əsaslı dərslərdə iştirak edəcəklər.
Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.
Qeyd edək ki, dörd qəbul ilini əhatə edən bakalavr proqramına “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə. ümumilikdə 400 nəfərin qəbul olunması nəzərdə tutulub. 2023-2024-cü tədris ilində isə” İnformasiya texnologiyaları” üzrə 35, “İnşaat mühəndisliyi” üzrə 25, “Elektrik mühəndisliyi” üzrə 28, “Elektronika mühəndisliyi” üzrə 35 yer olmaqla, ümumilikdə 123 nəfərin qəbulu planlaşdırılır.
|
|
02.08.2023 | 13:17 | |
|
|
|