Üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərindən 4-ü BDU-nun məzunudur | |
Üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə qalib olan 22 nəfərdən 4-ü Bakı Dövlət Universitetinin məzunudur.
BDU onların qısa bioqrafiyasını təqdim edib:
Azad Qəribov 1987-ci ildə anadan olub. Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” üzrə bakalavriat, Qlazqo Universitetində “Beynəlxalq siyasət” üzrə magistratura, Mərkəzi Avropa Universitetində “Siyasi elmlər” ixtisası üzrə doktorantura təhsili alıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisində kommunikasiya eksperti, ADA Universitetində "Qlobal siyasət", "Dövlət və siyasət" fənləri üzrə müəllim vəzifəsində çalışır.
Bayram Orucov 1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavriat, Rotterdam Universitetində Beynəlxalq kommersiya və şirkət hüququ üzrə magistratura təhsili alıb. Bakı Dövlət Universitetində “Konstitusiya hüququ” ixtisası üzrə doktorantura təhsili alır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasında Aparat rəhbəri vəzifəsində çalışır.
Mirzə Ələkbər Babayev 1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” üzrə bakalavriat, Bristol Universitetində “Strateji idarəetmə” ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəsi Aparatında baş məsləhətçi vəzifəsində çalışır.
T oğrul Ələkbərov 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat və Bowling Green Universitetində “İşçilərin təhsili və inkişafı” ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Məşğulluq Agentliyində Mərkəzi Karyera Filialının rəhbəri vəzifəsində çalışır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.
|
|
01.08.2023 | 11:02 | |
|
|
|