Ən yaxşı təqdimat müəyyənləşəcək | |
Paytaxtda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsinə start verilib.
Təhsil nazirinin əmrinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin 232 təqdimatı məktəbdaxili qiymətləndirmələr zamanı müsabiqənin rayon mərhələsinə vəsiqə qazanıb. BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzində həmin təqdimatların dinlənilməsinə başlanıb. Martın 10-dək davam edəcək dinləmələrdə ən uğurlu təqdimatlar müsabiqənin şəhər mərhələsinə keçəcək. 15-16 mart tarixlərində təşkil olunacaq şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimat müəllifi isə apreldə ölkə turunda iştirak hüququ qazanacaq.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı və ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.
|
|
07.03.2018 | 16:30 | |
|
|
|