Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi

Uşaqlara qarşı zorakılıq onların rifahına mənfi təsir edən ən böyük amillərdən biridir. Uşaqların erkən yaşlarda bu və ya digər şəkildə zorakılığa məruz qalması onların fiziki, psixoloji və psixi sağlamlığına, həmçinin rifahına mənfi təsir göstərir (ÜST,2022). BMT-nin Uşaq Fondunun (UNICEF) statistikasına (2020) əsasən, dünya üzərində 13-15 yaşlı hər 3 şagirddən 1-i zorakılıqla üzləşir. Eyni zamanda, baş verən zorakılıq hallarının iqtisadiyyata vurduğu zərər hər il təxminən 7 milyarda bərabər olur. Zorakılıq hallarının çoxluğu və uşaqlara vurduğu zərəri nəzərə alsaq, uşaqların müdafiəsi və təhlükəsizliyini sağlam cəmiyyətin yaradılmasının, uşaqların rifahının və inkişafının təmin edilməsinin əsas aspektlərindən biri hesab etmək olar. Bu məqalədə ilk öncə uşaq müdafiəsi və təhlükəsizliyi konsepti və onun beynəlxalq təcrübədə tənzimlənmə mexanizmi araşdırılıb. Məqalənin sonrakı hissəsində bu sahədə, xüsusilə, Azərbaycanda təhsil sistemində görülən işlər, onların məqsədi və mahiyyəti barədə məlumatlar təqdim edilib.

 

Uşaq müdafiəsi və təhlükəsizliyi konsepti və onun beynəlxalq təcrübədə tənzimlənmə mexanizmi

 

Uşaq müdafiəsi və təhlükəsizliyi dedikdə, uşaqlara qarşı hər cür laqeyd davranış, istismar və zorakılıq hallarından yarana biləcək zərərin önlənməsi və qabaqcıl tədbirlərin görülməsi nəzərdə tutulur (UNICEF, 2021). Beləliklə, anlayış uşaqlara dəymiş zərərə müvafiq cavab tədbirlərinin görülməsini də özündə ehtiva edərək, həmçinin proaktiv yanaşmanı dəstəkləyir. Çoxsaylı araşdırmalar göstərir ki, uşaqların sağlam mühitdə böyüməsi və təhlükəsiz mühitdə tam potensialına çatması onların fərd olaraq inkişafı ilə yanaşı, sağlam cəmiyyətin formalaşmasının da əsaslarından birini təşkil edir. Buna görə də, müxtəlif hökumətlər, qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq təşkilatlar uşaqlara qarşı zorakılıq hallarının azaldılmasının vacibliyini anlamış və bu fəaliyyətin fərd və cəmiyyətlərin kollektiv məsuliyyəti olaraq dərk edilməsini dəstəkləmişdir. Nəticədə, uşaq müdafiəsi və təhlükəsizliyini həyata keçirmək üçün beynəlxalq təcrübədə müxtəlif mexanizmlər sınaqdan keçirilmişdir.

 

Hər bir mexanizmin fəaliyyət istiqamətinin tənzimlənməsi üçün ilk olaraq, müvafiq qanunvericilik bazasının yaradılması vacibdir. Məsələn, Uşaq Hüquqları Konvensiyasında uşaqların harada yaşamasından və hansı şərtlər altında olmasına baxmayaraq onların müdafiə olunmaq, lazımi qaydada qidalanmaq və hər cür zorakılıq, sui-istifadə, laqeydlik, pis rəftar və istismardan azad olmaq hüququnun olduğu vurğulanır. Bu kimi beynəlxalq sənədlərə əsaslanaraq, bir çox ölkədə uşaqların hüquqlarını və onlara qarşı baş verən zorakılıq halları zamanı atılacaq addımları özündə ehtiva edən sənədlər mövcuddur. 1989-cu ildə İngiltərədə qəbul olunan və daha sonra əlavələr edilən Uşaqlar haqqında akt da bənzər siyasətin nümunəsidir. İngiltərədə, həmçinin təhsil sistemində Təhsil Şöbəsi (Department of Education, 2022) uşaqların zorakılıqdan azad mühitdə təhsil alması üçün məktəbləri və kollecləri zorakılıq halları zamanı dərhal hərəkətə keçməsini və müvafiq orqanlara hesabat verməsini tələb edən xüsusi sənədlə təmin edir. Belə mexanizmə bir başqa nümunə - 1974-cü ildə Amerika Birləşmiş Ştatlarında (ABŞ) qəbul edilmiş Uşaq istismarının qarşısının alınması (CAPTA) aktı ola bilər. Akta əsasən təhsil sistemində müəllimlər də daxil olmaqla, uşaqlarla işləyən mütəxəssislər baş verən zorakılıq hallarını xəbər verməli və erkən müdaxiləni təmin etməli idilər.

 

Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, qurumlararası əməkdaşlığın təşviqi ölkələrdə uşaq müdafiəsi və təhlükəsizliyi sahəsində yayılmış başqa bir təcrübədir. Avstraliya Uşaqlarının Müdafiəsi üzrə Milli Strategiya (2021) sənədi təhsil  işçiləri,  hökumət orqanları, sosial xidmətlər və səhiyyə arasında milli əməkdaşlığın, məlumat mübadiləsinin, həyata keçiriləcək tədbirlərin koordinasiyasının və ölkə üzrə vahid yanaşmanın önəmini vurğulayır. Eynilə, İngiltərədə də oxşar siyasət Uşaqlar haqqında akt sənədi ilə tənzimlənir (Foster, 2020). Beləliklə, müxtəlif təşkilatlar risk qiymətləndirmələri aparmaq, müdaxilə planları hazırlamaq və həssas uşaqlara və ailələrə dəstək vermək üçün birlikdə işləyir və müxtəlif layihələr həyata keçirirlər.

 

Qloballaşan dünyada ölkələr yalnız öz daxili səyləri ilə yox, həmçinin bir-birləri ilə əlaqədə uşaq müdafiəsi və təhlükəsizliyi sahəsində işlər görür. Məsələn, uşaqlara qarşı zorakılıq halları zamanı köməklik və məlumat məqsədilə yaradılan məxfi uşaq qaynar xətləri də uşaqların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Təcrübəli mütəxəssislərin fəaliyyət göstərdiyi bu çağrı mərkəzləri uşaqları təhlükədə olan zaman məsləhət və dəstəklə təmin edir. Hazırda 135-dən çox ölkəni əhatə edən Beynəlxalq Uşaq Yardım Xətti şəbəkəsi bu kimi mexanizmə ən yaxşı nümunədir.

 

Azərbaycanda uşaq müdafiəsi və təhlükəsizliyi sahəsində təhsil sistemində görülən işlər

 

Uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda dünya ölkələri ilə bərabər Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, daha öncə vurğulanan İngiltərə və ABŞ nümunəsində olduğu kimi ölkəmizdə də uşaqların rifahının yaxşılaşdırılması qanunla tənzimlənir. Məsələn, Azərbaycan Respublikası “Təhsil haqqında” Qanununun 32-ci maddəsi və Azərbaycan Respublikası “Ümumi təhsil haqqında” Qanununun 22-ci maddəsi, xüsusilə, təhsil sistemində uşaqların qorxmadan və zərər görmədən əylənmə, sosiallaşma və inkişaf etməsində təhsil işçiləri və könüllülərin rolunu vurğulayır. Əlavə olaraq, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında tədbirlər planının 5.3.9-cu bəndində uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin genişləndirilməsi istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olmaq məqsədilə 2022-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə UNICEF-in birgə fəaliyyət planına əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirir. İki ildir davam edən layihə çərçivəsində Bakı və Lənkəran şəhərləri, eləcə də, Ağcabədi və Zəngilan rayonlarında, ümumilikdə, 51 məktəbdə Uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) mexanizmi tətbiq olunur.

 

İlk öncə, pilot məktəblərdə direktor, direktor müavini, psixoloq, valideyn və müəllimdən ibarət olan UMT komandaları seçilmiş mütəxəssislər tərəfindən təlimləndirilib. Həmin təlimlər zamanı iştirakçılar uşaq müdafiəsi və təhlükəsizliyi anlayışı haqqında məlumatlandırılıb, eyni zamanda, uşaq müdafiəsi və təhlükəsizliyi mexanizminə daxil olan siyasətlərdən istifadə edərək uşaqların necə səlahiyyətləndirildiyini, onların səslərini eşitdirməsi üçün imkanların necə təmin edilə biləcəyini öyrəniblər. Təlimin effektivliyini ölçmək, həmçinin təlim iştirakçılarının ümumi bilik səviyyəsini qiymətləndirmək üçün müdavimlər arasında pre və post-testlər keçirilib. UMT komandalarının test nəticələrinə əsaslanaraq qeyd etmək mümkündür ki, müdavimlər uşaq müdafiəsi və təhlükəsizliyi konsepti haqqında müəyyən biliklərə sahib olsa da, təlimdən sonra bu bilik və bacarıqlarını artıraraq daha yüksək nəticə göstəriblər (şəkil 1).

 

Müdavimlər arasında keçirilən təlimin qiymətləndirilməsi sorğusu da testlərin nəticələri ilə uzlaşıb. Belə ki, respondentlərin böyük əksəriyyəti təlimin faydalı olduğunu və yeni bilik və bacarıqlara yiyələndiklərini bildiriblər. Bununla yanaşı, sorğu iştirakçılarının 40%-dən çoxu valideynlərlə iş, şagird psixologiyası, digər qurumlarla işin effektiv təşkili kimi yeni mövzuların da təlim proqramına əlavə olunmasını təklif edib.

 

Müəllim, şagird və valideynlərin effektiv məktəb dizaynının “üçbucağı”nın əsas tərəfləri olduğunu (Bloomstran, 2002) nəzərə alaraq, mexanizmin mənimsənilməsi üçün üç hədəf qrupu maarifləndirici görüşlərə cəlb edilib. Belə ki, 2022-ci ildə layihənin birinci fazasında Bakı şəhəri üzrə 25 pilot məktəbdə 974 sinif rəhbəri, 4572 valideyn və 27584 şagird, 2023-cü ili əhatə edən ikinci fazasında isə layihəyə yeni cəlb olunmuş 26 məktəbdə 813 sinif rəhbəri, 2596 valideyn və 25218 şagird uşaq müdafiəsi və təhlükəsizliyi konsepti barədə məlumatlandırılıb. Bu maarifləndirici görüşlər mexanizmin daha yaxşı mənimsənilməsinə, eləcə də uşaq müdafiəsi və təhlükəsizliyi konsepti barədə fikrin formalaşdırılmasına töhfə verir.

 

Ümumilikdə, aparılan müşahidələr göstərib ki, layihəyə cəlb olunan məktəblərdə mexanizm uşaq müdafiəsi və təhlükəsizliyi sahəsində baş verən keyslərin daha sistemli həllinə imkan yaradır. Mexanizmin tətbiqi ilə bağlı bir sıra məktəblərdə müşahidə olunan boşluqların aradan qaldırılması istiqamətində isə həmin məktəblərə mütəxəssislər tərəfindən mütəmadi superviziya dəstəyi verilir.

 

Nəticə

 

Beləliklə, uşaq müdafiəsi və təhlükəsizliyi həm dünyada, həm də ölkəmizdə aktual mövzulardan biridir. Qəbul edilən hüquqi sənədlər, müxtəlif qurumlar arasında tərəfdaşlıqlar, həmçinin uşaqlar üçün mövcud olan qaynar xətt xidmətləri uşaqların müdafiəsi üçün dünyada yayılmış təcrübələr sırasındadır. Ölkəmizin təhsil sistemində uşaqların rifahı və hüquqlarının qorunması da hüquqi sənədlərə əsaslanır. Həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi də ümumtəhsil müəssisələrində uşaqların müdafiəsi və təhlükəsizliyi sisteminin yaradılmasını təşviq edir.Layihə uşaqların məktəbdaxili və məktəbdənkənar rifahının təmin olunması üçün inzibati və pedaqoji heyətin gördüyü tədbirlərə əsaslanır. Atılan addımlar həm uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınmasına, həm də valideynlər, şagirdlər və müəllimlərin maarifləndirilməsinə dəstəkdir. Yuxarıda sadalanan bütün fəaliyyətlərin icrasında keçirilən təlimlər və görüşlər vacib rol oynayır. Beləliklə, gələcəkdə uşaq müdafiəsi təlimlərinin metodik xidmətin bir hissəsinə çevrilməsi uşaq müdafiəsi konseptinin müəllimlərə daha dərindən mənimsədilməsinə kömək edə bilər. 

 

Zeynəb ƏMİRASLANOVA,

ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi



21.07.2023 | 16:13