“Uşaqların gələcəyinə sərmayə” | |
Təhsil və karyera - müasir həyatımızın bu iki tərkib hissəsi daim kəsişir və qarşılıqlı surətdə əlaqədədir. Eyni istiqamətə yönəlmiş və eyni bir hədəfə can atan bu iki vektor həyatda və peşəkar fəaliyyətdə planların reallaşdırılması yolunda uğur qazanmağa fokuslanıb. Dünən Bakı Expo Mərkəzi də 12-ci Beynəlxalq Təhsil Sərgisinə ev sahibliyi etməklə təhsil sistemimizdə olan uğurların mənbəyinə və qarşıdakı hədəflərə işıq salırdı.
Sərginin açılışı münasibətilə iştirakçıları salamlayan təhsil naziri Ceyhun Bayramov müasir dünyada insan kapitalının önəminin durmadan artdığını qeyd edib. Bu amilin ölkələrin inkişafı ilə yanaşı, beynəlxalq reytinqlərdəki göstəriclərinin yaxşılaşması baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib. Nazir xatırladıb ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 140 ölkə arasında 35-ci yeri tutub. Dünyanın ən mötəbər reytinqində Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Bu indikatorlardan ali təhsil və təlim üzrə ölkəmiz 10 pillə irəliləyərək 68-ci yerdə, innovasiya üzrə isə 11 pillə irəliləyərək 33-cü yerdə qərarlaşıb. Bu, həm də son illərdə təhsil sahəsində aparılan uğurlu islahatların göstəricisidir.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərginin dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdiyini qeyd edən Ceyhun Bayramov Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayaraq, sərginin ziyarətçilər üçün faydalı olacağını deyib.
C.Bayramov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib.
Uğur rəqəmləri
Təhsil naziri daha sonra ötən illər ərzində təhsil sahəsində əldə olunmuş bəzi nailiyyətləri sərgi iştirakçılarının diqqətinə çatdırıb. Əldə edilmiş ən mühüm nailiyyətlərdən biri məktəbəhazırlıq yaşlı uşaqların təhsilə cəlb edilməsi ilə bağlıdır. Beynəlxalq qiymətləndirmə tədqiqatları da göstərir ki, ən azı 1 il məktəbəqədər təhsilə cəlb edilmiş şagirdlər məktəbəqədər təhsilə heç cəlb edilməmiş şagirdlərdən daha yüksək nəticə göstərirlər. Cəmi 3-4 il bundan əvvəl I sinfə gedən şagirdlərin 20-25%-i məktəbəhazırlıq qruplarından gəlirdisə, bu il bu rəqəm 65% olub. Cari tədris ilində 75% uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib ki, bu da hər il təhsilin keyfiyyət göstəricisinə müsbət təsir edən amildir. Əlavə olaraq ötən ildən başlayaraq 50 müxtəlif kənddə 1000 nəfərə qədər 3-5 yaşlı uşaq üçün icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil edilib. Bu tədris ilində isə icmaların sayı 2 dəfə artırılaraq 100-ə, cəlb edilmiş uşaqların sayı isə 2000 nəfərə çatdırılacaq.
Müasir dövrdə təhsilalanların inkişafına yalnız məktəb çərçivəsində nail olmaq çətindir. Şagirdlərin məktəbdənkənar təhsil üzrə müxtəlif fəaliyyətlərə cəlb edilməsinin onların istər fiziki və mənəvi cəhətdən sağlam insan, istər vətənini sevən və onun maraqlarını müdafiə edən vətəndaş, istərsə də innovativ düşüncə tərzinə malik peşəkar kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır. Ceyhun Bayramov qeyd edib ki, bu istiqamətdə də sərgi iştirakçılarına nümayiş etdiriləcək bir sıra nailiyyətlər mövcuddur: “Bu ildən başlayaraq Təhsil Nazirliyi məktəblərin keyfiyyət göstəriciləri əsasında reytinq siyahılarını müəyənləşdirdikdə akademik nailiyətlərlə yanaşı, idman və yaradıcılıq sahələri üzrə də nailiyyətləri nəzərə alacaq. İnanırıq ki, belə bir yanaşma gələcək nəslin hərtərəfli inkişafına töhfə verəcək”.
Nazir təhsil sistemində əldə olunan uğur göstəriciləri ilə sərgidə nümayiş olunan stend və pavilyonlarda yaxından tanış olmağın mümkünlüyün . O, əmin olduğunu bildirib ki, böyük əhəmiyyətə malik “Təhsil və karyera” sərgisi gənclər, təhsil müəssisələri və biznes dünyası arasında səmərəli müzakirələrin aparılması və yeni layihələrin təqdim edilməsi təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər salmağa imkan yaradacaq, həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları barədə dolğun məlumat verəcək: “Ümid edirəm ki, 12-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək”.
“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. Edvard Stroun beynəlxalq sərginin yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə, nazirliyin peəkar komadasına minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Azərbaycanın 18 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil”, “Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi”, “Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim olunub.
“Tədbir çox yüksək səviyyədə təşkil olunub”
Sərgidə iştirak edən ölkələrin təhsil pavilyonlarına baş çəkdikcə stendlər qarşısında iştiraçıların aktivliyi ilə rastlaşdıq. Qonaq universitetlərin bəzilərinin nümayəndələri ilə söhbətləşməyə imkan tapdıq.
Erika Laoberga, Liepaya Universiteti (Latviya): - Təmsil etdiyim ali məktəb Latviyanın ən gənc universitetlərindən biridir. Cəmi 6 yaşı var. Lakin ali məktəbin çox müasir bakalavr və magistr proqramları var. Artıq Daşkənd və Kiyev şəhərlərində keçirilən sərgilərdə iştirak etmişik. Universitetimiz ingilis və latış dillərində informasiya texnologiyaları, rəqəmsal tibbi istiqamətlər, media-kommunikasiya, kompüter elmləri, audio-vizual və rəqəmsal media sənəti, humanitar elmlər, eləcə də təhsil ixtisasları üzrə tələbə qəbulu xidmətləri həyata keçirir. Hazırda universitetin II kursunda Əminə adlı azərbaycanlı tələbə dil və mədəniyyət ixtisasında bakalavr təhsili alır. Universitetimizdə daha çox azərbaycanlı tələbə görmək istərdik.
Sərgiyə gəlincə, deməliyəm ki, tədbir çox yüksək səviyyədə təşkil olunub. İştirakçı fəallığını da yaxşı qiymətləndirirəm. Bunu stendlərimizə yaxınlaşan ziyarətçilərin sayının çox olmasında da görmək olar.
Miloş Jelezniy, Qərbi Çexiya Universiteti (Çexiya):
- Ali məktəbimiz ölkənin ən nüfuzlu universitetlərindən biridir. 9 fakültəsi və 2 institutu var. Universitet bakalavr, magistr və doktorantura ixtisasları üzrə 12 mindən artıq tələbə qəbul edir. Çex dili üzrə proqramlarımızda 400-dən artıq əcnəbi tələbə təhsil alır. Ali məktəbdə tədris ingilis və çex dillərindədir. Çex dilini bilməyən əcnəbilər bu dil biliklərini təkmilləşdirirlər. Ali məktəb elmi tədqiqatlar sahəsində də tanınır.
Əlbəttə, bu sərgidə iştirakımı çox yüksək qiymətləndirirəm. Azərbaycanlı gənclərin universitetimizdə təhsil almasını istərdik. Buna görə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə iştrak etməyə qərar verdik. Sərginin çox maraqlı və yüksək təşkilatçılıq səviyyəsini xüsusi qeyd etmək istərdim. Arzu edərdim ki, gənclər öz maraqlarına uyğun ixtisas seçə bilsinlər.
Oruc MUSTAFAYEV |
|
12.10.2018 | 09:25 | |
|
|
|