ADMİU daha bir Türkiyə universiteti ilə əməkdaşlığa başlayır

Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olublar.


ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu il 100 illik yubileyini qeyd edən ali məktəbin hər zaman beynəlxalq əlaqələrə önəm verdiyini, xüsusən Türkiyənin bir sıra universitetləri ilə qarşılıqlı əməkdaşlıqların mövcud olduğunu diqqətə çatdırıb.


Görüşə onlayn şəkildə qatılan Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın dəfələrlə Azərbaycanda olduğunu və Azərbaycanı çox sevdiyini deyib, qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə qarşılıqlı əməkdaşlığın yaranmasından məmnunluğunu vurğulayıb.


Rektor qeyd edib ki, İstanbul Nişantaşı Universiteti “Is This The Real?” (Bu gerçəkdirmi?) film festivalı çərçivəsində qonaq ölkə olaraq Azərbaycanı seçib. Festivalın əsas məqsədi dost və qardaş ölkə Azərbaycanın kino sənətinin kinosevərlərə tanıdılması, yeni filmlərin dəyərləndirilməsi və Azərbaycan kino tarixi, kino sənəti haqqında məlumatların Türkiyə auditoriyasına çatdırılmasıdır.


Bu mənada İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə keçirəcəyi beynəlxalq festival Azərbaycan kinosunun təbliği baxımından mühüm hadisədir.


Festivalda ADMİU-nun professor-müəllim heyəti və tələbələri aktiv iştirak edəcəklər. Bununla yanaşı, ADMİU-nun audiovizual sənətlər fakültəsinin əməkdaşları Nişantaşı Universitetinin tələbələri üçün ustad dərsləri, seminarlar və vörkşoplar keçirəcək. Festivalda Azərbaycanı təmsil edən filmlərin nümayişi də nəzərdə tutulub. Bu əməkdaşlığın yaxın gələcəkdə birgə həyata keçiriləcək önəmli işlərin, layihələrin təməli olduğunu deyən Ş.Yalçın iki universitet arasında  əlaqələrin qardaş ölkələrin mədəni əlaqələrinin genişlənməsində də faydalı olacağına inandığını ifadə edib.
 

Sonda iki universitet arasında Əməkdaşlıq memorandumu imzalanıb.

 



17.07.2023 | 10:16