NDU-nun rektoru:“Ali təhsil ocağında elmtutumlu layihələrin sayı artacaq” | |
Naxçıvan Dövlət Universitetində (NDU) elmi müşavirə keçirilib. Müşavirədə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada təhsilə xüsusi diqqət yetirilir, onun inkişafına yeni və innovativ metodlarla yanaşılır. Bildirilib ki, universitetin beynəlxalq reytinq cədvəllərində öz layiqli yerini tutması üçün nüfuzlu jurnallarda, beynəlxalq elmi indeks bazalarında nəşrlərin olması ən ümdə vəzifələrdəndir.
Diqqətə çatdırılıb ki, universitetdə mövcud olan maddi-texniki baza, müasir tədris avadanlıqları, tədqiqatların aparılması üçün qurulan laboratoriyaların təşkili kollektivə imkan yaradır ki, onlar elmi fəaliyyətlə daha ciddi məşğul olaraq öz elmi nailiyyətləri ilə beynəlxalq elmi bazalarda tanınan, istinad edilən müəlliflərdən olsunlar.
E.İsayev deyib ki, müasirtipli və çoxprofilli dünya təhsil sisteminə inteqrasiya edən universitetin bugünkü inkişafını istər beynəlxalq əməkdaşlıqların dinamik olaraq, davamlılığında, iqtisadi, sosial, tibbi və digər mövzular üzrə ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda, mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək olar. Təsadüfi deyil ki, bu il Naxçıvan Dövlət Universiteti (1001+) Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb.
Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından da danışaraq vurğulayıb ki, bu il İT sahəsi üzrə nəhəng şirkət olan IBM və “Robotex Türkiyə” ilə əldə olunan əməkdaşlıq nəticəsində universitetin texnologiya həllərinə çıxış imkanlarının artırılmasına, innovasiya yönümlü layihələrin dəstəklənməsinə və inkişaf etdirilməsinə, strateji problemlərə uyğunlaşdırılmış ixtisaslı kadrların yetişdirilməsinə nail olunacaq. Bütün bunlar isə ali təhsil ocağında elmtutumlu layihələrin sayını artıracaq.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramında universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması nəzərdə tutulub. Dövlət proqramının səmərəli icrası nəticəsində, eyni zamanda ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi də mümkün olacaq.
Müşavirədə elm və innovasiyalar üzrə prorektor Elsevər Əsədov çıxış edərək NDU-nun elmi fəaliyyət strategiyası haqda danışıb. Prorektor əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, gələcək elmi fəaliyyət startegiyası təhsilalanlara müasir bilik və bacarıqların ötürülməsi, onların karyera inkişafına və məşğulluq problemlərinin həllinə dəstək göstərilməsi, universitetin innovasiya potensialının genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasına böyük üstünlüyün verilməsi, bütövlükdə ali təhsil müəssisəsinin cəlbediciliyinin artmasına, cəmiyyət həyatında faydalı rolunun güclənməsinə hədəflənib.
Elm və innovasiyalar bölməsinin müdiri Elnarə Allahverdiyeva isə “Times Higher Education Impact Rankings” (THE) reytinq cədvəli haqqında geniş məlumat verib. Bildirib ki, Böyük Britaniyanın “Times Higher Education Impact Rankings” reytinq cədvəlinin əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. Jurnalın tərtib etdiyi siyahı dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunur. THE-də dünya universitetləri reytinqi ali məktəblərin tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiya və digər meyarlar nəzərə alınmaqla həyata keçirilir.
Müşavirənin sonunda Web of Science, Scopus indeks bazalarında məqalə nəşr etdirən və məqalələrinə istinad sayı çox olan müəlliflərə plaket təqdim olunub. Beynəlxalq elmi bazalarda məqalə nəşr etdirən digər müəllimlər isə diplom ilə təltif ediliblər.
|
|
14.07.2023 | 15:14 | |
|
|
|