“Peşə təhsili və insan kapitalı” jurnalının yeni sayında | |
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” jurnalının yeni sayı (2023, cild 6, №2) işıq üzü gördü. Jurnalın oxucuları bu sayda pedaqogika, iqtisadiyyat, texnika, metodika və digər bölmələr üzrə maraqlı məqalələr və metodiki yazılarla tanış ola biləcəklər.
Jurnalın ilk səhifələrində Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğısından bəhs edən “Heydər Əliyevin təhsil siyasəti” adlı məqalə yer alıb. Məqalənin müəllifi, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqoji elmlər doktoru Kamal Camalov Heydər Əliyevin Azərbaycanın təhsil sisteminin inkişafına ayırdığı diqqət və qayğısını tədqiq-təhlil obyektinə çevirərək Ümummilli Liderin bu sahədəki misilsiz xidmətlərini oxucuların nəzərinə çatdırmışdır.
“Pedaqogika” bölməsi üzrə dərc olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor Əbülfət Pələngovun “Peşə təhsilində informasiya-kommunikasiya texnologiyalarının rolu” adlı məqaləsində Azərbaycanda İKT-nin inkişaf dinamikası, onun peşə və texniki təhsilə, ümumilikdə təhsil sisteminə daxil edilməsinin təlim və öyrənmək üçün genişspektrli nəticələrə malik olması vurğulanır.
Həmin bölmə üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Rəfail Cəfərovun dərc olunan “Bədii məmulatların istehsalında tətbiq edilən ağac növləri, onların kimyəvi, fiziki, mexaniki xassələri və teksturası” adlı məqaləsində oxucular dekorativ-tətbiqi incəsənətin müxtəlif sənət nümunələri haqqında, bu sahələrdə istifadə olunan qiymətli ağac növləri, əsas xüsusiyyətləri, onların sənayedəki əhəmiyyəti və keyfiyyətinin təyin edilməsi zamanı bu növlərin önəmli rol oynaması barədə maraqlı faktlarla tanış ola bilərlər.
“İqtisadiyyat” bölməsi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun elmlər doktoru üzrə dissertantı Famil Niftiyevin “Dayanıqlı inkişafda insan kapitalının qiymətləndirilməsi” adlı dərc olunan məqaləsində Azərbaycanda insan kapitalının dünyadakı mövqeyi təhlil olunaraq insan kapitalının prioritetlərinin həyata keçirilməsi yolları, dayanıqlı inkişafda insan kapitalının qiymətləndirilməsi, eləcə də alimlərin dayanıqlı inkişafla bağlı fikirləri öz əksini tapmışdır.
Bu bölmə üzrə dərc olunan “Asimmetrik informasiya şəraitində elektron ticarətin inkişafı” adlı məqalədə müəllif, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Elmar Əhmədov Azərbaycanda başlanğıc mərhələsində olan elektron ticarətin inkişafında qarşıya çıxan maneələr və problemlərin həlli yollarını araşdırmış, elektron ticarətlə bağlı dünya təcrübələrinin təhlilini vermişdir.
Jurnalın “Texnika” bölməsində oxucular Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Ənvər Ahəngari və həmin kafedranın baş müəllimi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Naridə Zülfüqarovanın birlikdə yazdıqları “Avtomobillərin idarə edilməsinin avtomatlaşdırılması şəraitində yol hərəkətinin təşkili” məqaləsi ilə tanış olacaqlar. Məqalədə “sürücü-avtomobil-yol-mühüt” sisteminin elementlərinin təhlilindən, “ağıllı nəqliyyat” sistemlərinin inkişafında aparıcı yer tutan avtomobillərin idarə edilməsinin avtomatlaşdırılmasından, bu sahədə istifadə olunan terminlərin terminoloji problemlərindən danışılır.
“Beynəlxalq əlaqələr (layihələr, təcrübələr)” bölməsində müasir dövrdə işəsaslı öyrənmə təcrübələrinin gücləndirilməsi və genişləndirilməsi istiqamətində görülən beynəlxalq tendensiyaların təhlilini verən Azərbaycan Respublikası Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin baş mütəxəssisi, emal sənayesində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının üzvü, BƏT və GİZ-in Azərbaycandakı eksperti, kurikulum üzrə ekspert Leyla Vahabova “Peşə təhsilində Dual sistems modeli” adlı məqaləsində ölkəmizdə səriştəli mütəxəssis hazırlığında Dual Təhsil Proqramının həyata keçirilməsinin əhəmiyyətindən bəhs edir. Oxucular bu məqalədə proqram çərçivəsində respublikada beynəlxalq və yerli layihələr üzrə bölgələrdə keçirilən təlimlər, bu təlimlərin mütəxəssis hazırlığındakı rolunun əhəmiyəti və səmərəliliyi barədə tanış ola bilərlər.
Jurnalın “Metodika və innovasiyalar” bölməsində peşə seçiminə təsir edən amillərin araşdırılmasının vacibliyi Azərbaycan Respublikası Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin aparıcı mütəxəssisi Səlimə Quliyevanın “Peşə seçimində rol oynayan amillər” adlı məqaləsində öz əksini tapıb. Məqalədə təqdim edilən təkliflər (övladlarının sağlam karyera inkişafı üçün valideynlərə verilən) və tövsiyələr (müəllimlərə edilən), inanırıq ki, oxucularımız üçün də maraqlı olacaq.
Ümumilikdə “Peşə təhsili və insan kapitalı” jurnalının yeni sayında Aynur Kərimovanın “Musiqi estetikasının parametrləri estetik tərbiyənin vasitəsi kimi”, Nuridə Quliyevanın “Təhsilalanların milli ruhda tərbiyə edilməsində müəllim şəxsiyyətinin rolu və təkmilləşdirilməsi”, Lalə Allahverdiyevanın “Kompetensiya insan resurslarına yeni yanaşmanın təzahürü kimi”, Aynur Qasımovanın “Ali pedaqoji təhsilin məzmununun təkmilləşdirilməsinin tarixi aspektləri”, Zənurə Əliyevanın “İnşaat materialları sənayesi müəssisələrində rəqabətqabiliyyətliliyin daxili və xarici amillərinin təhlili”, Yasəmən Quluzadənin “İxracın səmərəliliyinin qiymətləndirilməsi”, Gülnarə Hüseynova və Səbinə Hacıyevanın “İdarəetmə modellərinin müqayisəli təhlili”, Niyazi Nəcəfovun “Arı ailələrinin qışa hazırlanması”, Allahverdi Şərifov və Lamiyə Xəlilovanın “Beynəlxalq avtomobil yük daşımalarında sürücü peşəkarlığının əhəmiyyəti”, Royal Allahverdiyevin “Nəqliyyat şəbəkəsinin AnyLogic proqramı vasitəsilə modelləşdirilməsi”, İradə İbrahimova və Qadir Qafarovun “Ürək-damar sisteminin differensial diaqnostikası”, Gülbəniz Şirinbəyovanın “Peşə təhsilinin əmək bazarının tələblərinə uyğun təşkilinin üstünlükləri” adlı məqalələri də oxuculara təqdim olunub.
İnanırıq ki, oxucularımız jurnalın səhifələrini bəzəyən bu məqalələrdən bəhrələnəcək və öz fəaliyyətlərində tətbiq edəcəklər.
Günel ƏLƏSGƏROVA, “Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru
|
|
16.07.2023 | 10:27 | |
|
|
|