NASA 5 min qalaktikanın 3D vizual təsvirini və ulduz doğuşu prosesini nümayiş etdirib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli Agentliyi (NASA) bu günədək ən mükəmməl kosmik teleskop olan “James Webb”in çəkdiyi 5 min qalaktikanın 3D vizual təsvirini və ulduz doğuşu prosesini nümayiş etdirib.

 

NASA-nın saytı xəbər verir ki, kainatın 3D vizual görüntüsü Genişləndirilmiş Qrup Zolağı kimi tanınan bölgədən məlumat toplayan CEERS (kosmik təkamülün erkən yayılması elmi) çərçivəsində aparılan tədqiqatın kiçik bir hissəsində təxminən 5 min qalaktikanı təsvir edir. Astronomlar bildiriblər ki, kamera nöqteyi-nəzərimizdən uzaqlaşdıqca, məlumat bazasına hər saniyə 200 milyon işıq ili səyahət əlavə olunur. Video böyük partlayışdan cəmi 390 milyon il sonra və ya təxminən 13,4 milyard il əvvəl əmələ gələn “Maisie's Galaxy”də bitir.

 

Kosmik fəzaya buraxılmasının birinci ildönümünü qeyd edən “James Webb” teleskopu kainatın heç vaxt görünməmiş fotoşəkillərini yaymaq üzrə vədini yerinə yetirib. Belə ki, NASA onun lentə aldığı “Rho Ophiuchi” bulud kompleksində ulduz doğuşu prosesini yayımlayıb.

 

NASA-nın inzibatçısı Bill Nelson bildirib: “James Webb” cəmi bir il ərzində bəşəriyyətin kosmosa baxışını dəyişdirdi, toz buludlarına baxdı və ilk dəfə olaraq kainatın uzaq guşələrindən gələn işığı gördü. Hər yeni təsvir yeni bir kəşfdir və dünyanın müxtəlif ölkələrindən olan elm adamlarına əvvəllər ağıla belə gəlməyən sualları soruşmaq və cavablandırmaq imkanı verir. Bu teleskop Amerika innovasiyasına qoyulan sərmayədir, eyni zamanda, mümkün olduğu bilinən şeylərin sərhədlərini aşmaq üçün NASA-nın beynəlxalq tərəfdaşları ilə olan elmi nailiyyətdir. Minlərlə mühəndis, alim və lider bu missiya üzrə səylər göstəriblər və onların əməyi sayəsində kainatın mənşəyi və bizim orada yerimizi anlamaq istiqamətində fəaliyyətlər davam edəcək".

 

“James Webb”in göndərdiyi yeni fotoşəkil Yer kürəsinə ən yaxın ulduzun əmələ gəldiyi 390 işıq ili məsafəsində olan bölgəni əks etdirir. NASA-nın Elm Missiyasının köməkçi inzibatçısı Nikola Foks bununla bağlı deyib: “Teleskop birinci ildönümündə kainatı açmaq vədini yerinə yetirdi, bəşəriyyətə onilliklər boyu davam edəcək nəfəs kəsən şəkillər və elm xəzinəsi bəxş etdi. Dünyanın aparıcı alimləri və mühəndisləri tərəfindən qurulmuş mühəndislik möcüzəsi olan “James Webb” bizə qalaktikalar, ulduzlar və günəş sistemimizdən kənarda olan planetlərin atmosferləri haqqında həmişəkindən daha mürəkkəb anlayış verdi və NASA-nın dünyada liderlik etməsi üçün zəmin yaratdı. Hazırda elmi kəşflərin və yaşayış üçün əlverişli dünyaların axtarışının yeni dövrü başlayır”.

 

Teleskopun fotoşəkilində təxminən 50 gənc ulduzun doğduğu bir bölgə göstərilir, onların hamısının kütləsi Günəşə bənzəyir və ya daha kiçikdir. Ən qaranlıq yerlər ən sıx yerlərdir, burada qalın toz hələ də proto-ulduzları əmələ gətirir. Qırmızı rənglə təmsil olunan molekulyar hidrogenin nəhəng bipolyar hissələri təsvirdə üstünlük təşkil edir. Bu, bir ulduzun ilk dəfə kosmik tozdan ibarət doğuş prosesidir. Ulduzun ətrafında parıldayan toz mağarası var. Yeni doğulan ulduz Günəşdən əhəmiyyətli dərəcədə böyükdür.

 

Azərtac

 

 



13.07.2023 | 15:21