Tələbələrimiz beynəlxalq “Harmony” müsabiqəsində uğur qazanıblar

Gürcüstanın Gürcü Folkloru və Klassik Musiqi İttifaqının təşəbbüsü ilə  Borjomi şəhərində keçirilən  Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqə-Festivalına yekun vurulub. Üçüncü dəfə keçirilən müsabiqə-festival böyük əhəmiyyət kəsb edib. Belə ki, əsas məqsəd müxtəlif ölkələrin milli mədəniyyətlərinin təbliğindən və istedadların üzə çıxarılması, gənclər arasında təcrübə mübadiləsindən ibarət olub.

 

Müsabiqəyə Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan, Polşa, Qazaxıstan və digər ölkələrdən olan iştirakçılar qatılıb. Beynəlxalq “Harmony” müsabiqəsində ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə-müəllim heyəti təmsil edib. 

 

Akademiyanın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim Nərminə Quliyevanın yüksək peşəkarlığı nəticəsində festivalda nailiyyətlər əldə  olunub. Festivalda Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyəti -fortepiano orqan və klavesin kafedrasının dosenti Tofiyə Cavadova, baş müəllim Lalə Atakişiyeva, “Simli alətlər” kafedrasının baş müəllimi Pərvanə Xanlarova (konsertmeysteri Nigar Məmmədova), “Sabah” qrupunun xoru (bədii rəhbər Dimitri Babayev) və fortepiano fakültəsinin üçüncü kurs tələbələri Fatimə Hacızadə, İlqarə Talıbova, Fidan Yunus Azərbaycan klassik musiqi mədəniyyətinin incilərini uğurla nümayiş etdiriblər.

 

Onlayn formatda  keçirilən müsabiqədə Akademiyanın fortepiano fakültəsinin II kurs tələbəsi Aygül Mahmudova II , (müəllim Nilufər Tabasaranskaya), I kurs tələbəsi Nuray Əliyeva III,  (müəllim professor Kəmalə Neymanova), III kurs tələbəsi Zərifə Hasilova III yerləri (müəllim professor Afaq Rüstəmova) qazanıblar.

 

Sifai SƏFƏROVA

 

 

 



13.07.2023 | 11:16