Bu gün 18 mindən artıq abituriyent imtahan verir | |
8 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (II cəhd) keçirilir.
DİM-dən bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda 76 imtahan binası, 1387 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 76 ümumi imtahan rəhbəri, 229 imtahan rəhbəri, 1733 nəzarətçi–müəllim, 236 buraxılış rejimi əməkdaşı, 76 bina nümayəndəsi ayrılıb.
İmtahanda 18623 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlərdən 16942 nəfər Azərbaycan, 1681 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 4720 nəfəri oğlan, 13903 nəfəri isə qızdır. 16358 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2265 nəfər əvvəlki illərin məzunudur. 39 nəfər ali təhsil müəssisələrinin, 361 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 72 abituriyent xarici ölkələrin vətəndaşıdır.
İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 22 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
|
|
08.07.2023 | 10:00 | |
|
|
|