Təhsil ömürboyu öyrənməkdir

“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Dünya Təhsil Forumunun direktoru Dominik Savaj olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 26 iyun 2023-cü il tarixində yayımlanan bölümündə təhsil nəhəngi ilə daha təhsilli gələcək barəsində danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Yenilənmək prosesi

 

Gorüşün aparıcısı Cəfər Mənsimi qonağı salamlayaraq izləyicilərə yaxından təqdim edib. Bildirib ki, Dominik Savaj Dünya Təhsil Forumunun direktorudur. Dünya Təhsil Forumu dünyada təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısıdır. Hər il Londonda keçirilən Dünya Təhsil Forumunda dünya əhalisinin 80 faizindən çoxunu təmsil edən nazirlər və onların baş məsləhətçiləri gələcək təhsil siyasətini müzakirə etmək üçün bir araya gəlirlər. Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev cari ildə baş tutan Dünya Təhsil Forumunda “Təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı plenar sessiyada çıxış edib. Dominik Savaj otuz ildən çox Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru olub. Dünyada bir çox əsas təhsil tədbirlərinin təşkilatçısı olan D.Savaj BETT və Təhsil şousunu da təsis edib. Uzun illər Böyük Britaniyanın müxtəlif təhsil komitələrinin, Böyük Britaniya Hökumətinin Təhsil Texnologiyaları üzrə Fəaliyyət Qrupunun və Beynəlxalq Təhsil Şurasının üzvü olub, habelə İqtisadi və Sosial Araşdırmalar Şurasının təhsil tədqiqatları üzrə qrantlar komitəsinin üzvü kimi fəaliyyət göstərib.

 

C.Mənsiminin “Sizin təsis etdiyiniz Təhsil Texnologiyaları Beynəlxalq Tədbirinin 2023-cü il üzrə əsas mövzusu yenilənməklə əlaqəlidir. Sizin özünüzü yeniləmək prosesiniz necə başlayıb və necə davam edir?” sualına cavabında qonaq bildirib ki, onun üçün yenilənmə birinci olaraq Dünya Təhsil Forumu və bu forumda təhsil sahəsində olan nazirlər, mütəxəssislər, aparıcı ekspertlərin bir araya gəlməsi ilə, ikinci isə idarə heyətinin sədri olduğu London Orta Məktəbində baş verən proseslər, yeniliklərlə bağlıdır.

 

Forum rəhbəri təhsildə təbliğ etdiyi əsas ideyanın dünyaya zehnən açıq olmaq, yaradıcılığı, öyrənmək həvəsini dəstəkləmək, həyatda bilmədiyimiz sahələri kəşf etmək, öyrənməkdən ibarət olduğunu vurğulayıb.

 

Müəllim dəyişiklik yaradıcısıdır

 

Qlobal Təhsil Forumunun ilk sloqanı olan “Gənc beyinləri hərəkətə gətirmək” fikrinin müəllifi D.Savaj gənc beyinləri hərəkətə gətirmək üçün təhsil ekosistemində hansı imkanların olması barədə suala aydınlıq gətirib. O qeyd edib ki, burada ən böyük resurs müəllimlərdir: “Biz müəllimləri həm texnoloji, həmçinin ixtisasartırma tərəfdən dəstəkləməliyik. Gənclərdə dəyişiklik yarada bilmələri üçün müəllimlərin təkmilləşməsinin sonu olmamalıdır”.

 

Dominik Savaj şagird və müəllimlərin qarşlıqlı sual vermək bacarığının önəmini qeyd edərək London Orta Məktəbində sual vermək məsələsinin dərsin strukturuna daxil edildiyini diqqətə çatdırıb. Qonağın fikrincə, sual vermək dərsin strukturuna daxil edildikdə şagirdlərin daha yaxşı öyrənməsinə gətirib çıxarır. Müəllim dərsin məqsədini sinfə bəyan etdikdən sonra bütün şagirdlərin başa düşdüyünü aydınlaşdırmaq üçün şagirdlərə, şagirdlər də mövzu ilə bağlı müəllimə suallar verməlidirlər. Eyni zamanda şagirdlər onları maraqlandıran məqamları araşdırmalı, öz sualları üzərində ilk növbədə özləri düşünməlidirlər.

 

Ömürboyu öyrənmə

 

Aparıcının “Xeyli müddətdir ki, siz Qlobal Təhsil Forumuna rəhbərlik edərək təhsil nazirlərinin müzakirələrinə şahidlik edirsiniz. Bu müzakirələrin fonunda gələcəyimizin daha təhsilli olacağı üçün hansı əsaslar var?” sualına cavabda forumun direktoru müzakirələr əsnasında problemlərin oxşar olduğunu deyib: “Forum həmin problemləri incələmək imkanı verir. Təhsilin tutarlı olub-olmamasının dünyadakı iqtisadi inkişafla birbaşa əlaqəsi var. Bu əlaqə artıq danılmazdır və hamı tərəfindən qəbul edilir. Yəni, gənc nəslin mövcud imkanlardan nə qədər faydalanmaq bacarığının olduğunu aşkarlamaq lazımdır. Mənim təhsillə bağlı inamlı danışmağıma digər bir səbəb odur ki, əvvəlki dövrlərdən fərqli olaraq biz zamanımızda təhsilin səmərəliliyi haqqında daha aydın şəkildə fikir söyləyə, qiymətləndirmə edə bilərik. İnnovasiyaların, yeniliklərin, çağdaş irəliləyişlərin nə dərəcədə təsirli olub-olmamağını təhsilin timsalında qiymətləndirə bilərik. Ölkələrdə nəyisə ixtira etməyə ehtiyac yoxdur. Artıq qiymətləndirmə metodologiyası, yolları mövcuddur”. 

 

Dominik Savaj Qlobal Təhsil Forumunda heç zaman hansısa bir fikri təbliğ etmədiklərini, təhsillə bağlı zamanın nəbzini tutmağa, fikir mübadiləsi aparmağa çalışdıqlarını bildirib. Qlobal Təhsil Forumunun sənaye tərəfdaşları ilə kollaborativ əməkdaşlıq formasında problemlərin həllinə köməklik göstərilir. Qonaq hesab edir ki, hər hansı problemin həlli ölkənin vəziyyətinə, onun ehtiyaclarına görə uyğunlaşdırılmalıdır.

 

Şagirdlərin ömur boyu öyrənməyə hazırlanmasından bəhs edən forum sədri məktəbdə 10-11 ilə öyrədilən fənlərlə təhsilin bitmədiyini vurğulayıb. Onun sözlərinə görə, təhsil ömürboyu öyrənmə deməkdir. Xüsusilə zamanımızda yeni səriştələrə, biliklərə sahiblənmək, tez-tez iş yerini dəyişmək kimi zərurətin yarandığına diqqət çəkən Savaj təhsil sisteminin də bunu təbliğ etməli olduğunu deyib: “Təhsil yeni pəncərələrin, üfüqlərin açılmasıdır, yeri gələndə birlikdə tədqiqat, təcrübə mübadiləsi aparmaq, hansısa layihələrə qoşulmaq, yeni səriştələrə yiyələnmək kimi bir səyahətdir, yoldur. Bu yolu qəth etmək üçün təhsil gərək sadalanan bacarıqları təmin etsin”.  

 

Öyrənmə mədəniyyətinin qidalanması

 

C.Mənsiminin “Qlobal Təhsil Forumunun cari mövzularından biri “Öyrənmə mədəniyyətinin qidalandırılması” idi. Bu istiqamətdə atılmalı olan addımları xülasə etsəniz nə demək olar?” sualını cavablandıran D.Savaj öyrənmə mədəniyyətinin bəslənməsində fərdi, individual, həmçinin də qrup şəklində öyrənmənin yer aldığını qeyd edib. Yəni, sinif şəraitində qrup şəklində öyrənmək bacarığı təmin edilməlidir. Burada fərdlər öz güclü cəhətlərindən istifadə etməyi bacarmalıdır. Qonaq mövzuya misalla aydınlıq gətirərək deyib: “Sinfi qruplara bölürsünüz, bir qrupda 4-5 uşaq var və hər qrupa bir tapşırıq verirsiniz. Qrup məşvərət etdikdən sonra layihənin nəticələrini təqdim etməlidir. Və təsəvvür edin ki, bu qrupda utancaq bir uşaq var. Onun məruzə etmək, açıq danışmaq, fikir söyləməklə arası yoxdur. Digər tərəfdən onun nəyisə tətqiq etmək, araşdırmaq qabiliyyəti güclüdür. Utancaq şagird 4-5 nəfərdən ibarət kollektivin bir hissəsi kimi qrupa öz töhfəsini verir. Digər tərəfdən daha açıq fikir söyləyən, utanmayan bir şagirddən məruzə etməyi öyrənir. Məruzə edən şagird isə ondan tədqiqat etmək qabiliyyətini öyrənir. Bu, artıq qarşılıqlı öyrənmə fəaliyyətinə çevrilir və bütün iştirakçılar üçün faydalı olur”.

 

Dominik Savaj azad, sərbəst kollektiv mühitinin mövcudluğunun sinifdə hiss edilməsi üçün müəllimin kənara çəkilib şagirdlərin qarşılıqlı mübadiləsini müşahidə etməsini tövsiyə edib. Savaj bildirib ki, şagirdlərə daha çox imkan vermək, onlara daha çox şərait yaratmaq, kənardan müşahidə etmək və lazım gələndə tənzimləmək müasir təhsildə müəllimlərin dəyişən rolunun elementlərindən biridir.

 

Öyrənmə mədəniyyətinin özünəməxsusluğu və təhsil prosesində yaratdığı dəyişikliklər haqqında bəhs edən qonaq vurğulayıb ki, bu, əsasən, sinif otağında baş verən dəyişikliklə, həmçinin də müəllimin rolunun dəyişikliyi ilə ifadə olunur. Ənənəvi tədris mühitində müəllim sinif qarşısında dayanıb dərs aparırdı, təqdimat edirdi və s. İndi isə bu prosesdə daha çox şagirdlər rol almaqdadırlar. Onlar layihə araşdırır, təqdimatlar edirlər. Bu da fundamental olaraq tədris prosesini gələcəyə doğru dəyişikliklərə aparır.

 

Müəllimlər arasında əks rabitə

 

COVID-19 pandemiyasının təhsilə vurduğu ziyanın çox sarsıdıcı və miqyaslı olduğunu qeyd edən Savaj pandemiya şəraitində inanılmaz təhsil təcrübələrinin yarandığına da diqqət çəkib. Bu mənada o rəhbərlik etdiyi London Orta Məktəbində vaxtında görülən operativ işlər, qazanılan uğurlu təcrübələr haqqında ətraflı məlumat verib. 

 

Qlobal Təhsil Forumunun direktorunun fikrincə, təhsilin bütün ölkələrin gündəmində yer alması üçün onun nəticələrinin bəhrələrini daha aşkar şəkildə bəyan etmək lazımdır. O qeyd edib: “Yaxşı təhsil daha yaxşı məşğulluq, daha xoşbəxt, vəziyyətindən məmnun olan insanlar deməkdir. Nəticə etibarilə biz elə etməliyik ki, təhsil siyasi qərarların yer aldığı gündəmdə başlıca məsələlərdən olsun”.

 

Müəllimlərin daha da təkmilləşdirilməsinin təhsildə əsas yer tutduğunu deyən qonaq London Orta Məktəbində tətbiq etdikləri təcrübəni izləyicilərlə paylaşıb. Məktəbin müəllimlərini müşahidə etmək məqsədilə kənardan digər müəllimlərin dəvət edildiyini diqqətə çatdıran qonaq sonradan onların rəy və mülahizələrini biri-birilə paylaşdıqlarını və nəticədə əks rabitə sisteminin yarandığını, fikir mübadiləsi həyata keçirildiyini deyib. Savaj bu təcrübənin qarşılıqlı öyrənmə ilə yanaşı müəllimlərə bir dəstək, həvəsləndirmə üsulu olduğunu və özünü tam mənada doğrultduğunu vurğulayıb. 

 

Təhsildə uğur qazanmış ölkələrin ortaq xüsusiyyətləri barədə verilən suala aydınlıq gətirən Dominik Savaj həmin ölkələrin ilk növbədə təhsilin inkişafı ilə bağlı uzun müddətli strategiyaya malik olduğunu, onların müəllimlərlə bağlı tələblərinin tez-tez dəyişmədiyini, müəllimlərin dəyişən təsirə məruz qoyulmadığını sadalayıb. Qonağın sözlərinə görə, uğurlu təhsil sisteminə sahib olan ölkələr daha çox fərdi şəkildə səlahiyyətləndirmə həyata keçirirlər, məktəbdə çalışan müəllimlərin daha çox səlahiyyətləndirilməsinə yer ayırırlar. Bu ölkələr kifayət qədər ciddi şəkildə məktəb liderlərinin inkişafına, səmərəli müəllimlərin formalaşmasına sərmayə yatırır, resurs ayırırlar.

 

ChatGPT - imkan, yoxsa təhdid?

 

C.Mənsiminin qonağa ünvanladığı “Süni zəka təhsildə hansı yeni düşüncə tərzi formalaşdırır və ya hansı düşüncə tərzinin dəyişməsini tələb edir? ChatGPT təhsil prosesi üçün bir imkandır, yoxsa təhdiddir?” sualını forum rəhbəri özünəməxsus şəkildə cavablandırıb. Süni zəkanın yalnız müsbət nəticələr yaratdığı məqamları vurğulayan təsisçi ChatGPT-dən faydalı istifadənin yollarını izləyicilərlə bölüşüb. D.Savaj deyib: “Müasir texnologiyalar bizə lazım olan fərdi yaradırlar. Müəllimi lazımi məlumatlarla, verilənlərlə təmin edirlər. Süni zəkanın ikinci müsbət təsiri müəllimlərin özlərini gücləndirilməsindən ibarət olacaq. Müəllimlər daha təkmilləşmiş və mütərəqqi olacaqlar. Müasir texnologiyalar, süni zəka müəllimlərə öz işinin daha da mahir peşəkarı, eksperti olmaq baxımından əlavə imkanlar qazandıracaq. O ki qaldı ChatGPT-yə, ChatGPT-nin imkanlarını düzgün şərh etmək, anlamaq vacibdir. Çünki şagirdlər ChatGPT-dən istifadə edərək onun hasil etdiyi nəticələri və cavabları öz cavabları kimi qələmə verə bilərlər. Kembric Universitetində bir professor dostum var. ChatGPT-nin yaratdığı xof, qorxu onda o qədər böyükdür ki, o, şagirdin ChatGPT üzərindən köçürüb-köçürmədiyini aydınlaşdırmaq, əlamətləri aşkarlamaq məqsədilə imtahan suallarının hamısını ChatGPT-dən keçirib. Mən onun yerinə olsaydım tapşırığı verərdim və şagirdlərə deyərdim ki, “ChatGPT-dən istifadə edin, ardınca ChatGPT-nin hasil etdiyi cavabı verifikasiya edin, yoxlayın, konkret misallarla sübut etməyə çalışın. Onun verdiyi cavabı siz daha da ətraflı şəkildə tətqiq edin, əsaslandırın, yoxlayın və konkret misallarla mənə göstərin”. Məncə bununla biz ChatGPT-nin zərər verməsinə yol vermədən imkanlarından daha yaxşı istifadə edərik”.

 

2022-ci ildə Qlobal  Təhsil Forumunun mövzularından birinin texnoloji vasitə və cihazların əlçatan olması ilə əlaqəli olduğunu yada salan qonaq bəzi nazirlərin “kompüterin birinin qiyməti 200 dollar olarsa vəziyyəti dəyişmək olar” təklifi irəli sürdüyünü qeyd edib. Tərəfdaş olduqları şirkətlərdən biri tərəfindən nazirlərin çağırışına cavab olaraq artıq 200 dollara uşaqlar üçün kifayət qədər keyfiyyətli kompüterlər istehsal olunduğunu diqqətə çatdıran Savaj bu məqamı “həmin ehtiyacın qarşılanması baxımından forumun verdiyi bir töhfə” adlandırıb. O, vurğulayıb: “Təhsildə innovativ yanaşma, simulyasiya olunacaq şəraitin, öyrənmə mühitinin yaradılması üçün vasitələr birmənalı olaraq əlçatan olmalıdır ki, şagirdlər və onların ailələri bunları özlərinə rəva görə bilsinlər”.

 

Təhsilin yaşıllaşdırılması və yaxşılaşdırılması

 

Təhsilin yaşıllaşdırılmasının təhsil prosesinin yaxşılaşdırılmasına nə dərəcədə xidmət etməsi məsələsinə toxunan Savaj burada uşaqların böyük fərq yarada biləcəyini dilə gətirib. Bildirib ki, məktəbdə bu ideyalar, fikirlər aşılansa onlar öz  valideynlərinə də təsir edəcəklər. Bəzi insanların planeti istismar etdiyini deyən qonaq belə yanaşmanın dəyişməsində uşaqların böyük təsiri ola biləcəyini qeyd edib.

 

Şagirdlərin məktəbdə özlərini xoşbəxt hiss etməsi üçün Domininik Savaj idarə heyətinin sədri olduğu London Orta Məktəbində tətbiq edilən başlıca prinsip haqqında danışıb. Məktəb rəhbəri bu prinsipin adının RUAH (respect, understanding, affection, humour), yəni “hörmət, anlayışlı davranma, sevgi ilə yanaşma (məhəbbət) və yumor olduğunu deyib.  4 kəlmənin baş hərflərindən ibarət olan söz London Orta Məktəbinin şüarıdır və orada bütün münasibətlərə RUAH deyilən prizmadan baxılır. 1-ci söz “Respect” - məktəbdə olan bütün müəllimlərə, şagirdlərə, inzibati, rəhbər  heyətə, hər kəsə hörmət və ehtiramla yanaşma. 2-ci söz “Understanding” - fərqli düşüncələrə, fərqli insanlara, məktəbdə fiziki imkanları məhdud olan uşaqlara anlayışla yanaşmadır. 3-cü söz “Affection” - digər şagird və müəllimlərə can yandırma, empatiya, rəğbət hisslərinin bəslənməsidir. 4-cü çox zəruri olan “Humour” - “yumor hissi olmasa digər qalan hisslər də baş tutmaz” anlamındadır.

 

Öz liderlik təcrübəsinə əsaslanan Dominik Savajın qlobal uğur əldə etmək istəyənlərə tövsiyəsi belə olub: “Hər hansı bir məlumat, informasiya əsaslı qərar qəbul etmədən öncə tələsməyin. Çalışın tələsdiyiniz zaman belə digərlərini dinləyib məhz məlumatlar əsasında qərar verəsiniz və bu mənada cəsur olun. Digər tərəfdən də uğursuzluqla üzləşməkdən qorxaraq geri çəkilməyin”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında Dominik Savaj aşağıdakı çağırışları sadalayıb: “1.Uşaqların xoşbəxtliyinə nail olmaq, onları xoşbəxt etməyə çalışmaq, onların xoşbəxtliyinə əmin olmaq; 2.Müəllimlərin yeni çağırışlara hazır olması üçün onların təlimləndirilməsi; 3.Kreativliyin, yaradıcılığın təşviq olunması; 4.Təhsillə bağlı olan məsələlərin mütləq olaraq sənaye və ticarətlə əlaqələndirilməsi. Biz bilməliyik ki, sənaye, ticarət məşğulluq baxımından bizdən nələri tələb edir. Bunu nəzərə alaraq şagirdlərimizi hazırlayaq ki, həmin bacarıqlar şagirdlərə lazım olsun; 5.Yeni texnologiyaları və süni zəkanı qəbul etmək, onunla ayaqlaşmaq; 6.Yeni texnologiyanın yaratdığı məhdudiyyətlərin, təhlükələrin nəzərə alınması, “fake news” dediyimiz saxta xəbərlərə uymamaq. Məhdudiyyətlərdən kənara çıxmaq baxımından işlərin görülməsi; 7.Şagirdin müstəqil öyrənməyə sövq edilməsi; 8.Təhsilin müstəsna rolunu nəzərə alaraq cəmiyyətin inkişafı”. Dünya Təhsil Forumunun rəhbəri ünsiyyətdən olduqca zövq aldığını bildirərək Azərbaycanda təhsilə qayğı göstərənlərə, təhsil üçün can yandıranlara uğurlar diləyib.

 

Görüşün sonunda “T-Network”ün rəhbəri Cəfər Mənsimi Dominik Savajın “Gənc beyinləri hərəkətə gətirmək zamanıdır” fikrinə əsaslanaraq “əsas çağırışlardan biri də nəyisə ürəkdən istəmək və buna doğru səy göstərməkdir” cümləsi ilə proqramı yekunlaşdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



07.07.2023 | 13:11