Naxçıvan Dövlət Universiteti: yeni inkişaf mərhələsində daha mütərəqqi layihələrlə | |
Qalib ölkənin inkişaf edən ali məktəbi olan Naxçıvan Dövlət Universitetinin geridə qalan tədris illəri üzrə əldə etmiş olduğu nailiyyətlərinin əhatəsi genişlənməkdədir. Dövlətin sosial və iqtisadi sahələr üzrə həyata keçirdiyi layihələr, bu sahədə davam etdirilən islahatlar və onların əhatəsinin şaxələndirilməsi elm, tədris, təcrübə, inteqrasiya və mübadilə istiqamətlərinin etibarlılığı, ali məktəbin çoxistiqamətli fəaliyyətinin mahiyyətini ifadə etməkdədir. Elmi və nəzəri baxımdan olduqca əhəmiyyətli olan proseslər universitetin qarşıdakı illər üzrə daha mütərəqqi nəticələrinin əldə olunmasına təminat verəcəkdir. Hazırda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də, yeniliklərin, innovativ və texnoloji təminatların mövcud olmasına ehtiyac artmaqdadır. Bu, hər şeydən əvvəl sosiallaşma proseslərinin daha da aktuallığını artırmış olan reallığı, iqtisadi resurslardan səmərəli istifadə edilməsi sahəsində müəyyən olunan prioritetlərin əlçatanlığı, gələcək dövrlər üzrə ixtisaslaşmış kadr potensialının təşəkkülünün gerçək ifadəsi olmaqla, bütövlükdə, çağdaş təhsilimizin yeni keyfiyyət mərhələlərinin etibarlı təməlini müəyyən etməkdədir. Bunu, Naxçıvan Dövlət Universitetinin istər beynəlxalq əməkdaşlıqlarının daha dinamik olaraq, davamlılığında, iqtisadi, sosial, tibbi və digər mövzular üzrə ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda, daha mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək olar. Xüsusilə də, 2022-ci ilin iyun ayında Birinci Tibbi Forumun keçirilməsi və burada 7 ölkədən 350 nümayəndənin və ümumilikdə, 700-dən artıq iştirakçının qatılmış olması, eyni zamanda, Forumun, daha çox universitetimizin bu sahə üzrə mütəxəssislərinin motivasiya olunması üçün də olduqca əhəmiyyət kəsb etmişdir.
Bu tədbirlərin davamlılığı istiqamətində ali məktəbimizdə həyata keçirilən tədbirlər, xüsusilə də, yaradıcı ideya və təşəbbüslərin məhsuldarlığını daha da artırmışdır. Həmin nailiyyətlərin tərkib hissəsi olaraq, Naxçıvan Dövlət Universitetinin tələbələrinin “Robotex Türkiyə 2023” festivalının qalibləri olaraq birinci yerə çıxmasını da qeyd etmək olar. Bu sahədə növbəti uğurlardan biri olaraq, qeyd etmək olar ki, Naxçıvan Dövlət Universiteti (1001+) Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alması xəbərini də eşitdik və bu, ali məktəbimizin professor-müəllim heyətinin, elmi ictimaiyyətin və pedaqoji mühitin qürurla qarşılamış olduğu uğur oldu.
Ali məktəbin yeni inkişaf mərhələsində Texnopark quruculuğuna, STEAM təhsilinə, ikili diplom layihələrinə və bunlar kimi digər perspektivlərinə diqqət etdikdə, qarşıdakı dövrlərdə daha mühüm mövqelərdə təmsil olunacağını deməyə əsaslarımız olur.Təbii olaraq, bütün bunlar, artıq dayanıqlı tədris perspektivləri ilə reallığa qovuşmaqdadır. Xüsusi olaraq qeyd olunanlar, universitetin bütün bu istiqamətlər üzrə uğurlarının əhatəsinin genişləndirilməsinə səbəb olmaqla, daha perspektivli nailiyyətlərin qazanılmasına əsaslı zəmin açmaqdadır. Məhz həmin perspektivlərin iqtisadi mahiyyəti ilə yanaşı, eyni zamanda, hüquqi əsaslarının yaradılması sahəsində də əsaslı işlər görülməkdədir.
Bütün bunlar, Naxçıvan Dövlət Universitetinin keçən mərhələlər üzrə əldə olunan potensialının gerçək ifadəsini təşkil etməkdədir. Qarşıdakı dövrlər üzrə bu potensial üzərində daha mütərəqqi hədəflər müəyyən olunmuşdur. Belə ki, 5 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət proqramının 4.1.9.Prioritet 9.“İnsan kapitalının inkişaf” bəndində elm və təhsilin dinamik inkişafı sahəsində həyata keçirilmiş olan tədbirlərin əhəmiyyəti göstərilmişdir. Xüsusilə, innovativ texnologiyalara əsaslanmış olan təlimlərin nəticəsində istedadlı uşaqlar üçün liseylərin və təmayülləşmənin əhatə dairəsi genişləndiriləcək, təhsil müəssisələrində STEAM əsaslı tədrisin reallaşması mümkün olacaq.
Eyni zamanda, bu istiqamətdə ali və orta təhsil müəssisələrinin imkanlarından daha səmərəli istifadə olunması mümkün olacaqdır. Xüsusilə də, son üç il ərzində istər beynəlxalq əməkdaşlıqların təşəkkülündə, istərsə də, ölkə miqyasında modern təhsil islahatlarının səmərəliliyinin artırılmasında Naxçıvan Dövlət Universitetinin rolu daha da artmaqdadır. Ali məktəbin ərazisində hazırda Texnologiyalar parkı inşa olunmaqdadır. Texnopark, universitetin fakültələrinin, professor-müəllim heyətinin yeni və yaradıcı ideyalarının daha da səmərəli nəticələnməsində müstəsna əhəmiyyətinə görə seçilmiş olacaq. Bunlarla yanaşı, universitetdə tədrisi ingilis dilində olan ixtisasların açılması və burada etibarlı qəbul planlarının uğurla reallaşması, bu sahədəki hədəflərin də qətiyyətlə əlçatan olmasını göstərməkdədir. Artıq bu sahədə Naxçıvan Dövlət Universitetinin kifayət qədər təcrübəsi var.
Məhz dövlətimiz tərəfindən bu təcrübənin də nəzərə alınmasının, həmçinin dəstəklənməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində təsdiq olunan sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramında Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması nəzərdə tutulmuşdur. Təbii olaraq, bütün bunlar, bütövlükdə, muxtar respublikamızda ali təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçiriləcəkdir. Dövlət proqramının səmərəli icrası nəticəsində bütün uğurlarla yanaşı, eyni zamanda:
- Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqların güclənməsi; - birgə proqramların təşkil olunması; - həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi də mümkün olacaqdır.
Yuxarıda bəhs olunan amillərdən də aydın olur ki, Naxçıvan Dövlət Universiteti qarşıdakı dövrlər üzrə milli təhsilimizin inkişafında daha dinamik göstəricilərə malik olacaq. Çoxprofilli tədris imkanları ilə yanaşı, həmçinin bu imkanların cəmiyyət üçün səmərəlilik göstəricilərinin daha da artırılması məhz ali məktəbin yaxın gələcək üzrə hədəflərində daha da əlçatan olacaqdır. Digər tərəfdən, bunlar, universitetin qeyri-maddi istehsal sahəsindəki proseslərə daha mütərəqqi mexanizmlərlə dəstək olmasına imkan vermiş olacaq.
Bunlarla yanaşı, onu da qeyd etmək olar ki, müvafiq Dövlət proqramı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsindəki makroiqtisadi proseslərin istiqamətini müəyyən etmiş olan hüquqi və tarixi sənəd olaraq olduqca əhəmiyyətlidir. Ölkəmizdə 2004-cü ildən etibarən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramlarında Naxçıvan Muxtar Respublikası digər iqtisadi rayonlar ilə birlikdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, genişmiqyaslı tədbirlərin reallaşdırılması nəzərdə tutulmuş və icra edilmişdir. Yeni Dövlət proqramının mahiyyəti eyni zamanda, onunla izah oluna bilər ki, bu, xüsusi olaraq, Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulmuş və onun çoxistiqamətli inkişafı məqsədlərinin həyata keçirilməsini özündə ehtiva edir.
Eyni zamanda, həmin tənzimləmə mexanizmində Naxçıvan Dövlət Universitetinin qarşıdakı inkişaf mərhələləri üçün əhəmiyyətli tədbirlərin nəzərdə tutulması, istər Naxçıvan Muxtar Respublikasının, istərsə də, ayrılmaz tərkib hissəsi olduğu ölkəmizin milli təhsil strategiyasının daha səmərəli nəticələnməsi sahəsində mühüm təsirinə görə seçilmiş olacaq.
Təbii olaraq, bütün bunlar, Naxçıvan Dövlət Universitetinin həm də, davamlı dövlət qayğısı ilə əhatə olunmasının ən gerçək ifadəsidir. Bunlar imkan verir ki, universitet mövcud potensialdan daha səmərəli istifadə edə bilsin və müvafiq Dövlət proqramlarının yaradacağı imkanlar nəticəsində daha dinamik nəticələr əldə olunsun. Olduqca çox sevindirici haldır ki, bu sahədə yeni üfüqlər də görünməkdədir. Belə ki, ölkəmizin istər elm, istərsə də təhsil ictimaiyyəti üçün olduqca faydalı olacaq bir anlaşma əldə olunmuş, bu sahədə müqavilə imzalanmışdır. Həmin təsisatların yaradılması sahəsində ali məktəbimizlə, dünyanın İT sahəsi üzrə böyük şirkəti olan IBM arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.
Müqavilə, qarşıdakı mərhələlər üzrə daha səmərəli nəticələr müstəvisində dünya universitetləri ilə ardıcıl əlaqələr yaratmaq imkanları da vermiş olacaq. Bundan əlavə, xüsusilə də, əsas hədəf olaraq, ali məktəbimizi IBM-in 170 ölkəni əhatə edən Qlobal Ekosistemi ilə uyğunlaşmaq götürülmüşdür. Müqaviləyə əsasən, IBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu (Software Engineering Institute) yaradılacaq.
Yaradılacaq Proqramlaşdırma Mühəndisliyi İnstitutu özünün yüksək və müasir dövrlə səsləşmiş olan aktual problemlər üzrə elmi-nəzəri araşdırmalar sahəsində mövqeyinə görə seçilmiş olacaq. Burada həmçinin istər akademik, istərsə də əməkdaşlıq maraqları diqqət çəkməkdədir ki, bu da ilkin olaraq:
- Süni intellekt; - Bulud texnologiyaları; - Kiber təhlükəsizlik; - Məlumatlar bazası; - Dizayn düşüncəsi; - Kvant fizikası sahələrini əhatə edəcək.
Bu, bir həqiqətdir ki, çağdaş təhsilimizin dünya təhsilinə inteqrasiya olunması, həm də müxtəlif elm sahələrinin bir-biri ilə əlaqəliliyinin təmin olunmasından, sintez təşkil etməsindən, həm də cəmiyyət üzvlərinin daha səmərəli nəticələrə əlçatanlığının təmin olunmasından ibarətdir. Bu mənada, universitetimizdə bütün fakültələr və kafedralar üzrə tədris planları və pedaqoji-tapşırıqda bu istiqamətlər üzrə fənlərin tədrisi diqqətdə saxlanılmaqdadır. Artıq universitetimizdə ixtisaslaşan hər bir tələbə, təkcə bir sahənin deyil, eyni zamanda da, bir neçə sahənin eyni anda mütəxəssisi ola biləcək. Misal üçün, çox yaxın gələcəkdə, artıq təkcə STEAM mütəxəssisi beş elm sahəsinin (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) eyni anda mütəxəssisi olaraq cəmiyyətimizə daha böyük fayda verəcək.
Məhz bu mənada da müqavilənin bağlanmasında əsas məqsədin nədən ibarət olduğuna diqqət etdikdə, aydın olur ki, burada IBM tərəfindən universitetin texnologiya həllərinə çıxış imkanlarını artırmaq və bu sahədə yeni kadrlar hazırlamaq nəzərdə tutulmuşdur. Qeyd etmək olar ki, IBM innovasiya yönümlü layihələrin dəstəklənməsində və inkişaf etdirilməsində universitetlə əməkdaşlıq edəcək, müasir innovativ ideyaları paylaşaraq, strateji problemlərə uyğunlaşdırılmış daha geniş tədqiqatçıların yetişdirilməsinə dəstək göstərəcək. Təbii olaraq, yeni sosial reallıqlar müstəvisində bütün bəhs olunanlar Naxçıvan Dövlət Universitetində elmtutumlu layihələrin artırılmasına və eyni zamanda da ixtisaslı kadrların yetişdirilməsinə öz töhfəsini verəcək.
Beləliklə, universitetimiz tədris ili üzrə tədbirlərini müvafiq əmrlərə, hüquqi tənzimləmə vasitələrinə və digər qanunvericilik aktlarına müvafiq qaydada olmaqla, mərhələ-mərhələ davam etdirməkdədir. Məhz bu isə ölkəmizin daha işıqlı gələcəyi və ali məktəbimizin növbəti tədris illəri üçün etibarlı baza olacaqdır.
Cavadxan QASIMOV, Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
|
|
07.07.2023 | 16:05 | |
|
|
|