Sertifikatlaşdırma: peşəkar müəllim - keyfiyyətli təhsil | |
İyulun 6-da ADA Universitetində ən yüksək bal toplayan müəllimlərin iştirakı ilə görüş keçirilib. Elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlandırılan həmin görüşə qatılaraq müəllimlərlə iyunun 20-24-də keçirilən sertifikasiya imtahanlarının nəticələrini müzakirə edib, onların suallarına cavab verib. Görüşə ictimaiyyət nümayəndələri, təhsil üzrə ekspertlər və jurnalistlər də qatılıb.
Sertifikasiyada məqsəd
Sertifikasiyanın keçirilməsindəki məqsədlərdən danışan nazir bildirib ki, təhsildə keyfiyyəti qaldırmaq, həmin keyfiyyətini ölkə üzrə bərabər paylamaq əsas məqsədlərdəndir. E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək və biz sertifikatlaşdırma prosesinin əsas məqsədinə - təhsildə keyfiyyəti artırmağa nail olacağıq. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi”.
Rəqəmlər nə deyir?
Keyfiyyəti qaldırmağa isə müəllimdən başlanılıb. Sertifikasiyanın təhsildə keyfiyyətə xidmət etdiyini deyən nazir prosesin ilk mərhələsinin 2027-ci ildə yekunlaşacağını vurğulayıb.
Artıq ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərinin böyük əksəriyyəti sertifikasiyadan keçirilib, nəticələr təhlil edilib. İlkin təhlillərin nəticələrindən danışan nazir E.Əmrullayev bildirib ki, ibtidai sinif üzrə artıq 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü ildə imtahan verən ibtidai sinif müəllimləri arasında yüksək nəticə göstərənlər 10 faiz təşkil edib. Sertifikasiyada iştirak edənlərin 53 faizi qənaətbəxş nəticə nümayiş etdirsə də, müəllimlərin 30 faizinin təkmilləşdirilməyə ehtiyacı olacaq. Onun sözlərinə görə, sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0.7 faizi, yəni 223 nəfəri 0-9 bal, 10 faizi 10-19 bal toplayıb. 51 baldan yuxarı nəticə göstərənlər cəmi 17 faiz təşkil edib.
E.Əmrullayev sertifikasiya nəticələrinə görə, sadəcə müəlimləri deyil, regionları da fərqləndirib. Nazir 15 rayon və şəhər üzrə 51 və daha yüksək bal toplayan ibtidai sinif müəllimlərinin statistikasını təqdim edib. Statistikadan görünür ki, Bakı şəhəri üzrə 5 987 iştirakçının orta balı 44-dür. İştirakçıların 30 faizi 51 baldan yuxarı toplayıb.
Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri üzrə orta bal 43-dür. Sumqayıtda müəllimlərin 5 faizi, Mingəçevirdə 28 faizi, Şirvanda isə 29 faizi 51+ bal toplayıb. Abşeron və Siyəzən regionları üzrə orta bal 42 olub. Abşeron üzrə müəllimlərin 28 faizi, Siyəzən üzrə isə 29 faizi 51 baldan yüksək nəticə göstərib.
Gəncə, Hacıqabul, Oğuz rayonları üzrə 40 orta baldır. Gəncə üzrə müəllimlərin 25 faizi, Hacıqabul üzrə 21 faizi, Oğuz üzrə isə 16 faizi 51-dən çox bal toplayıb.
Quba, Salyan, Qubadlı, Qazax, Zəngilan, Xızı regionları üzrə ortalama bal isə 39-dur.
Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub. Nazirin sözlərinə görə, ümumi orta balı 40 olan Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə, əksinə liderdir.
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya nəticələri daha ürəkaçandır. Belə ki, sertifikatlaşdırmada iştirak edən müəllimlərin 92 faizi uğur qazanıb. Bu ixtisas üzrə fəaliyyət göstərən müəllimlərin cəmi 8 faizinin təkmilləşdirilməyə ehtiyacı olacaq.
Nazir qeyd edib ki, prosesin sonunda gəlinən qənaət ondan ibarətdir ki, müəllimlərin yaşı ilə bağlı problem yoxdur. Problem işə götürmə praktikası ilə bağlıdır: “1988-ci ilədək işə götürülən müəllimlərin orta balı 34, 2008-2013-cü illərdə işə qəbul edilənlərin 40, 2013-2018-ci illərdən müəllimliyə başlayanların orta balı isə 51 olub”.
Sertifikatlaşdırmanın müəllimliyin nüfuzuna təsirindən də danışan E.Əmrullayev bildirib ki, bu il 56 min insan müəllim olmaq istəyir: “Müəllimlik peşəsi ən rəqabətli sahədir. Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib”.
“Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablamışıq”
Nazirin sözlərinə görə, 2021-ci ildən müəllimlərin maaşı 4 dəfə artıb. Sertifikatlaşdırmadan sonra 34165 nəfər 1000-1500, 6177 nəfər 1500-2000 manat,542 nəfər isə 2000 manatdan yuxarı maaş alır.
“Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablamışıq” - deyən nazir prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcəyini də qeyd edib.
Sertifikatlaşdırmada uğur qazananlar: “Ən yüksək nəticə qazananlardan olmağın fərqi”
Tədbirdə yüksək bal toplayaraq fərqlənənlər sertifikasiyada iştiraklarından danışıblar. Onlardan biri - Lalə Şükürova Bakı şəhərindəki 170 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Sertifikasiya imtahanlarında 60 bal toplayaraq ən yüksək nəticə göstərib: “Sertifikasiya imtahanlarının keçiriləcəyini eşidən kimi çərçivə sənədi əsasında hazırlaşmağa başladım. Çünki şagirdlərimin və ən önəmlisi, daşıdığım “müəllim” adının məsuliyyətini hiss edirdim. Başqa bir tərəfdən, müəllim işləməyə başlayandan bəzi siniflərdə dərs deməmişdim. Bu da öz üzərimdə çalışmalı olduğum qənaətini formalaşdırırdı. Bilməyəcəyim mövzular ola bilərdi. Hazırlaşdım və nəticə əldə etdim. Məsuliyyətim öz bəhrəsini verdi. Ən yüksək nəticə qazananlardan olmağın fərqini yaşadım. Bütün bunlar sertifikasiyanın yaratdığı fərqdir. Test mərhələsində 60 bal toplamaq məndə arxayınlıq yaratmayıb. Müsahibə mərhələsindən də ən yüksək nəticə qazanmaqda iddialıyam. Bunun üçün də öz üzərimdə çalışıram. Öz peşəsini də, öyrənməyi, öyrətməyi də sevən bir müəlliməm. Düşünürəm ki, müəllim məhz belə olmalıdır”.
Sertifikasiyada uğur qazandı, şagirdlərinin də gözündə ucaldı
İmişli rayon Buludlu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyhun Vəlizadə 12 ildir məktəbin müəllimidir. Sertifikasiyanın nəticəsinin onun özü üçün stimul olduğunu deyib: “Məni kəndimdən başqa heç yerdə tanımırdılar. Amma artıq bütün ölkədə tanıyırlar. Şagirdlərimin də gözündə yüksəldim, mənə “ideal müəllim” kimi baxırlar. Müəllim yoldaşlarım da indi sertifikasiyaya daha həvəslə hazırlaşırlar”.
“Gənc müəllimlər, sizə qibtə edirəm”
Südabə Qazıyeva Zaqatala rayon Aşağı Tala kənd Ramiz Şabanov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. 31 illik pedaqoji təcrübəyə sahib Südabə Qazıyeva da qazandığı nəticəsini məsuliyyətinə borcludur: “Müəllim işlədiyim dövrdə işimə hər zaman vicdanla, məsuliyyətlə yanaşmışam, təhsildə olan yenilikləri öz işimdə tətbiq etməyə, ölkəm üçün yararlı vətəndaş yetişdirməyə çalışmışam. Çoxillik təcrübəmə əsaslanaraq bir məsələni qeyd edə bilərəm ki, son illərdə gənc və savadlı müəllimlərin qarşısında geniş imkanlar açılıb. Gənc müəllimlər, mən sizə qibtə edirəm. Bizim işə başladığımız dövrdə seçilmək imkanımız olmayıb. Belə imkanlardan maksimum yararlanın. Kifayət qədər yaşım olsa da, sosial şəbəkələrdə varam və hamısını izləyirəm. Sertifikasiya xəbəri çıxanda, xüsusən ötənilki imtahanlarda elə bir ajiotaj yaradıldı ki, guya imtahanlar çox çətindir. Mən heç bir təlimə, kursa qoşulmadım. Heç bir xüsusi hazırlıq keçmədim. Sadəcə olaraq son bir ayda kurikulumla bağlı biliyimi yenilədim, dəyişən yeni terminlər üzərində işlədim. Ümumiyyətlə, işlədiyim dövrdə də qarşıma hansı problem çıxırdısa, onu öyrənirdim. Müəllim belə də olmalıdır. Bilmədiyini öyrənməlidir. Sertifikasiya imtahanında suallarla tanış olduqdan sonra onu anladım ki, hər sinfə girən bir müəllim heç bir çaba sərf etmədən 30 balı toplamalıdır. Buna baxmayaraq müəllim yenə də aşağı bal toplayıbsa, düşünməyə dəyməz. Aşağı bal toplayan müəllimlərin taleyini düşünənlərdən soruşmaq istəyirəm ki, bəs, MİQ imtahanlarından yüksək bal toplayaraq vakansiya gözləyən müəllimlərin taleyini düşünürsünüzmü?”
Südabə müəllim Elm və Təhsil Nazirliyinə təhsildə keyfiyyətə xidmət edən fəaliyyətində uğurlar arzulayıb.
Ruhiyyə DAŞSALAHLI
|
|
07.07.2023 | 09:41 | |
|
|
|