QS reytinqi necə yarandı? | |
Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış Quacquarelli Symonds (QS) artıq 20 ildir ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrini müxtəlif istiqamətlər və kateqoriyalar üzrə qiymətləndirir, onların qlobal reytinqini (QS World University Rankings) tərtib edir. Son 20 illik dövr QS-in bütün dünya üzrə universitetlərin fəaliyyətini etibarlı şəkildə əks etdirən möhkəm metodologiya qurmaq və təkmilləşdirmək üçün ali təhsil sektoru ilə əməkdaşlığının uzunillik tarixini ehtiva edir.
QS-in təsisçisi və prezidenti Nunzio Quacquarelli topuniversity.com saytına verdiyi müsahibəsində reytinqlərin mənşəyi və bu sahədə 20 illik fəaliyyətin onun üçün daşıdığı önəm barədə düşüncələrini paylaşıb.
QS World University Rankings necə yarandı?
1986-cı ildə Kembric Universitetində iqtisadiyyat üzrə bakalavr təhsilini başa vuran Nunzio Quacquarelli MBA dərəcəsi almaq qərarına gəlməmişdən oncə bir neçə il konsaltinq sahəsində çalışıb. "MBA dərəcəsi almaq üçün yerlərin axtarışı prosesində biznes məktəbləri və ya universitetləri müqayisə etmək üçün məlumat və ya verilənlərin olmadığını aşkar etdim, buna görə də mən çalışdığım konsaltinq firmasındakı tərəfdaşların şifahi tövsiyələrinə güvənməli oldum", - deyə Nunzio Quacquarelli bildirib.
O, bir qədər sonra, 1990-cı ildə Pensilvaniya Universitetinin Uorton Məktəbində (Wharton School) oxumağa qərar verib. Məhz burada QS özünün ilk işlərinə start verib. O qeyd edir ki, QS əvvəlcə informasiya boşluğunu doldurmaq və xarici tələbələrə biznes məktəbləri haqqında müqayisəli məlumatlara və verilənlərə giriş imkanı yaratmaq üçün tələbə layihəsi kimi fəaliyyətə başlayıb. ““Wharton School”-da oxuyarkən mən QS-i biznes kimi qurmuşdum. 33 il sonra hələ də 1990-cı ildə olduğu kimi eyni missiyamız var: dünyanın istənilən yerində məqsədyönlü insanlara təhsil nailiyyətləri, beynəlxalq hərəkətlilik və karyera artımı vasitəsilə öz potensiallarını həyata keçirmək imkanı vermək. Bizim missiyamızla çox maraqlanıram və QS-də etdiyimiz hər şey onun ətrafında fırlanır".
Nunzio Quacquarelli qeyd edir ki, həmin illərdə QS MBA-lara tələbat və aspirantlar arasında lazım olan bacarıqlar haqqında məlumat vermək üçün qlobal işəgötürən sorğuları hazırlayıb. Mütəxəssis kimi artan nüfuzunu və ali təhsildə idarəetmə sahəsində etibarlı məlumat toplamasını nəzərə alan “Financial Times” qəzeti 1994-cü ildə Nunzio Quacquarelliyə biznes məktəblərinin reytinqinin hazırlnmasında əməkdaşlıq təklifi ilə müraciət edib. “O zaman dəvəti rədd etdim, çünki reytinqin mübahisəli və potensial olaraq QS üçün ən yaxşı seçim olmayacağını hiss edirdim. Amma 1990-cı illər ərzində getdikcə daha çox insan qlobal işəgötürənlər sorğusunu həqiqətən çox bəyəndiklərini və bizim onu reytinqə çevirə biləcəyimizi deyirdilər”.
Universitet reytinqləri üçün təkan artdı
2000-ci ilə qədər Nunzio Quacquarelli və onun böyüməkdə olan QS komandası universitetləri müqayisə etmək üçün reytinq ehtiyacını və sənaye liderləri ilə məsləhətləşmə prosesini dərin qiymətləndirməyə başlayıb: “Mən reytinqin məqsədini və onu necə yarada biləcəyimizi müəyyən etmək üçün 3 il ərzində dünyanın hər yerindəki universitet kampuslarına baş çəkdim və ali məktəblərin rəhbərləri ilə danışdım. Bizim ali təhsil sektorunun nümayəndələri ilə nəyin mümkün, nəyin qeyri-mümkün olduğunu öyrənmək üçün işgüzar görüşmələrimiz oldu. Bu proses zamanı mən dünya səviyyəli universitetlər üçün dörd əsas missiyanı müəyyənləşdirdim: tədqiqatlarda üstünlük, həqiqətən əmək qabiliyyətli məzunların hazırlanması, yüksək keyfiyyətli təhsilə sadiqlik və beynəlmiləlləşməyə diqqət. Bu, bizim əsl məqsədimiz olduğunu başa düşdüyümüz an idi, ona görə də ilk reytinqimizi qurmaq üçün bu missiyaların hər biri üçün göstəricilər əldə etmək naminə çox çalışırdıq”.
“Ağıllı insanları tanımaq üçün ağıllı insanlar lazımdır”
Nunzio Quacquarelli daha sonra əlavə edib: “Bizim işəgötürənlərin qlobal sorğusu artıq tanınıb və yüksək qiymət alıb. İnsanlar hiss edirdilər və hələ də hesab edirlər ki, məzunların bacarığı və keyfiyyəti baxımından ən nüfuzlu universitetlər haqqında işəgötürənlərin fikirləri həqiqətən vacibdir. Reytinqə yanaşmamızı quraraq universitet rəhbərləri ilə əvvəllər heç kimin universitetin keyfiyyətini qiymətləndirmək üçün istifadə etmədiyi qlobal akademik sorğu keçirmək imkanından danışdıq. Xatırladığım bir şey o dövrdə London İmperial Kollecinin rektoru olan Sir Richard Sayks ilə görüşdən sonra oldu. O dedi ki, ağıllı insanları tanımaq üçün ağıllı insanlar lazımdır. Onun fikrini eşitmək çox məmnunedici idi. O hesab edir ki, qlobal akademik araşdırmalar tamamilə düzgün yanaşmadır. O, akademik cəmiyyətin sıralama anlayışına ümumi reaksiyasının ilk başda mütləq "qarışıq" olduğunu izah etdi. Biz gördük ki, təbiətşünaslar çox vaxt universitetlərin müqayisə üsulu kimi anketlərdən istifadə etməyə şübhə ilə yanaşırlar. Bu, sorğunu keçirən sosiolaqlar üçün fərqli idi. Onlar ictimai rəyin qiymətləndirilməsi üsulu kimi sorğulardan istifadə edirdilər. Bir az da siyasi sorğuya bənzəyirdi. Burada siz bütün ölkənin baxışlarını əks etdirmək üçün əhalinin nümunəsindən istifadə edirsiniz. Biz akademik cəmiyyətlə sıx əməkdaşlıq edərək onları bu yanaşmanın düzgünlüyünə, etibarlılığına və diqqətə layiq olmasına inandırdıq. Reallıq budur ki, hazırda bu yanaşmanı çox az sayda alim tənqid edir. İndi reytinq ədalətli və balanslaşdırılmış qiymətləndirmə hesab olunur. Bu, həqiqətən də ciddi və etibarlı göstəricilər dəstinə çevrilib".
İlk QS dünya universiteti reytinqi
QS-in ilk dünya universiteti reytinqi 2004-cü ilin oktyabrında işıq üzü gördü. "Reaksiya, hətta başlanğıcda, xüsusilə şagirdlər və valideynlər tərəfindən çox böyük idi. Dünya ictimaiyyəti universitetlərin keyfiyyətinin həm başa düşülməsinin asanlığı, həm də dürüst göstəricilərə yönəlmiş transsərhəd müqayisəsinə açıq şəkildə ehtiyac duyurdu. Hansı reaksiyanı alacağımızı təxmin edə bilməsəm də, yenə də ali təhsildə aparıcı reytinq agentliyi olacağımızı proqnozlaşdırdım. Bu, qarşımıza qoyduğumuz məqsəd idi və düşünürəm ki, buna nail olduq, gözləntiləri aşdıq", -deyə QS-in təsisçisi bildirib.
QS-in ötən 20 illik tarixində baş vermis uğurlara nəzər salan Nunzio Quacquarelli fikirlərini belə bölüşür: “2021-ci ilin noyabrında Hindistanın baş naziri Narendra Modi ilə görüşmək, bu ölkədə ali təhsil üçün dünya reytinqlərinin vacibliyini müzakirə etmək mənim üçün böyük şərəf idi. Bu, həqiqətən xüsusi bir an idi. “QS Reimagine” təhsil konfransının keçirilməsi üçün Uorton məktəbindən mənim professorum Cerri Uindlə tərəfdaşlıq da böyük qürur mənbəyi idi”.
Çindən 450 milyon baxış
N. Quacquarelli qeyd edir ki, QS reytinqi bütün dünyada tanınsa da, reytinqlər Çin və Hindistanda, həmçinin Afrikada və Yaxın Şərqdə daha çox məşhurdur: "Çox vaxt bu, ona görə baş verir ki, bu ölkələrdə və bölgələrdə övladlarının xaricdə təhsil almasını istəyən ailələrin payı yüksəkdir, məsələn, müqayisə üçün desək, ABŞ-da bu göstərici 1% -dən azdır. Çində ailələr üçün uşaqların xaricə göndərilməsi çox vaxt elə bir arzu və böyük investisiyadır ki, onlar ən etibarlı və düzgün məlumatlar axtarırlar. Çində sosial şəbəkələrdə QS reytinq həştəqinin 450 milyon dəfə izlənildiyini eşitdiyimiz bir an var idi ki, bu həqiqətən də heyrətləndirici idi”.
Gələcəyə baxaraq
N. Quacquarelli reytinqin gələcəyi və hədəfləri barədə nikbinliklə danışır: “ QS World University Rankings metodologiyası QS analitikləri, universitet tərəfdaşlarımız və QS Global Rankings Məsləhət Şurasında mütəxəssis-məsləhətçilərimiz tərəfindən daim qiymətləndirilir və diqqətlə öyrənilir. Son 20 ildə sektorda yeniliklərin və dəyişikliklərin miqyasını nəzərə alsaq, metodologiya əsasən sabit qalıb. Reytinqlə bağlı mümkün olduğu qədər uzunmüddətli müqayisəni təmin etmək və obyektivliyə zəmanət vermək üçün universitetlərlə əldə olunmuş razılıq saxlanılıb ki, ali məktəblər tez-tez yeni metodologiya və məlumat tələblərini öyrənməli, həm də təkrar öyrənməli olmayacaqlar. İlk reytinqi işə salmaq üçün istifadə etdiyimiz ölçmələr və yanaşmalar statistik cəhətdən əhəmiyyətli olaraq qalır, məlumatlar müstəqil olaraq toplanır və yoxlanılır. Bu proses ölkələrin dilindən asılı olmayaraq hər bir universitet üçün tamamlanıb”.
“QS World University Rankings 2024” üçün bütün dünya üzrə yüzlərlə təhsil müəssisəsi və qurumun Məsləhət Şurası ilə ətraflı məsləhətləşmələrdən sonra QS-in metodologiyasında dəyişikliklər edildiyini diqqətə çatdıran N.Quacquarelli əlavə edib ki, metodologiya indi 3 yeni göstəricini əhatə edəcək: Beynəlxalq Tədqiqat Şəbəkəsi, Məşğulluq Nəticələri və Sabitlik.
“Metodologiyamızda həmişə ardıcıl qalmağa çalışsaq da, universitetlərin dəyişən missiyalarını əks etdirmək üçün də inkişaf etməliyik. Biz etiraf edirik ki, xidmət etdiyimiz qlobal tələbə icması iqlim böhranının əhəmiyyətini başa düşür və universitetlərin davamlı inkişaf proqramını dəstəkləməkdə həqiqi məsuliyyətini görür. Biz 2022-ci ildə tariximizdə ilk “QS World University Rankings: Sustainability” reytinqimizi işə saldıq, 2023-cü ildə isə davamlılıq məsələlərini öz aparıcı reytinqlərinə daxil edən əsas reytinqlər arasında birinci olacağıq. Mən bu dəyişikliklə xüsusilə fəxr edirəm, çünki ümid edirik ki, bu, universitetlərin tədqiqatlarının nəticələrini yaxşılaşdırmaq və onların ekoloji və sosial dəyişikliklərə sadiqliyini, eləcə də müəssisələrin özlərini necə daha davamlı edə biləcəyinə daha çox diqqət yetirmələrinə kömək edəcək”,-deyə N.Quacquarelli bildirib.
Oruc MUSTAFAYEV
|
|
06.07.2023 | 10:10 | |
|
|
|