AzTU yeni bir əməkdaşlığa imza atdı | |
Oktyabrın 10-da Azərbaycan Texniki Universiteti (AzTU) və MDB PAA İştirakçısı Olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı (MDB PAA DİMBİ Bakı filialı) arasında memorandum imzalanıb.
Sənəddə birgə seminarların, konfransların keçirilməsi, kitabların nəşri və digər bu kimi əməkdaşlıqlar nəzərdə tutulub.
Memorandumun imzalanma mərasimindən sonra ilk əməkdaşlıq olaraq hər iki tərəfin iştirakı ilə “Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda seminar keçirilib.
AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov seminar iştirakçılarını salamlayaraq insan hüquqlarının önəmindən danışıb, tədbirin mahiyyətinə diqqət çəkərək insan hüquq və azadlıqlarının daha da gücləndirilməsinə verəcəyi töhfədən söz açıb. Prorektor çıxışında bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının tənzimlənməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən sistemli və önəmli addımlar atılması ölkəmizin müasir və ədalətli qanunvericiliyə malik dövlət kimi formalaşmasına şərait yaradıb. Bunun bariz nümunəsi olaraq bu gün də respublikamızda insanların hüquq və azadlıqları haqqında verilən sərəncamları, keçirilən tədbirləri qeyd edən prorektor, Azərbaycanda vətəndaş-Dövlət münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Seminarda iştirak edən MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev ölkəmizdə ən ali insan hüquqlarının cəmiyyətimizin humanizminin təzahürü olaraq özü-özlüyündə formalaşdığını, dini, irqi və milli ayrı-seçkiliyin olmadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda aparılan dövlət siyasəti məhz insanların hüquq və azadlıqlarının qorunması prinsipinə uyğun olaraq həyata keçirilir.
Daha sonra AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov Azərbaycanda insan haqlarının təmin olunmasının hüquqi tərəflərindən danışaraq bildirib ki, dövlətin ali məqsədi insanların hüquq və azadlıqlarını təmin etməkdir. |
|
11.10.2018 | 11:17 | |
|
|
|