İsveçrə və Britaniya alimləri odadavamlı PUA icad ediblər

İsveçrə və Britaniya alimləri yanğınsöndürənlərə və xilasedicilərə yanğının mərkəzinə yaxın məsafədə vəziyyəti qiymətləndirməyə imkan verən odadavamlı pilotsuz uçan aparat (PUA) icad ediblər.

 

Xarici KİV-lər xəbər verir ki, bundan əvvəl yanğının ocağına yaxınlaşmaq mümkün olmurdu, çünki PUA-lar dərhal alovlanır və onların fəaliyyəti dayanırdı.

 

Xatırladaq ki, hazırda yanğınların söndürülməsində PUA-lardan geniş istifadə olunur, onlar aerofotoşəkil çəkilməsi, yanğın şlanqlarının göydələnlərə qaldırılması və meşə yanğınları zamanı yanğınsöndürücü maddələrin daha uzaq məsafəyə atılması proseslərində tətbiq edilir. Lakin bu günədək dronlar yalnız alovlardan müəyyən məsafədə uça bilirdi, çünki yanan binanın daxilində hərarət 1000 dərəcə Selsiyə çata bilər.

 

Alovun mərkəzinə mümkün qədər daha çox yaxınlaşmaq üçün İsveçrə Federal Materialşünaslıq və Sertifikatlaşma Laboratoriyası və London İmperiya Kollecinin alimləri “FireDrone” adlı odadavamlı PUA icad ediblər. Adi kommersiya dronlarının köməyi ilə ancaq yanğının episentrinin aerofotoşəkilini çəkmək mümkündür və bu, yalnız uzaq təhlükəsiz məsafədən həyata keçirilə bilər. Artıq britaniyalı və isveçrəli alimlərin yanğınsöndürənlərlə əməkdaşlıq şəraitində icad etdikləri yeni PUA ən yüksək temperaturlara davam gətirə biləcək xüsusi izolyasiya materialına malikdir. Onun icad edilməsi zamanı təbiətdə olan heyvanlar – pinqvin və arktik tülkülərin nümunəsindən istifadə olunub. Bu heyvanlar özlərinin piy təbəqəsi və xəzi sayəsində ekstremal temperaturlarda yaşaya bilirlər. Həmin nümunədən yola çıxan alimlər poliimid plastik (PI) əsasında ultra-yüngül material olan “aerogel” hazırlayıblar. Bu material skafandrların termoizolyasiyası üçün keyfiyyətli vasitə qismində NASA tərəfindən də nəzərdən keçirilir. Alimlər PUA üçün məxsusi olaraq poliimid və silikon dioksiddən şüşə liflə gücləndirilmiş xüsusi kompozit material yarada biliblər.

 

“FireDrone” PUA-sının aerogel izolyasiyalı materialı və əlavə quraşdırılmış soyuducu sistemi, habelə istiliyi dəf edən alüminium üzlüyü ilə yaradılan prototipi Dübendorfdakı yay stendində yaxşı nəticələr göstərib. Dronun uçuş göstəriciləri və yanğın mərkəzindən cəmi 50 santimetr məsafədə fəaliyyəti yüksək səviyyədə olub.

 

Nəzəri olaraq, bu PUA-dan ekstremal soyuq hava şəraitində, məsələn, qütb regionlarında və buzlaqların tədbiqində də istifadə etmək olar. Yeni aparat artıq İsveçrə buzlağının qalın təbəqəsinin yerləşdirildiyi tuneldə ilk sınaqdan keçirilib. Bu sınağın məqsədi onun çox aşağı temperaturlarda necə fəaliyyət göstərdiyini müəyyən etmək idi. Prototipin gələcək inkişafını təmin etmək üçün artıq biznes və iqtisadiyyat sahəsindən olan potensial tərəfdaşlarla danışıqlar aparılır.

 

Azərtac

 

 



05.07.2023 | 10:06