NDU-da növbəti hamilik tədbiri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin tələbələri ilə növbəti görüşü olub.

 

Tədbiri giriş sözü ilə açan İqtisad fakültəsinin dekanı, dosent Əşrəf Ələkbərov  vurğulayıb ki, sözügedən sərəncam ali təhsilin inkişafı, peşəkar kadr hazırlığı, tələbələrin ixtisasa praktiki baxımdan daha mükəmməl yiyələnmələri məqsədi ilə qəbul edilən və artıq öz real nəticələrini verən mühüm sənəddir. Çıxışda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Maliyyə nazirliklərinin fakültəyə uğurla hamilik etmələrindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün müvafiq nazirliklərdə hərətərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən danışılıb. 

 

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnur İbrahimov “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq “2019 – cu il və sonrakı üç il üçün sosial – iqtisadi inkişaf konsepsiyası, proqnoz göstəriciləri” haqqında, Sənaye şöbəsinin müdiri Elnur Mahmudov “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq mühitinin mövcud vəziyyəti və problemləri” haqqında çıxış ediblər.

 

Sonda tələbələrin sualları cavablandırılıb. 



11.10.2018 | 12:31