Türkiyə universitetləri ilə BANM-ın əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyədə İstanbul Universiteti-Cərrahpaşanın rektoru professor Nuri Aydın, Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İnci, Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın və Koç Universitetinin rəhbərliyi ilə görüşlər keçirib.

 

İstanbul Universiteti-Cərrahpaşanın rektoru ilə görüşdə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib, həmçinin iki ali təhsil müəssisəsi arasında Əməkdaşlıq haqqında razılaşma imzalanıb.

 

E.Qasımovla Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci arasında keçirilən görüşdə isə birgə MBA proqramının ən qısa zamanda həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. E.Qasımov həmçinin, SOCAR-ın rəhbər heyəti üçün Boğaziçi Universitetinin proqram dəstəyi ilə həyata keçirilən Liderlik Akademiyasının uğurla davam etməsi barədə məlumat verib.

 

İstanbul Aydın Universitetinin rektoru ilə görüş zamanı universitetlər arasında həyata keçirilən əməkdaşlığın fərqli platformalarda genişləndirilməsi, həmçinin EURAS fəaliyyətləri çərçivəsində Birliyin üzvlərinin iştirakı və Bakı Ali Neft Məktəbinin dəstəyi ilə Bakıda Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş konfransın keçirilməsi barədə ilkin razılıq əldə olunub. Görüşdə, həmçinin EURAS İcraiyyə Komitəsinin cari fəaliyyəti təhlil edilib, gələcək fəaliyyət və perspektiv layihələrə dair fikir mübadiləsi aparılıb.

 

BANM rektorunun Koç Universitetinin rəhbərliyi ilə görüşündə isə  iki ali təhsil müəssisəsi arasında birgə layihə və proqramların həyata keçirilməsi məsələləri müzakirə edilib. Görüşdə “Kompüter mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarında həm tədris, həm də araşdırma üzrə birgə fəaliyyət üçün razılıq əldə olunub.



03.07.2023 | 13:02