Naxçıvan Dövlət Universitetində magistrantların XIV regional elmi konfransı | |
Naxçıvan Dövlət Universitetinin (NDU), Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin magistrantlarının NDU-da birgə konfransı keçirilib.
Magistratura mərkəzinin direktoru biologiya elmləri doktoru Etibar Məmmədov qeyd edib ki, hazırda universitetin magistratura təhsil səviyyəsində I kurslarda 71 ixtisaslaşma üzrə 189 nəfər, II kurslarda isə 66 ixtisaslaşma üzrə 218 magistrant təhsil alır.
NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev konfransda çıxış edərək muxtar respublikada yerləşən ali təhsil müəssisələrinin magistrantlarının elmi konfranslarının keçirilməsinin artıq ənənə halı aldığını vurğulayıb.
İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan prorektor universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın elm, təhsil sahəsinə töhfələr verdiyini vurğulayıb.
Qeyd edilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək qayğı təhsilverənlərin və təhsilalanların qarşısına çox böyük məsuliyyət qoyur. Belə ki, tələbələr müasir tədris metodları ilə yanaşı, geniş imkanlara malik maddi-texniki bazası olan ali təhsil müəssisələrində həm nəzəri biliklər qazanır, həm də təcrübi bazaya malik olur, gənclər daha çevik, innovativ metodlarla işləməyi öyrənirlər. Rektor diqqətə çatdırıb ki, universitetdə magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması da həyata keçirilir.
Konfrans 12 bölmədə öz işini davam etdirib. Bölmələrdə magistrantların dissertasiya işləri dinlənilib və qiymətləndirilib.
|
|
25.06.2023 | 16:12 | |
|
|
|