QARDAŞLIĞIN, DOSTLUĞUN NÜMUNƏSİ | |
“Heydər Əliyev və Azərbaycan - Türkiyə əlaqələrinin inkişafı”
İyunun 19-da Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyənin Qazi Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilib. Qazi Universiteti rektorluğunun Mimar Kemaleddin Salonunda baş tutan konfransda səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak ediblər. MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, Qazi Universitetinin prorektoru Yücel Gelişli və Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev çıxış ediblər.
Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan belə bir mötəbər tədbirə tərəfdaşlıq etməkdən məmnunluğunu ifadə edib və yaradılan şəraitə görə təşəkkürünü bildirib. Müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin milli müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə misilsiz xidmətlər göstərdiyini qeyd edən Ş.Bayramov hazırda müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini vurğulayıb. Rektor bildirib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın həmrəyliyi, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz Heydər Əliyev siyasətinin təntənəsidir. “Bir millət, iki dövlət” anlayışı ilə Ümummilli Liderin hər zaman qardaş Türkiyə ilə əlaqələrin inkişafına və dostluq münasibətlərinin gücləndirilməsinə böyük önəm və misilsiz töhfələr verdiyini diqqətə çatdıran Ş.Bayramov dahi şəxsiyyətin əziz xatirəsinin xalqlarımız tərəfindən daim böyük hörmət, sonsuz sevgi və minnətdarlıqla yad ediləcəyini bildirib. Qarşılıqlı əlaqələrin inkişafında elm və təhsil sahəsinin önəmindən danışan rektor növbəti illər üçün hər iki qardaş ölkənin inkişaf strategiyasının əməkdaşlıq baxımından yeni imkanlar qazandıracağını, universitetlərin hərəkətverici rolunu və məsuliyyətini daha da artıracağını qeyd edib. Ş.Bayramov Qazi Universiteti ilə işbirliyinin uğurla davam etdiyini vurğulayıb, elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.
Qazi Universitetinin rektoru Musa Yıldızın salamlarını çatdıran bu ali təhsil müəssisəsinin prorektoru Yücel Gelişli birgə elmi konfransın əsas məqsədindən və önəmindən danışıb. Ulu Öndər Heydər Əliyevin qlobal liderlik keyfiyyətlərinə malik olduğunu vurğulayan prorektor görkəmli dövlət xadiminin çoxşaxəli, zəngin həyat və fəaliyyətində Türk dünyasının xüsusi və mühüm yerə malik olduğunu diqqətə çatdırıb. Bu il, həmçinin Türkiyə Respublikasının yaranmasının 100 illiyinin tamam olduğunu bildirən Y.Gelişli hər iki yüzilliyin sevincini özündə ehtiva edən belə bir tədbirə Qazi Universitetinin ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. İki universitet arasında əməkdaşlığın vacibliyindən danışan Y.Gelişli MDU və Qazi Universiteti arasında müntəzəm olaraq təşkil edilən ortaq konfransların işbirliyinin inkişafına əhəmiyyətli töhfə verdiyini deyib, təşkilatçılara və məruzəçilərə təşəkkürünü ifadə edib.
Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədovun salamlarını çatdıran səfirliyin birinci katibi İ.Quliyev qardaş ölkələrin universitetləri arasında əməkdaşlığın inkişafından bəhs edib və MDU-nun bu sahədə aktivliyini vurğulayıb. Dünyaşöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin titanik və misilsiz fəaliyyəti ilə xalqımızın xilaskar lideri və Ümummilli Lideri zirvəsinə yüksəldiyini qeyd edən İ.Quliyev hazırda dahi şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nəhəng uğurlara və əzəmətli qələbələrə imza atdığını bildirib. Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən bəhs edən İ.Quliyev “Heydər Əliyev İli” çərçivəsində səfirliyin bir çox tədbirlərə dəstək göstərdiyini söyləyib. Hər iki universitetin bu istiqamətdə fəaliyyətlərə töhfələrinə görə təşəkkürünü bildirən İ.Quliyev konfransın işinə uğurlar arzulayıb.
Açılış nitqindən sonra Qazi Universitetinin prorektoru tərəfindən MDU rektoruna plaket verilib. Eyni zamanda, MDU rektoru tərəfindən Qazi Universitetinin prorektoruna və konfransın məruzəçilərinə xatirə hədiyyələri təqdim olunub.
Sonra konfrans Qazi Universitetinin professoru Alev Çakmakoğlu Kurunun moderatorluğu ilə panellə davam edib. Paneldə MDU alimlərindən dosent Esmira Cəfərova “Heydər Əliyev və “Bir millət, iki dövlət” anlayışı” və dosent Asim Məmmədov “Heydər Əliyevin Türk dünyasının birliyinə töhfələri”, Qazi Universitetinin alimlərindən professor İsmet Çetin “Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri” və professor Alev Çakmakoğlu Kuru “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” sözlərinin Türk sənətində izləri” mövzularında məruzələrlə çıxış ediblər.
“Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq”
İyunun 20-də Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda elmi konfrans keçirilib. AHBVU-nun ev sahibliyi ilə baş tutan konfransda səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, konfrans Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, AHBVU-nun prorektoru Orhan Kurtoğlu və Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev çıxış ediblər.
Konfrans iştirakçılarını salamlayan AHBVU-nun prorektoru O.Kurtoğlu Türk dünyasının öndər şəxsiyyətlərindən olan Heydər Əliyevin əziz xatirəsinə həsr olunan belə bir ortaq konfransa ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. Uzaqgörən və qətiyyətli siyasəti, parlaq ideyaları, türk xalqlarının dəyərləri və ənənələrinə bağlılığı ilə Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edən prorektor, hazırda Azərbaycanla olan münasibətlərin digər ölkələrdən tam fərqləndiyini və ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Çıxışında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəni vurğulayan O.Kurtoğlu qeyd edib ki, Qarabağ Zəfəri ilə xalqlarımız gücünü bütün dünyaya nümayiş etdirdi. MDU ilə əməkdaşlığın uğurla davam etdiyini bildirən prorektor, səfirliyin və hər iki tərəfdaş universitetin işbirliyi çərçivəsində keçirilən ortaq konfransın təşkilatçılarına və məruzəçilərinə təşəkkür edib.
MDU-nun rektoru Ş.Bayramov çıxışında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Türkiyədə tərəfdaş AHBVU-da keçirilən birgə elmi konfransda iştirakdan məmnunluğunu ifadə edib. Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsinin Ulu Öndərin müstəsna xidmətlərindən olduğunu qeyd edən Ş.Bayramov bildirib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan və şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderimizin şah əsəridir. Dahi şəxsiyyətin “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamını səsləndirən rektor əbədiyaşar liderin bütün ömrünü canından çox sevdiyi Azərbaycanın parlaq gələcəyinə və xalqının rifahına həsr etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderimizin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nəhəng uğurlar, tarixi qələbələr ölkəmiz üçün bu siyasi xəttin alternativsizliyini bir daha nümayiş etdirir.
Ulu Öndərin Azərbaycan-Türkiyə əlaqələrinə hər zaman “Bir millət, iki dövlət” kontekstində yanaşdığını qeyd edən Ş.Bayramov dahi şəxsiyyətin bu münasibətlərin hərtərəfli inkişafına misilsiz töhfələr verdiyini bildirib. Vurğulayıb ki, hazırda qardaşlıq bağlarımızın, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bir millət, iki dövlət, tək yumruq” olaraq daha da güclənməsi və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi olduqca qürurvericidir. Yaradılmasının ikinci yüzilliyinə qədəm qoyan Türkiyə Cümhuriyyətində inşasına başlanılan “Türkiyə yüz ili” strategiyasının Türk dünyasının birliyinin daha da möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edən Ş.Bayramov bu baxımdan elm, təhsil və mədəni əlaqələrin, universitetlərarası əməkdaşlığın önəmindən danışıb. AHBVU ilə MDU arasında işbirliyinin inkişafından söhbət açan rektor tərəfdaşlığın uğurlu nəticələrinin bir nümunəsi olaraq dəyərləndirilən hazırkı konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İ.Quliyev çıxış edərək, səfir Rəşad Məmmədovun salamlarını çatdırıb və qardaş ölkələrin tərəfdaş universitetləri ilə birgə təşkil olunan elmi konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. Səfirliyin dəstəyi və təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Türkiyədə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran birinci katib AHBVU və MDU-nun timsalında Azərbaycan və Türkiyə universitetlərinin bu sahədə birgə səylərini müsbət qiymətləndirib. Müasir Azərbaycanın memarı, xilaskar lideri, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətinin Türk dünyası üçün əhəmiyyətindən bəhs edən İ.Quliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq bağlarının güclənməsində dahi şəxsiyyətin misilsiz rolundan danışıb. Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin daha yüksək səviyyəyə çatdığını qeyd edən İ.Quliyev güclü Türkiyənin bütün Türk dünyası üçün mühüm önəm kəsb etdiyini vurğulayıb. Qardaş ölkələrin çətin zamanlarda hər zaman bir-birinin yanında yer aldığını söyləyən səfirliyin birinci katibi, Azərbaycan və Türkiyənin artıq “Bir millət, iki dövlət, tək yumruq” olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz bir dövrdə tədbirin uyğun bir zamanda təşkil edildiyini bildirən İ.Quliyev konfransın işinə uğurlar arzulayıb.
Daha sonra konfrans AHBVU-nun prorektoru, professor Orhan Kurtoğlunun moderatorluğu ilə paneldə davam edib. Paneldə MDU alimlərindən Asim Məmmədov və Günel Yunusova, AHBVU alimlərindən Fırat Purtaş və Nasrullah Uzman məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən, ikitərəfli əlaqələrin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən, Ulu Öndərin türk xalqlarının ədəbiyyatının inkişafına töhfələrindən, Qarabağ Zəfərinə qədər və sonrakı dövrlərdə qarşılıqlı əlaqələrin vəziyyəti və inkişaf perspektivlərindən bəhs edilib.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Panel müzakirələrdən sonra xatirə hədiyyələri təqdim edilib.
|
|
24.06.2023 | 09:02 | |
|
|
|