Fakültələrarası futbol turniri start götürüb

Naxçıvan Dövlət Universitetində fakültələrarası futbol turnirinə start verilib.  Yarışın açılışında universitetin rektoru, AMEA-nın muxbir üzvü Saleh Məhərrəmov universitetin hər il keçirdiyi idman yarışlarından danışıb. Ali təhsil ocağının hər bir sahədə olduğu kimi idmanda, xüsusən də futbolda nailiyyətlərinin kifayət qədər olduğunu diqqətə çatdıran rektor bu cür idman tədbirlərinin həm tələbələrin  sağlamlığı, həm də asudə vaxtlarının səmərəli təşkilində əvəzsiz rol oynadığını bildirib. Rektor yarış iştirakçılarına uğurlar arzulayıb.

 

“Bədən tərbiyəsi və idman” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, idman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə tələbələrin idmanla məşğul olması könüllülük prinsipinə əsaslanıb. Bunun üçün universitetdə yaradılan idman klubunda 13 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına, həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir.

 

Yarışın baş hakimi, “Fiziki tərbiyə və idman oyunları” kafedrasının dosenti Yusif Vəliyev oyunun keçirilmə qaydaları haqda danışıb.

 

Oyunlar püşkatma ilə müəyyən olunub. Turnirə Beynəlxalq münasibətlər və İncəsənət fakültələrinin oyunu ilə start verilib.

 



10.10.2018 | 17:47