“Azərbaycan fəlsəfi fikir tarixinə müasir baxış” mövzusunda respublika elmi konfransı

Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və hüquq fakültəsində “Azərbaycan fəlsəfi fikir tarixinə müasir baxış” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev açılış nitqində konfransın əhəmiyyətindən danışıb,  Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri ilə yanaşı, NDU-da da fəlsəfə fənninə böyük diqqət olduğunu deyib.

        

“Türk xalqlarının fəlsəfi fikir tarixinin tədqiqinin aktuallığı” adlı çıxışında Bakı Dövlət Univesitetinin (BDU) fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova qeyd edib ki, türk xalqlarının milli dirçəlişi, sosial və mədəni həyatında baş verən dəyişikliklər, milli özünütəsdiq prosesinin sürətlənməsi və müasir dünyaya türk birliyinin inteqrasiya imkanlarının genişlənməsi Türk dünyasına diqqətin artmasına səbəb olan amillərdəndir. 

 

BDU-nun fəlsəfə kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kəmalə Pənahova “Orta əsr Azərbaycan fəlsəfi fikir tarixində Şərq peripatetizminin rolu” mövzusunda çıxış edərək bildirib ki, Şərq dünyasında Məşşailik adı altında tanınan Şərq peripatetizminin tərkib hissəsi olaraq azərbaycanlı filosoflar da bu zəngin fəlsəfə məktəbinə öz töhfələrini veriblər. Qeyd edilib ki, Şərq peripatetikləri Aristotelin elmlərin təsnifatı nəzəriyyəsinə əsaslanaraq öz sələflərindən aldıqları fəlsəfəni nəzəri və əməli olmaqla, iki hissəyə bölürdülər. Birinci hissəyə metafizika, təbiiyyat və riyaziyyat, ikinci hissəyə isə etika, mənzil-məişət məsələləri və siyasət daxil edilirdi.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnsititunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov “Qırmızı Professorlar İnsititunun məzunlarının fəlsəfi tədqiqatları” adlı çıxışında qeyd edib ki, Qırmızı Professorlar İnsititunda təhsilin əsas forması tələbələrin Karl Marksın iqtisadi nəzəriyyəsini, fəlsəfə tarixini, o cümlədən materialist və dialektik təlimləri, inqilabları, sosial-iqtisadi tarixi araşdırdıqları və müzakirə etdikləri seminarlardan ibarət olub.

 

Plenar iclasdan sonra ənənəvi və onlayn bölmədə Fəlsəfə və Sosiologiya İnstitutu, AMEA-nın Naxçıvan Bölməsi, BDU, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mingəçevir Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti olmaqla, ümumilikdə 47 çıxış dinlənilib.



22.06.2023 | 14:18