Məktəbəqədər təhsil zamanı valideynlərə tövsiyələr

Məktəbəqədər təhsil  - məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Bu təlim prosesi uşaqların ümumi təhsilə hazırlığını, eləcə də onların məktəb mühitinə adaptasiya olunmasını təmin edir. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, sosiallaşması məktəbəqədər dövrdə qoyulmuş təməldən çox asılıdır. Buna görə də məktəbəqədər dönəmdə təlim zamanı motivasiyanın formalaşmasına daha çox  diqqət yetirilməlidir.

 

Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsil uşaqların məktəb mühutinə alışması üçün xüsusi bir seçimdir. Bəzi azyaşlı uşaqlar psixoloji cəhətdən məktəbə getmək üçün tam hazır olmurlar. Bəs, problemi aradan qaldırmaq üçün valideynlər nə etməlidirlər?

 

Məktəbəqədər  təhsildən başlayan təlim zamanı şagirdin uğur qazanmasında müəllim və valideynlərin birgə fəaliyyəti danılmazdır.

 

“Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqu Nərmin Abbasova “Azərbaycan müəllimi” qəzetinə uşaqların məktəbəqədər dönəmdə təhsilə düzgün istiqamətlənməsində  valideynlərin xüsusi rolu olduğunu vurğulayır: “ Məktəb həyatının başlanğıcı azyaşlı üçün böyük bir testdir. Çalışmaq lazımdır ki, uşaqlarda məktəbə qarşı əvvəlcədən isti münasibət yaradılsın. Bunun üçün  valideynlərin öz məktəbləri ilə bağlı xoş anlarını və maraqlı xatirələrini  övladları ilə paylaşması tövsiyə olunur. Uşaqları məktəbdə ola biləcək çətinlik və uğursuzluqlarla qorxutmaq düzgün deyil: "səni məktəbə götürməyəcəklər ", "iki alacaqsan", "sinifdə sənə  güləcəklər "- bu kimi ifadələrin nəticəsi heç də uğurlu olmur…

 

Məktəbəqədərki dövrdə uşaqlar tədricən əxlaq normalarını və davranışlarını gözləməyə alışır, eləcə də öz hərəkətlərinə verilən qiymətə münasibətini ifadə etməyi bacarırlar . Onlar, həmçinin bu dövrdən yoldaşlarına qayğı ilə yanaşırlar. Bəzi uşaqlar digər uşaqlarla ünsiyyətdə çətinlik çəkir, eləcə də  tanımadıqları  yetkinlərin yanında  həyəcanlana və özlərini itirə bilirlər . Uşaqlar hər hansı bir çətin vəziyyətdə valideynlərinin dəstəyini hiss etməlidir. Valideynlər də bu çətinliklərin aradan qaldırmasında onlara kömək etməlidirlər. Çalışmaq lazımdır ki, uşaqlarda özünə əminlik ,özgüvənlik hissi yaransın”.

 

Psixoloq bildirir ki,  valideynlər öz övladlarına qarşı münasibətdə müəllim kimi yox, daha çox dostluq münasibətləri əlaqələrini qoruyub saxlamağa çalışsınlar:

 

-Valideynlər erkən yaşlardan övladlarına əşyalarını qaydada saxlamağı öyrətməlidir. Uşaqların rahat dərslərini hazırlaması üçün öz iş masası, qələmləri olmalıdır. Onları müstəqilliyə sövq etmək lazımdır. Bir uşaq müstəqil nə qədər çox iş edə bilərsə, bir o qədər azad seçim etmək bacarığı formalaşar. Müstəqil seçim etmək bacarığının formalaşması uşaqda özünə hörmət hissini inkişaf etdirmiş olur. Valideynlər övladlarına istəklərini, duyğularını, hərəkətlərini idarə etməyi öyrətməlidir.

 

Beləliklə, məktəbəqədər təhsil zamanı yaranan çətinliklərin vaxtında aşkar edilməsi və valideynlər tərəfindən nəzarətdə olması uşaqların gələcək məktəb həyatı üçün vacib addım sayılır. Uşaqların təhsilə müəyyən addımlarla irəliləməsi, onların psixoloji problemlərinin həlli gələcək təhsilləri üçün mühüm əhəmiyyət kəsb edir.

 

Nəzrin SEYİDƏLİYEVA



22.06.2023 | 11:42