Yeni tədris ilindən BMU-da marketinq ixtisası üzrə kadr hazırlığına başlanılır | |
2023/2024-cü tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsində ”Marketinq” ixtisası üzrə kadr hazırlığı aparılacaq.
Növbəti tədris ilinin qəbul planına yeni daxil edilən bu ixtisas müasir dövrdə biznesin ən vacib funksiyalarından biri, bəlkə də birincisi olaraq qəbul edilir. Çünki iqtisadiyyatın subyektləri olan müəssisələr bazar iqtisadiyyatı şəraitində ciddi rəqabət içərisində fəaliyyət göstərməkdədirlər. Məhz marketinq funksiyası sayəsində müəssisələr kəskin rəqabət mühitində ayaqda dura bilir, inkişaf edir və böyüyürlər. Hazırkı şəraitdə müvafiq marketinq tədqiqatları aparmadan, məqsədli bazarı düzgün müəyyən etmədən, müştəri məmnuniyyətini təmin etmədən, optimal əmtəə kompleksi qurmadan, qiymətləndirmə, bölgü, stimullaşdırma və s. kimi məsələlərə elmi-praktiki baxımdan yanaşmadan səmərəli biznes fəaliyyəti göstərmək mümkün deyil.
Bütün bu sadalananların reallaşması üçün marketinq üzrə yüksək səviyyəli kadrlarin olması vacib şərtdir. Nəticə etibarı ilə “Marketinq” ixtisası üzrə kadr hazırlığı müəssisələr başda olmaqla, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Məhz bu ehtiyaclar nəzərə alınaraq, qəbul planına yeni daxil edilmiş sözügedən ixtisas BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin biznesin idarə edilməsi kafedrasında tədris olunacaq.
Təbii ki, yüksək ixtisaslı kadr hazırlığının təmin olunması ilə yanaşı, ixtisasın yaratdığı iş imkanları və üstünükləri də əhəmiyyətlidir. Bu baxımdan, iqtisadiyyatın bütün sahələri üzrə biznes strukturları başda olmaqla, müasir dövrdə qeyri-hökumət təşkilatları, xeyriyyə cəmiyyətləri, dövlət qurumları, hətta fərdi brendin formalaşması kontekstində ayrı-ayrı şəxslər peşəkar marketinq mütəxəssislərinə ciddi ehtiyac duyur. Çünki marketinq, sadəcə maddi baxımdan mənfəətin əldə olunmasına deyil, müsbət ictimai rəyin formalaşmasına da xidmət edir.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə BMU-nun bakalavr pilləsində 30 ixtisas üzrə ümumilikdə 1308 plan yeri ayrılıb (https://beu.edu.az/az/article/bmu-nun-2023-2024-cu-tedris-ili-uzre-qebul-planinda-yeni-ixtisaslar-1641). Onlardan 795 yer Azərbaycan bölməsi, 513 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. Bakalavriat səviyyəsi üzrə yeni tədris ilinin qəbul planında yer alan ixtisaslara “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Kommunikasiya sistemləri mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Mexatronika və robototexnika“ mühəndisliyi daxildir.
|
|
21.06.2023 | 18:00 | |
|
|
|