Aşqarlar Kimyası İnstitutunda 2023-cü ildəki elmi nəşrlərin elmmetrik meyarlarla təhlili aparılıb

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elmi Şuranın iclası keçirilib.

 

Gündəlikdə duran məsələlər haqqında məlumat verən institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, Elmi Şurada institut əməkdaşlarının 2023-ci ilin 6 ayı ərzindəki fəaliyyətinin qısa hesabatı dinləniləcək, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarin elmi-tədqiqat fəaliyyəti müzakirə olunacaq.

 

V.Fərzəliyev qeyd edib ki, elmi tədqiqat müəssisələrinin əsas vəzifələrindən biri yüksəkixtisaslı kadr hazırlığından ibarətdir. Müzakirəni təşkil etməyin əsas məqsədi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə iddia edən doktorant, dissertantların problemlərini təhlil etmək və həllinə nail olmaqdır.

 

İnstitutun icraçı direktoru dosent Əfsun Sucayev institut əməkdaşlarının 2023-cü ilin yarımillik fəaliyyətinin əsas nəticələrinin qısa hesabatını təqdim edib. O, hesabat dövründə elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, AKİ-nin fəaliyyətinin prioritet istiqamətlərinin daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, beynəlxalq və yerli aparıcı elm, təhsil qurumları ilə əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb.

 

İcraçı direktor AKİ-də elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin tətbiqinin təmin edilməsi, institutun mövcud kadr potensialından düzgün istifadə edilməsi istiqamətində atılan addımlardan danışıb.

 

Daha sonra hər bir doktorant və dissertantla ayrı-ayrılıqda fikir mübadiləsi aparılıb.

 

 



21.06.2023 | 17:21