“Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq”

Azərbaycanın Türkiyədəki səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə  “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda Ankarada elmi konfrans keçirilib. AHBVU-nun ev sahibliyi ilə baş tutan konfransda səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak ediblər.

 

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, AHBVU-nun prorektoru  Orhan Kurtoğlu və  Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev çıxış ediblər.

 

Konfrans iştirakçılarını salamlayan AHBVU-nun prorektoru O.Kurtoğlu Türk dünyasının öndər şəxsiyyətlərindən olan Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş belə bir ortaq konfransa evsahibliyi etməkdən məmnunluğunu bildirib. Uzaqgörən və qətiyyətli siyasəti, parlaq ideyaları, türk xalqlarının dəyərləri və ənənələrinə bağlılığı ilə Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin müasir inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edən prorektor hazırda Azərbaycanla olan münasibətlərin digər ölkələrdən tam fərqləndiyini və ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Çıxışında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəni vurğulayan O.Kurtoğlu deyib ki, Qarabağ Zəfəri ilə xalqlarımız gücünü bütün dünyaya nümayiş etdirdi. MDU ilə əməkdaşlığın uğurla davam etdiyini bildirən prorektor səfirliyin və hər iki tərəfdaş universitetin işbirliyi çərçivəsində keçirilən ortaq konfransın təşkilatçılarına və məruzəçilərinə təşəkkür edib.

 

MDU-nun rektoru Ş.Bayramov çıxışında Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsinin Ulu Öndərin müstəsna xidmətlərindən olduğunu qeyd edərək bildirib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan, şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderin şah əsəridir. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nəhəng uğurlar, tarixi qələbələr ölkəmiz üçün bu siyasi xəttin alternativsizliyini bir daha nümayiş etdirir.

 

“Heydər Əliyev İli” çərçivəsində Türkiyədə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İ.Quliyev AHBVU və MDU-nun timsalında Azərbaycan və Türkiyə universitetlərinin bu sahədə birgə səylərini müsbət qiymətləndirib.

 

Daha sonra konfrans AHBVU-nun prorektoru professor O.Kurtoğlunun moderatorluğu ilə paneldə davam edib.

 



21.06.2023 | 15:17