Növbəti interaktiv “açıq dərs”

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv “açıq dərs”  “Babək rayonu 40: Tarixi və sosial iqtisadi inkişafı” mövzusuna həsr olunub.

 

Dərsi aparan bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov  bildirib ki, Naxçıvan Muxtar Respublikası tərkibində ayrıca inzibati ərazi olan Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qərarı ilə 23 oktyabr 1978-ci ildə yaradılıb. Rayona Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə Babəkin adının verilməsi dahi öndər Heydər Əliyevin tarixi keçmişimizə diqqət və qayğısının parlaq təzahürüdür.

 

Asəf Orucov qeyd edib ki, 828,42 kvadrat kilometr ərazisi, 75 mindən çox əhalisi olan rayonda 35 kənd var. Faydalı qazıntılarla daş duzla, tikinti materialları ilə zəngin olan Babək rayonunda Sirab, Vayxır, Qahab və digər mineral su mənbələri mövcuddur.

 

Diqqətə çatdırılıb ki, rayonda 36 ümumtəhsil məktəb, 5 məktəbdənkənar, bir məktəbəqədər tərbiyə müəssisəsi, 71 mədəniyyət mərkəzi, 2 muzey, 5 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, doğum evi, 2 sahə xəstəxanası, 13 həkim ambulatoriyası, 14 feldşer-mama məntəqəsi, 4 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və digər təşkilatlar fəaliyyət göstərir.

 

Qeyd olunub ki, ötən müddət ərzində, xüsusilə son 22 ildə böyük bir inkişaf yolu keçən Babək rayonu bu gün yeni inkişaf mərhələsinə qədəm qoymaqla özünün tərəqqi dövrünü yaşayır. 



10.10.2018 | 10:45