ADPU-nun Quba filialı Beynəlxalq simpoziuma ev sahibliyi edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Quba Rayon İcra Hakimiyyətinin, Xəzər Universitetinin, MUSIAD Azərbaycanın və filialın birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq simpozium keçirilib.

 

Simpoziumda Quba Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatçı qurumların, ictimai təşkilatların rəhbərləri, şəhid ailələri, ADPU-nun və Xəzər Universitetinin nümayəndə heyəti, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak ediblər.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərindəkı abidəsi və Azərbaycan-Türkiyə qardaşlıq parkı ziyarət edilib.

 

Tədbirə moderatorluq edən Quba filialının direktoru dosent Yusif Alıyev regionda keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, simpoziumun mövzusu olduqca əhəmiyyətli tarixi hadisələri özündə ehtiva edir:” Fəxrlə deyə bilərik ki, türk xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı əsl qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir”.

 

Tədbirdə məruzələrlə çıxış edənlər -  rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Prof. Dr. Muhittin Macid, Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, İstanbul Universiteti Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölüm başkanı Professor Mehmet Ölmez, MÜSİAD Azərbaycanın başqanı Rəşad Cabirli qeyd ediblər ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir; Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub...

 

Simpozium bölmə iclasları ilə davam edib.

 

 



19.06.2023 | 14:16