“Universitet-Dövlət-Sənaye əlaqələrində kommunikasiya problemi: Kim nə istəyir” | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I qrant müsabiqəsinin qalibi olan “Universitet-Dövlət-Sənaye (UDS) əlaqələrində kommunikasiya problemi: Kim nə istəyir” mövzusunda tədqiqat layihəsinin nəticələrinin təqdimatı keçirilib.
Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, millət vəkili, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev, UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Rektor Ə.Muradov UNEC-in daxili vəsaiti hesabına ilk dəfə olaraq qrant müsabiqəsinin keçirildiyini diqqətə çatdıraraq, reallaşdırılan 6 layihənin qiymətləndirilməsinin universitetdənkənar qurum tərəfindən aparıldığını qeyd edib. Qalib olan layihənin mövzusunun aktuallığından bəhs edən rektor, layihəni icra edən UNEC Empirik Tədqiqatlar Mərkəzinin və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçılarına təşəkkürünü bildirib. Rektor UDS əlaqələrinin qənaətbəxş olmadığını, tədqiqat zamanı bu istiqamətdə təhlillərin aparıldığını və tədqiqatın nəticələrinin çap olunduğu kitabın universitetlərə, AMEA və ETN-nın elmi tədqiqat institutlarına, müvafiq özəl sektor nümayəndələrinə təqdim ediləcəyini deyib.
Millət vəkili Etibar Əliyev universitetlərin qrant layihələrinə cəlb olunmasının, UDS əlaqələrinin genişləndirilməsinin vacibliyindən danışıb. Aparılan tədqiqatların davamlılığının yeni layihələrin ərsəyə gəlməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Layihənin icraçısı, Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent Altay İsmayılov tədqiqatla bağlı önəmli məqamları diqqətə çatdırıb. O, UDS əlaqələrində kommunikasiyanın zəif olduğunu vurğulayaraq, biliktutumlu və innovasiyaya əsaslanan məhsulların hazırlanmasının vacibliyindən danışıb.
UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, kafedra müdiri dosent Xətai Alıyev layihə barədə təqdimatla çıxış edib, UDS əlaqələrində mövcud olan problemlər və onların həlli yollarından, aparılan sorğular və təhlillərdən danışıb. Təhlilin nəticəsinə görə, Universitet-Dövlət-Sənaye əlaqələrində problemin əsasən tərəflərararası inamsızlıq və tarixi trayektoriyalardan asılılıqdan qaynaqlandığı bildirib.
Təqdimatdan sonra tədqiqatla bağlı suallar cavablandırılıb, təkliflər səsləndirilib. Tədbir Universitet-Dövlət-Sənaye (UDS) əlaqələrində kommunikasiyanın qurulması ilə bağlı müzakirələrlə davam edib.
|
|
19.06.2023 | 09:48 | |
|
|
|