UTECA -da elmi-praktik konfrans

Azərbaycan Texnologiya Universiteti (UTECA), Lənkəran Dövlət Universiteti (LDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilib.


         

Tədbirə Azərbaycan Texnologiya Universiteti ev sahibliyi edib.  Universitetin rektoru Yaşar Ömərov bilidirib ki, konfransın Heydər Əliyev ilində, Milli Qurtuluş Günü ərəfəsində keçirilməsində məqsəd Azərbaycanın bu günkü hərtərəfli və dinamik inkişaf yolunda irəliləməsinin məhz Ulu Öndərin strategiyasının təntənəsi olduğuna diqqət çəkməkdir. Y.Ömərov tarixi xronologiyaya nəzər salıb, nitqinin sonunda konfransın işinə uğurlar arzulayıb.

 

Daha sonra LDU-nun rektoru Natiq İbrahimov, MDU-nun rektoru Şahin Bayramov çıxış edərək Ulu Öndərin xalqın taleyində, dirçəlişində, dövlət quruculuğunda misilsiz xidmətlərindən, Ümummilli Liderin təhsil strategiyasının davamından, bu çərçivədə 3 universitet arasında əməkdaşlığın perspektivindən bəhs ediblər.

 

UTECA-nın elm və innovasiyalar üzrə prorektoru Mayıs Gülalıyevin moderatorluğu ilə konfransın məruzələri dinlənilib. Məruzəçilər qismində UTECA-nın qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, LDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı Zaur Məmmədov, MDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli, mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış ediblər.

 

Qeyd edək ki, tədbir hibrid qaydada təşkil olunub, hər üç universitetin tədqiqatçıları konfransı Gəncə, Lənkəran, Mingəçevir və respublikanın digər şəhərlərindən izləyə biliblər.


 



16.06.2023 | 17:13