Aşqarlar Kimyası İnstitutunun alimləri 2023-cü ildə 7 patent alıb | |
Azərbaycan elmi öz inkişaf səviyyəsinə görə qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu gün Azərbaycanda elm sahəsində ciddi islahatlar aparılır. Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda da bu sahəni inkişaf etdirmək üçün alimlərimiz istər fundamental, istərsə də tətbiqi sahədə mühüm elmi nəticələr əldə edirlər.
İnstitut əməkdaşlarının 2023-ci ilin 6 ayı ərzindəki fəaliyyəti qənaətbəxş olub. Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasının müdiri Minaxanım Musayevanın verdiyi məlumata görə, bu müddətdə institut əməkdaşları 19 konfransda məqalə və tezislərlə təmsil olunublar. Bu konfransların 9-u respublikada, 10-u isə xaricdə keçirilib, konfranslara 50 tezis (39 tezis respublika konfranslarına, 11 tezis xarici konfranslara) təqdim edilib. 2022-ci illin hesabat dövründə isə bu göstəricilər 14 konfransda 104 tezis və məqalədən ibarət olub ki, həmin konfranslardan 8-i respublikada (97 tezis), 6-sı xaricdə (7 tezis) keçirilib.
Cari ildə müxtəlif elmi jurnallarda institut əməkdaşlarının 23 (5 respublika, 18 xarici jurnallarda), konfrans materiallarında isə 9 məqaləsi (7 respublika, 2 xarici konfrans materiallarında) – cəmi 32 məqalə dərc olunub. İmpakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı 15 (РИНЦ 5, Web Of Science 10) olub. Nəzərə alsaq ki, 2022-ci ilin müqayisə olunan dövründə AKİ alim və mütəxəssislərinin 16 (4 respublika və 12 xarici jurnalda) məqaləsi dərc edilib və bunlardan 13-ü (4 РИНЦ, 9 Web Of Science) impakt faktorlu jurnallardadır, onda bu il elmmetrik göstəricilərin yaxşılaşdırılması istiqamətində əməli addımlar atıldığını söyləmək olar.
Cari ilin hesabat dövründə elmi məqalələrə olan istinadların sayında da artım qeydə alınıb. Belə ki, bu il istinadların sayı 174, 2022-ci ilin I yarısında isə institut əməkdaşlarının məqalələrinə edilən istinadların sayı 160 təşkil edib.
M.Musayeva qeyd edib ki, hesabat dövründə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə AKİ tərəfindən 10 ixtiraya dair iddia sənədi göndərilib, ixtiranın dərci üçün 3 müsbət qərar, 7 patent alınıb.
2022-cü ildə isə bu göstərici Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə göndərilən 11 ixtiraya dair iddia sənədi, ixtiranın dərci üçün 7 müsbət qərar və 1 patentdən ibarət olub.
|
|
16.06.2023 | 16:04 | |
|
|
|