BSU-da Milli Qurtuluş Gününə həsr olunmuş elmi seminar

Bakı Slavyan Universitetində (BSU)  15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi seminar keçirilib.

 

Seminarda çıxış edən BSU-nun rektoru Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün əhəmiyyətindən söz açıb, hər bir xalqı yeniliyə, inkişafa aparan günlərin olduğu kimi, Milli Qurtuluş Gününün də xalqımızın azad olmasına, yeniliyə aparan tarixi gün olduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəlində kommunist münasibətlər sisteminin çökməsi ilə dünyada yaranan yeni geosiyasi reallıqlar kontekstində Azərbaycanın  öz müstəqilliyini yenidən qazanmaq imkanının olduğunu deyib. O, ərazilərimizin bir hissəsinin işğal olunduğu həmin çətin tarixi dönəmdə respublikamızın iqtisadi və beynəlxalq əlaqələri qurmaq üçün böyük bir yol getməli olduğunu xatırladıb. A.Nağıyev tarixə qısa ekskurs edərək, Ulu Öndər Heydər Əliyevin hələ Naxçıvanda olarkən Azərbaycanın dirçəlməsi üçün mühüm addımlar atdığını deyib. 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlərə toxunaraq, hüquqi dövlətin yaradıldığını, bütün sahələrdə inkişafın başladığını, bütün bu addımların Ulu Öndərin dövlətçilik bacarıqlarının nəticəsi olduğunu deyib.

 

A.Nağıyev hazırda Ulu Öndərin siyasi xəttinin və strategiyasının layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib, çiçəklənən ölkənin vətəndaşı olmağımızla fəxr etdiyimizi və bundan sonra da qürur duyacağımızı bildirib.

 

Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova “15 iyun-Azərbaycan xalqının taleyini dəyişən tarix”  adlı məruzəsində  Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin inkişafında mühüm mərhələnin başlanğıcının qoyulduğunu qeyd edib. Ümummilli liderin müdrik və uzaqgörən siyasətindən, misilsiz xidmətlərindən danışıb. O, Milli Qurtuluş Gününün  Azərbaycan dövlətçiliyinin xilası günü kimi həm də ölkənin gələcəyini müəyyən etdiyini bildirib.

 

Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Zəfər tarixinə gələn yolun başlanğıcı” adlı məruzəsində Azərbaycanın zəfərinin bünövrəsinin məhz 15 iyun tarixində qoyulduğunu deyib. Həmin dövrdə baş verən gərgin ictimai-siyasi proseslərə nəzər salaraq,  Ulu Öndər Heydər Əliyevin ölkənin strateji inkişaf planını müəyyənləşdirdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində qazanılan zəfərin Ümummilli Lider tərəfindən müəyyənləşdirilən  siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

 

Elmi seminar müzakirələrlə davam edib.

 



15.06.2023 | 12:50