Müəllimlərin sertifikasiyası

Yeni yüzilliyin  başlanğıcında bir çox ölkələrdə milli təhsil sistemlərinin yenilənməsi və islahatı prosesləri başlandı. Ümumi tendensiya təhsilin keyfiyyətinin artırılması məqsədilə vahid təhsil standartlarının tətbiqi idi. Gələcək müəllimin peşə hazırlığı prosesi təhsil müəssisələrində təhsil aldığı dövrlə bitmir.  Bu, məktəbdə ibtidai uyğunlaşma dövründə (induksiya dövrü) və sonrakı peşə fəaliyyətində də  davam edir. Müəllimlərə öz səriştələrini inkişaf etdirmək və genişləndirmək səylərində dəstək sürətlə dəyişən dünyada həyati əhəmiyyət daşıyır. Demək olar ki, bütün ölkələrdə müəllimlərin səriştələrinin inkişaf səviyyəsinin qiymətləndirilməsi zəruriliyi etiraf olunur.  Bu qaçılmaz zərurət təhsil sistemlərinə və təhsilverənlərə nə qazandırır:

 

- müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edir;

- pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərir;

- yeni səriştələrin formalaşmasına imkan verir;

- tədrisin nəticələrinə nəzarətin təmin edilməsində mühüm rol oynayır ki, bu da onların təkmilləşdirilməsinə kömək edir;

- Bu, müəllimə steykholderlər (maraqlı şəxslər və ya qurumlar) tərəfindən etimad dərəcəsini artırır.

 

Bu hədəflərə çatmaq üçün ayrı-ayrı ölkələrdə təhsil işçilərinin sertifikatlaşdırılması həyata keçirilir. Məsələn, ABŞ-da müəllimlərin sertifikatlaşmasını/attestasiyasını milli standartlar üzrə xüsusi təşkilatlar təşkil edir.

 

ABŞ-da müəllimlərin peşə səriştələrinin  qiymətləndirilməsi müxtəlif yollarla, o cümlədən sertifikatlaşdırma vasitəsilə həyata keçirilir. İki aparıcı təşkilat - 1987-ci ildə yaradılmış Pedaqoqun Peşəkar Standartları üzrə Milli Şurası (National Board for Professional Teaching Standards -  NBPTS) və Yeni Müəllimləri Qiymətləndirmə və Dəstəkləmə Regionlararası Konsorsiumu (Interstate New Teacher Assessment and Support Consortium - INTASC)  birgə səylərlə müəllimlərin milli standartlarını hazırlayıb. Pedaqoqların bu yüksək standartlara uyğunluğu  “çərçivə”, yəni, tövsiyə xarakteri daşıyır. Müxtəlif ştatlarda standartlar və onlara uyğun səriştələrin  sayı fərqlidir.  Ayrı-ayrı ştatlarda peşəkar inkişaf səviyyələri də fərqli şəkildə müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, NBPTS sertifikatı pedaqoji fəaliyyətə giriş üçün lazım olan dövlət sertifikatının əvəzi deyil (tam təhsil kursunu bitirdikdən sonra pedaqoji kolleclərin bütün məzunları bunu alır).  Beləliklə, NBPTS sertifikatı - peşədə yüksək nailiyyətlərin sübutudur. Məktəbdə ən azı 3 il tam iş təcrübəsi olan müəllimlər bu sənədi əldə edə bilərlər.  Milli Şura tərəfindən təşkil olunan sertifikatlaşdırma - peşəkar pedaqoji ictimaiyyətin iştirakı ilə aparılan, könüllü, praktikaya yönəldilmiş, müəllim əməyinin mürəkkəb, çoxşaxəli xarakterini nəzərə alan prosesdir.  Milli Şura müstəqil, qeyri-kommersiya təşkilatıdır və qərarların qəbulunda məktəb müəllimləri bütün mərhələlərdə birbaşa iştirak edirlər.  Milli Şura təhsil keyfiyyətinin artırılmasında maraqlı olan tərəfdaşlarla - dövlət və regional hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları, universitetlər və digər tərəflərlə sıx əməkdaşlıqda çalışır. Sertifikatlaşdırma 25 fənn sahəsi və 7 yaş kateqoriyası üzrə aparılır. Sertifikat 5-10 il müddətində qüvvədədir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra onu yeniləmək olar. Bunun üçün bir qayda olaraq, sertifikatlaşdırma dövrünün bütün mərhələlərini təkrar keçmək tələb olunmur.

 

Avstraliyada 4 ixtisas səviyyəsi var: təhsil kursunu bitirmiş ali təhsil müəssisəsinin məzunları, mütəxəssislər, yüksəkixtisaslı pedaqoqlar və aparıcı pedaqoqlar. Üstəlik, pedaqoq adına iddia edən namizədlərin  seçilməsi universitetlərə qəbul olunmazdan əvvəl keçirilir. Pedaqoji təhsil aldıqdan sonra isə yeni işə başlayan mütəxəssislər müəllim vəzifəsinə qeydiyyata götürülür. Bu müddət ərzində müəllim adına  iddiaçılar tədris və təhsilin təhlili, mentorla iş haqqında məlumatlar, inkişaf proqramları və onun həyata keçirilməsi ilə bağlı nəticələr olan portfolionun toplanması ilə illik uyğunlaşma dövründən keçirlər. Avstraliyada sertifikatlaşdırmanın vəzifələri aşağıdakılardır:

 

- müəllimin təmin etdiyi tədrisin keyfiyyətini müəyyənləşdirmək;

- müəllimlərə peşə fəaliyyətində özünürefleksiya (özünü təqdimetmə) imkanı vermək;

- nəticələrinin tanınması və ya təhsil müəssisələrinin yüksəkixtisaslı, aparıcı əməkdaşlarının mükafatlandırılması/təşviqi ilə keyfiyyətli tədris sisteminin təmin edilməsi.

 

Yaponiyada sertifikasiya prosesində   “üç səviyyəli sınaq” tətbiq olunur: 1)pedaqoji nəzəriyyə üzrə test; 2)konkret fənn materialını dərindən bilmək, metodik bacarıq və səriştələr; 3)namizədlə müsahibə, o cümlədən müəllimin kommunikativ səriştələrinin, komandada işləmək bacarığının, peşəkar bacarıqlarının, dəyərli mövqelərinin qiymətləndirilməsi. Bu model məktəblərdə işləmək üçün müəllimlərin seçilməsini nəzərdə tutur və prefekturaların (inzibatı ərazi vahidləri) rəhbərləri tərəfindən aparılır.

 

Almaniyada müəllimlik statusu almaq hətta magistrantlara  belə mümkün deyil. Ali məktəbin məzunu müəllim hazırlığının iki mərhələsindən keçməlidir:

* nəzəri - universitetdə təhsil almaq və birinci dövlət imtahanından keçmək;

* praktiki reenerdariat - təhsil müəssisəsində təcrübə və ikinci dövlət imtahanından keçmək.

 

Məzunların pedaqoji hazırlığını gənc müəllimlərlə işləməkdə mühüm rol oynayan pedaqoji təhsil mərkəzi həyata keçirir. Burada məzunlar dövlət imtahanlarını verir, təcrübə dövründə tam dəstək alır, nəticədə iki prosedurdan ibarət imtahan verirlər: tədris olunan iki fəndən hər biri üzrə bir açıq dərs, tədqiqat və kollokvium mövzusu üzrə müstəqil yazılı iş (şifahi imtahan).

 

Əgər iddiaçı iki dərs üçün kifayət qədər bal toplaya bilməsə, onda yazılı sınaq işinə və kollokviuma icazə verilmir. Kollokvium müəllim tərəfindən seçilən mövzuda müzakirə, fikir mübadiləsi formatında keçirilir. Bu imtahandan uğurla keçmək üçün namizədlər pedaqoji təhsil mərkəzində hazırlıq kursuna cəlb olunurlar. Müəllimin sonrakı peşəkar inkişafı  xidməti qiymətləndirmə ilə müəyyən edilir.

 

Avropa ölkələrində, ABŞ-da, Avstraliyada pedaqoqların peşə fəaliyyətinin qiymətləndirilməsində aşağıdakı oxşar meyillər aşkar edilir:

 

- bu gün təhsilin modernləşdirilməsi prosesinin mərkəzi fiquru müəllimdir, təhsilin keyfiyyəti məhz ondan asılıdır;

- müəllimlər tərəfindən peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif maddi və qeyri-maddi stimullardan, həmçinin normativlərdə əksini tapmış, praktik fəaliyyətə başlamaq üçün  pedaqoji ixtisas səviyyəsinin icbari  qiymətləndirilməsindən istifadə olunur.

 

Ukraynada müəllimlərin sertifikatlaşdırılması ilk pilot layihə olaraq 2019-cu ildə keçirilib, o zaman 857 qeydiyyatdan keçmiş 705 pedaqoq sertifikatlaşdırmada uğur qazanıb. 2020-ci ildə könüllü sertifikatlaşdırma üçün 2000 kvota  üzrə 1591 nəfər qeydiyyata alınıb. 902 ibtidai sinif müəllimi sertifikatlaşdırma prosedurundan uğurla keçib. 2021-ci ilin fevralından başlanan sertifikatlaşdırmada isə 2000-dən çox pedaqoq iştirak edib. Rəqəmlər ukraynalı müəllimlərin sertifikatlaşmaya artan  marağını əks etdirir.  Ukraynada sertifikasiya könüllüdür, pedaqoq prosesin istənilən mərhələsində iştirakdan  imtina edə bilər. Sertifikat üç il müddətindədir. Güman edilir ki, gələcəkdə “Yeni Ukrayna məktəbi” islahatının inkişafı ilə əlaqədar sertifikatlaşdırma müəllimlərin attestasiyasını əvəz edəcək. Ukraynanın Təhsil Ombudsmanı Xidməti hesab edir ki, sertifikatlaşdırma müəllimə ixtisas dərəcəsi vermək üçün əsasdır. Ombudsman  Xidməti sertifikatlaşdırma və ixtisaslaşma arasında fərqləri  müəyyən edir.  Qanuna görə, sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçmək müəllimin attestasiyadan keçməsi kimi hesablanır, həmçinin ona müvafiq ixtisas kateqoriyası və ya pedaqoji ad verilməsində əsas olur. “Əgər müəllim sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçibsə, ona sertifikat verilir ki, o, növbəti ixtisas kateqoriyasına və ya pedaqoji ada  layiq görülsün”,  - deyə Ombudsmanın mətbuat xidməti qeyd edir.

 

Qeyd olunur ki, sertifikatlaşdırma müəllimlərin peşəkar səlahiyyətlərinin xarici qiymətləndirilməsidir. Onun məqsədi bacarıqlı, tədris metodlarını və yeni təhsil texnologiyalarını bilən, onların yayılmasına kömək edən yüksək səviyyəli müəllimləri müəyyənləşdirmək və təşviq etməkdir. Ukraynada sertifikatlaşdırmadan uğurla keçmək əməkhaqlarında 20% artım əldə etməyə imkan verir və növbəti (növbədənkənar) attestasiyadan keçmək kimi qiymətləndirilə  bilər.

 

Rusiya Federasiyasında pedaqoji kadrların peşəkar standartına yönəldilmiş sertifikatlaşdırılma sisteminin tətbiqində xarici təcrübədən fəal istifadə olunur. Xarici təcrübənin təhlili deməyə əsas verir ki, müəllimlərin peşə ixtisaslarının və səriştələrinin  sertifikatlaşdırılması təhsilin yüksək keyfiyyətini təmin etmək üçün səmərəli ictimai-dövlət tədbiri ola bilər. Rusiyada attestasiyanın əsas vəzifələri aşağıdakı kimi müəyyən olunub:

 

- pedaqoji işçilərin ixtisas səviyyəsinin, onların metodoloji mədəniyyətinin, şəxsi peşə inkişafının məqsədyönlü, fasiləsiz yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi;

- pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması;

- pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi;

- təhsil müəssisələrinin kadr heyətinin formalaşdırılması zamanı dövlət təhsil standartlarının tələblərinin nəzərə alınması;

- pedaqoji işçilərin ixtisasının artırılması zərurətinin müəyyənləşdirilməsi;

- Pedaqoji işçilərin əməkhaqqı səviyyəsinin fərqləndirilməsini təmin etmək.

 

Qazaxıstanda isə normativ-hüquqi sənədlərdə edilən dəyişikliklərə müvafiq olaraq bu ildən pedaqoji  ali məktəblərin məzunlarının sertifikasiyasına başlanılıb. Normativ-hüquqi sənədlərdəki dəyişikliklərə uyğun olaraq, artıq bu ixtisasa daxil olacaq pedaqoji istiqamətlərin məzunları sertifikatlaşdırmadan keçəcəklər. Yəni, bu peşəyə ilk dəfə başlayanlar milli ixtisas testinin sertifikatına sahib olmalıdırlar. Onlar məktəbə qəbul edildikdən sonra pedaqoji bacarıqlarını praktikada göstərməli, sertifikat almalı, pedaqoji ixtisas dərəcəsi əldə etməli və yalnız bundan sonra müəllim kimi işləyə bilərlər.

 

Beləliklə, müasir çağırışlar dövründə Yeni Müəllimin hazırlanması dünyanın fərqli ölkələrində həyata keçirilən sertifikasiya proseslərinın əsas hədəfi olmaqla,   xüsusi aktuallıq kəsb etməkdədir. Bu məsələ  həm də 2030-cu ilədək BMT-nin əsas hədəflərindən olan IV Dayanıqlı  İnkişaf Məqsədlərinə (Keyfiyyətli təhsil) nail olunmasını nəzərdə tutur  ki, məqsəd yaxın 10 il ərzində ixtisaslı müəllimlərin sayının artırılmasını təmin etməkdir.

 

Oruc MUSTAFAYEV

 



15.06.2023 | 12:43