Maliyyə Nazirliyinin əməkdaşları ilə BMU tələbələrinin görüşü olub

Bakı Mühəndislik Universitetinin (BMU) iqtisadiyyat və idarəetmə fakültəsinin sonuncu kurs tələbələrinin Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşü keçirilib.

 

Fakültənin dekanı Mayis Əzizov universitetlə dövlət və özəl müəssisələr arasında qurulan əməkdaşlığın, həmçinin karyera hədəflənməsinə yönələn bu tip tədbirlərin təşkilinin tələbələr üçün əhəmiyyətindən danışıb.

 

Sonra Maliyyə Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elman Hüseynov, Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktor müavini Zaman Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəna Hüseynova və İnsan resurslarının idarə edilməsi şöbəsinin əməkdaşı Ləman İsmayılova təqdimatlarla çıxış ediblər.

 

Çıxışlarda Maliyyə Nazirliyinin tarixi, fəaliyyət istiqamətləri, strukturu, işə (dövlət qulluğuna) qəbul qaydalarının əsas prinsipləri, namizədlərin işlə təminatı mərhələləri, dövlət qulluğunun üstünlükləri və s. barədə məlumat verilib.

 

Görüşdə sonuncu  kurs tələbələrinin Maliyyə Nazirliyinin müvafiq struktur bölmələrində işə cəlb olunması, təcrübə mübadiləsi kimi məsələlərə toxunulub, tələbələrin bu və digər istiqamətlərdə sualları cavablandırılıb.

 

 



14.06.2023 | 17:24