Naxçıvan Müəllimlər İnstitutundan 337 bakalavr, 39 magistr məzun oldu

Naxçıvan Müəllimlər İnstitutunda “Məzun Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə  professor-müəllim heyəti, məzunlar, onların valideynləri, tələbələr və əvvəlki illərin bir qrup məzunu iştirak edib.

 

Əvvəlcə institutun professor – müəllim heyəti və məzunlar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış heykəli önünə gül dəstələri qoyub, sonsuz ehtiramlarını bildiriblər.

 

İnstitutun rektoru Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunun 23 illik fəaliyyətindəki uğurlardan, bu müddətdə instituta göstərilən dövlət qayğısından danışıb. Naxçıvan Müəllimlər İnstitutunun tarixinə qısa nəzər salaraq qeyd edib ki,  hələ 2004-cü ildə “İbtidai təhsilin pedaqogikası və  metodikası” ixtisasıni bitirən 27 tələbə məzun olub:”Ondan sonra hər il Naxçıvan Müəllimlər İnstitutunun maddi-texniki bazası, kadr potensialı artırılıb, burada yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb. Hazırda 1400-dən artıq tələbə kontingenti olan institutda 15 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr, 5 ixtisas üzrə doktorantura üzrə kadr hazırlığı aparılır və yeni tədris ilindən  “Korreksiyaedici təlim” ixtisası üzrə də kadr hazırlığı aparılacaq. Həmçinin institutun nəzdində Prezident yanında Ali Attestasiya Komissiyasının 2 istiqamət üzrə fəlsəfə doktorluğu müdafiə etmək üşün Dissertasiya Şurası da fəaliyyət göstərir. Naxçıvan Müəllimlər İnstitutundan bu il 11 ixtisas üzrə 337 bakalavr, 4 ixtisas üzrə 39 magistr məzun olur”.

 

İnstitutun gələcək perspektivlərindən danışan A.Novruzov bildirib ki, müəllim kadrları hazırlayan təhsil müəssisəsi kimi bu gün əsas məqsəd müasir kompetensiyalara cavab verə bilən, özünü hər sahədə mükəmməl səviyyədə doğrultmağı bacaran, əsl vətənpərvər şəxsiyyətlər formalaşdırmaqdır:”Bu istiqamətdə institutumuzda təhsil alan və məzun olan hər bir tələbənin üzərinə böyük məsuliyyət düşür. Gənclər heç vaxt aldıqları biliklərlə kifayətlənməməli, yaradılmış ömürboyu təhsil imkanlarından geniş istifadə etməli, gələcək həyatlarını daha uğurlu qurmalı, Azərbaycanın yeni quruculuğunda fəal iştirak etməlidirlər”.

 

Ali təhsil illərinin insan həyatının ən gözəl və unudulmaz dövrü olduğunu vurğulayan rektor əlamətdar ildə məzun olmaları münasibətilə tələbələri, onların valideynlərini təbrik edib, gələcəkdə onların yaxşı ixtisaslı kadr kimi əmək bazarında uğurlu olacaqlarına əminliyini bildirib.

 

İnstitutun  prorektoru Həbibə Allahverdiyeva, Elmi katib Qurban Qurbanlı və fakültə dekanları Samirə Həsənova və Rövşən Vəliyev, Tədris şöbəsinin müdiri Əhruz Mahmudova məzunları təbrik edib, onlara gələcək fəaliyyətləri ilə bağlı arzularını çatdırıblar.

 

Sonra “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə V kurs tələbəsi Aysun Kərimova bütün məzunlar adından çıxış edərək onların təhsil almaları və hərtərəfli inkişafları üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib:”Bu gün bizim həyatımızda unudulmaz günlərdən biridir. Çünki ali məktəb, peşə seçimi insan həyatının ən önəmli məqamıdır. Biz təhsil aldığımız müddətdə bütün istiqamətlərdə dövlətimizin qayğısını Naxçıvan Müəllimlər İnstitutu nümunəsində hiss etmişik”. A.Kərimova çıxışının sonunda məzunlar adından Vətənə, millətə layiqli övlad olacaqlarına, daim onlara göstərilən etimadı doğruldacaqlarına söz verib.

 

Tədbirin bədii hissəsində institutun teatr studiyasının üzvləri və məzunların iştirakı ilə rəqslər nümayiş etdirilib, gözəl musiqi nömrələri səsləndirilib, səhnəciklər təqdim olunub.

 



14.06.2023 | 11:16