ADPU-da beynəlxalq elmi seminar: “Heydər Əliyev və Türk dünyası” | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Türkoloji mərkəzdə “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq elmi seminar keçirilib.
Seminarda AMEA-nın Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, professorlar- Həbib Zərbəliyev, Hüseyn Əsgərov, Nizami Tağısoy, ADPU-da səfərdə olan Özbəkistan nümayəndə heyətinin üzvləri və Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiyadan tədbirə onlayn qoşulan alimlər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Türkoloji mərkəzin rəhbəri professor Mahirə Hüseynova qeyd edib ki, Türk dünyası ilə sıx qarşılıqlı əlaqələrin qurulması və bərpası Ulu Öndər Heydər Əliyevin fəaliyyətində əsas xətlərdən birini təşkil edir. Bütün Türk dünyasının böyük oğlu olan Heydər Əliyevin 100 illik yubileyi qardaş türk ölkələrində də silsilə tədbirlərlə qeyd olunur.
Sonra müxtəlif xarici ölkələrdən seminara qatılan alimlərdən professor Şükrü Haluk Akalın “Heydər Əliyevin elm və təhsil mövzulu məqalə, çıxış və açıqlamalarının lüğət tərkibi ilə bağlı araşdırma” (Türkiyə), Yekaterinburq Ural Federal Universitetinin Beynəlxalq münasibətlər departamentinin xarici regionşünaslıq kafedrasının müdiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının icraçı direktoru professor Aleksandr Nesterov “Qərbi Azərbaycan: regionun tarixi konsepsiyası” (Rusiya), Rusiya Elmlər Akademiyasının akademiki, Çinin Xeksi Universitetindən dəvət olunmuş professor, Şakarima adına Qazaxıstan Dövlət Universitetinin fəxri professoru Baybolot Abıtov “Sovet və postsovet Azərbaycanının fövqəladə və yaradıcı şəxsiyyəti: Heydər Əliyev” (Qırğızıstan, Oş Dövlət Universiteti), professor Burhan Sayılır “Heydər Əliyev dövründə Türkiyə-Azərbaycan əlaqələri” (Türkiyə, Anadolu Universiteti), akademik Alimjan Xamrayev “Heydər Əliyev dövründə Qazaxıstan-Azərbaycan ədəbi əlaqələri” (Qazaxıstan) və Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın isə “Heydər Əliyev və Azərbaycan diasporu” (Türkiyə) mövzularında onlayn formatda məruzələrlə çıxış ediblər.
Daha sonra Türkoloji mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri professor Elman Quliyev “Heydər Əliyev və türk xalqları ədəbiyyatı”, mərkəzin Türk dilləri bölməsinin müdiri professor Mirvari İsmayılova isə “Heydər Əliyev və türk mənəvi dəyərləri” mövzularında məruzə ediblər.
|
|
13.06.2023 | 17:48 | |
|
|
|