Bakı Ali Neft Məktəbinin Dyuk Universiteti ilə birgə “Məzun Günü” | |
Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi ilə həyata keçirilən ABŞ-ın Dyuk Universitetinin Peşəkar Layihə Menecmenti sahəsi üzrə xüsusi beynəlxalq təlim proqramının (Layihələrin İdarəedilməsi Məktəbi - SPM) növbəti Məzun Günü keçirilib.
Tədbirdə SOCAR prezidentinin müşavirləri Aygün Hüseynova, Ziba Mustafayeva, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BANM-ın rektoru Elmar Qasımov, proqramın məzunları və onların ailə üzvləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən BANM-ın rektoru Elmar Qasımov məzunları təbrik edərək bildirib ki, Ali Məktəb ingilisdilli yüksəkixtisaslı, mühəndis kadrlar hazırlamaqla yanaşı, bu cür beynəlxalq səviyyəli təlim proqramlarını da yüksək səviyyədə həyata keçirir. O, Bakı Ali Neft Məktəbinin belə təlimlərə təşkilatçılıq etməsini qürurverici adlandıraraq vurğulayıb ki, bu layihə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rola malikdir. Rektor uğurla həyata keçirilən Layihələrin İdarəedilməsi Məktəbinin indiyədək 240 nəfər məzunu olduğunu və onların müxtəlif yüksək vəzifələrdə çalışdıqlarını əlavə edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən, Layihələrin İdarəedilməsi Məktəbinin məzunu Zəfər Qurbanov çıxışında bu proqramın əhəmiyyətindən bəhs edərək faydalı bilik və bacarıqların qazanıldığını, burada öyrədilənlərin uğurla tətbiq olunacağını vurğulayıb.
Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, BANM-ın bu layihəni uğurla həyata keçirməsinin qürurverici olduğunu vurğulayaraq proqramın iştirakçılarının peşəkar karyeralarına böyük töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra məzunlardan “Azercell Telecom”un Təchizat zəncirinin idarəedilməsi şöbəsinin direktoru Azər Kərimov və GL Tağıyev Əməliyyat Şirkətinin əməliyyat meneceri Ramin Quliyev çıxış edərək Layihələrin İdarəedilməsi Məktəbi çərçivəsində əldə etdikləri yeni biliklərin onların peşəkarlıqlarının yüksəlməsinə faydalı praktiki töhfələr verdiyini bildiriblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, budəfəki proqramdan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, “Azərcell Telekom”,“Xalq Bank” "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, “Rabitəbank” ASC, bp, “Paşa Həyat Sığorta”, GL Tağıyev Əməliyyat Şirkəti, DOST Agentliyi, İnnovasiyalar Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışan 22 iştirakçı məzun olub. 8 aylıq kurs müddətində iştirakçılara 7 modul üzrə təlim kursları keçirilib. Təlimlər beynəlxalq səviyyəli peşəkar müəllimlər tərəfindən aparılıb.
|
|
13.06.2023 | 15:45 | |
|
|
|