Film və seriallarda dilimizin saflığının qorunması vacibdir

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin həyata keçirdiyi “Bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin saflığının qorunması” layihəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda tanınmış ziyalılar, alim-mütəxəssislər, Filologiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru,  professor, Azərbaycan Dövlət Dil Komissiyasının üzvü Buludxan Xəlilov bildirib ki, qloballaşan müasir dünyamızda dillərin rəqabəti gedir. Biz döğma dilimizi qorumalı, yaşatmalı, təbliğ və inkişaf etdirməliyik.

 

Layihənin rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov tədbirin keçirilməsinə verdiyi dəstəyə  görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, “Bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin saflığının qorunması” layihəsi uğurla icra olunub, son illər istehsal olunmuş bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin istifadəsində yol verilən ciddi qüsurlar aşkar edilib. T.Novruzov layihənin icrası zamanı aparılan araşdırmaların nəticələri barədə məlumat verərək, bu istiqamətdə gerçəkləşən layihələrin əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin aprel ayında imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın həyata keçməsində vətəndaş cəmiyyətinin rolundan danışıb.

 

Konfransda layihə çərçivəsində istehsal edilmiş “Kinomuz və dilimiz” sənədli filmi nümayiş etdirilib.

             

Filmin nümayişindən sonra layihənin ekspert qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın məruzəsi dinlənilib.

 

Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Xalq artisti Azad Şükürlü, xalq artistləri Ofelya Sənani, Eldost Bayram, professor Qulu Məhərrəmli, kinorejissor Əbdül Mahmudbəyov, kinorejissor Ayaz Salayev, Azərbaycan Kino Birliyinin sədri Müşfiq Hətəmov, tarixçi-araşdırmaçı Əkrəm Bəydəmirli və başqaları çıxış edərək Azərbaycan dilinin saflığının qorunmasına bütün cəmiyyətin ciddi yanaşmalı olduğunu, film və serial müəlliflərinin bu sahədə mövcud olan qüsurların aradan qaldırılması işinə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd ediblər.  

 



09.10.2018 | 16:17