Peşəsini sevən və sevdirən müəllim | |
Bakı şəhəri Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rafiq İslam oğlu Məmmədov. Bu, təltiflərlə dövlətdən, qazandığı sevgi ilə şagirdlərindən öz qiymətini almış bir müəllimin hekayəsidir. “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, “Tərəqqi” medallı, iki dəfə “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi, “Əməkdar müəllim” Rafiq Məmmədov uşaqların onun fənnini nə üçün sevdiklərindən danışdı. Azərbaycan müəllimi... bu gün ürəyi məktəblə döyünən, şagirdi üçün yanan, təhsil üçün qovrulan bir müəllimin uğur hekayəsi ilə tanış olaq.
Rafiq müəllim haqqında bir neçə söz...
Çoxillik fəal müəllim həyatını bir neçə sözlə ifadə eləmək, böyük bir ömrü bir məqaləyə sığdırmaq heç asan olmasa da, çalışdığım qədər müsahibimin gördüyü işlərin bir hissəsini sizinlə paylaşmağa çalışacağam. Bir sıra dərslik və dərs vəsaitlərinin müəllifi olan qəhrəmanım 1997-ci ildən Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya fənni üzrə ekspert şurasının üzvüdür. DİM-də ali və orta ixtisas məktəblərində qəbul imtahanları üçün coğrafiya proqramlarının hazırlanmasında müəllif, çoxlu sayda atlas və xəritələrin hazırlanmasında isə müəllif və layihə rəhbəri kimi iştirak edib. Uzun illər Bakı şəhəri Binəqədi rayon Təhsil Şöbəsində coğrafiya fənni üzrə metodist-müəllim kimi çalışıb. 1999-2002-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki DİM) nəzdindəki “Abituriyent” hazırlıq kursunda müəllim kimi fəaliyyət göstərib.2002-2016-cı illərdə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Coğrafiya üzrə təlim rəhbəri olub. O, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin də sayılıb-seçilən müəllimlərindən biri olaraq tanınıb. 2001-ci ildən burada Coğrafiya kafedrasında baş müəllim, 2004-cü ildən Coğrafiya kafedrasının müdiri, 2015-ci ildən 2017-ci ilədək Tarix-Coğrafiya kafedrasının müdiri vəzifəsində çalışıb. Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvüdür. 2006-2012-ci illərdə Təhsil Nazirliyinin Manitorinq və Qiymətləndirmə şöbəsində coğrafiya fənni üzrə ekspert, 2009-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə milli məsləhətçi kimi fəaliyyət göstərib. Amma hər şey bu saydıqlarımla bitmir.
Ən yaxşı müəllim kitabdan deyil, ürəkdən öyrədəndir
Bu qədər çox etimadın göstərilməsi üçün necə bir yol keçməlisən? Rafiq Məmmədov yaxşı müəllim kimi özündən bəhs etdirməyi bacarıb. Qatıldığı müsabiqə və yarışların dəfələrlə qalibi olaraq yaxşı müəllim olduğunu sübuta yetirib. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələrinə əsasən ixtisası üzrə 100% nəticə göstərib.
Təhsil millətin gələcəyidir, deyirdi Heydər Əliyev. Müəllim adından yüksək ad tanımırdı Ulu Öndər. “Düşünürəm ki, əsl müəllim öz peşəsini və fənnini ürəkdən sevməlidir. Bunun üçün müəllimin kifayət qədər biliyi olmalı, bu sahədə özünü daim inkişaf etdirib, ixtisası üzrə söz sahibi olmağı bacarmalıdır”.
Bu qədər iddialı bir müəllim. Məktəbdə ən yaxşı dərs də onundur, ən maraqlı dərs də, ən müasir dərs də: “Yeni texnologiyalardan maksimum istifadə edərək dərs demək çox xoşuma gəlir. Müəllim şagirdlərinin meyil və marağına uyğun maraqlı dərslər qurmalıdır. Müasir təhsilin tələblərinin ödənildiyi dərs şagird maraqlarına uyğun olmalıdır. Elə bu maraqlar əsnasında şagird-müəllim münasibətləri formalaşır. Tez-tez valideynləri və gənc müəllimləri dərslərimə dəvət edirəm. Mən bundan çox şad oluram”.
Onun dərsinin fərqi nədir ki? Bunu özündən də soruşuruq. Niyə sevirlər dərsinizi, Rafiq müəllim?
Dərsinin özəlliyindən danışarkən deyir ki, təbiəti çox sevirəm, çox yerləri gəzib-görmüşəm. Gördüklərimin dərs prosesində çox faydası olur. Təbii ki, təkcə bu yetərli deyil. Coğrafiya fənninin özəllikləri çoxdur, məsələn, coğrafiya-təbiətdir, coğrafiya-iqtisadiyyatdır, coğrafiya-cəmiyyətdir, coğrafiya-dünyagörüşdür, coğrafiya-vətənpərvərlikdir. Coğrafiya müəllimi müasir dünyanı müntəzəm izləməli və dünyamızda gedən bütün fiziki, iqtisadi, siyasi proseslərdən xəbərdar olmalıdır. Çünki coğrafiya dərsləri müasir düyamızda baş verən proseslərdən vaxtında xəbərdar olub onu müşahidə və müzakirə etməyi tələb edir. Bu günün şagirdinə gələcəyin elm adamı, siyasətçisi təsərrüfat rəhbəri kimi baxmaq lazımdır. Bu gün bizim vəzifəmiz yeni “Müasir İnsan” yetişdirməkdir. Müasir insan çevik düşünən, hərtərəfli bilik və bacarıqlara malik, dəqiq qərar verməyi bacaran xüsusiyyətlərə malik olmalıdır.
Hər müəllimin də bir müəllimi var
Öz üzərində çalışmağına çox səy göstərib. Amma yaxşıların yaxşısı olmasının səbəbi, sadəcə bu deyil. Rafiq müəllim deyir ki, onun bu səviyyəyə çatmasında böyük pay sahibi olan bəzi amillər də var. Məsələn, doğulub boya başa çatdığı kəndlərində, oxuduğu məktəbdə, işlədiyi təhsil müəssisəsində, hətta böyüdüyü ailədə örnək olan müəllimlər olub. Yeri gəlmişkən, çox fəxrlə qeyd etməliyəm ki, fəaliyyətimdə korifey coğrafiyaçıların da böyük rolu olub, akademik Budaq Budaqov, professor Müseyib Müseyibov, professor Elbrus Əlizadə... Hal-hazırda böyük coğrafiyaçılardan Fərda İmanovla, Zakir Eminovla, Oktay Alxasovla, Dadaş Ələsgərovla, Nərminə Seyfullayeva ilə əməkdaşlığımız davam edir.
Rafiq Məmmədov əslən Qərbi Azərbaycanın Körpülü kəndindəndir. Babası Qoca bəy Qori seminariyasının məzunu olub. Müsahibim deyir ki, “ Sovet hakimiyyəti qurulanda babam bütün var-dövlətini verib hökumətə, əvəzində kəndimizdə məktəb açıb, özü dərs deyib, coxlu müəllimlər yetişdirib. Ailəmizdə başqa müəllimlər də olub. Dayım, xalam, böyük qardaşım Babək, həyat yoldaşım Tehran xanım da çox dəyərli və şərəfli müəllim ömrü yaşayıblar”. Məktəb yaradan, idarə edən şəxslərin gördüyü işlərdən, yaşadıqları həyatdan təsirlənib. Üstünə bir də müəllimlərinin ona öz peşələrini sevdirməsini də əlavə etsək: “Mənim elə bir müəllimlərim olub ki... Müəllimlərim kimi müəllim olmaq istəmişəm mən də. Hələ təhsil aldığım orta məktəbim! 70-cı illərdə oxuduğum kənd məktəbində kimya, fizika laboratoriyaları vardı, böyük kitabxanası, oxu zalı, idman zalı, müxtəlif dərnəklər və s. təsəvvür edə bilirsiniz? Belə bir məktəbdə təhsil almışam”.
Müəllimlik uzun bir yol, Rafiq Məmmədov da o şərəfli və müqəddəs yolun yolçusudur. İndiyədək “yoruldum” demədən, dincini almadan yol gəlir. Və şərəfli müəllim ömrünü elə şərəflə də yaşayır.
Ruhiyyə DAŞSALAHLI |
|
11.06.2023 | 14:26 | |
|
|
|