Buraxılış və qəbul imtahanlarının yeni modeli açıqlandı | |
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli (tapşırıqların sayı) açıqlanıb.
I mərhələdə hər fənn üzrə ən yüksək nəticə 30 bal olacaq.
Birinci mərhələdən fərqli olaraq II mərhələdə hər fənn üzrə ən yüksək nəticə 70 bal olacaq. Bu mərhələdə şagirdlər 2 saat 15 dəqiqə ərzində tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat və xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) üzrə hər birindən 30 qapalı suala cavab verəcəklər.
Şagirdlər imtahanda riyaziyyatdan 7 həllin yazılması tələb olunan açıq tapşırıq, 5 açıq tapşırıq, 13 qapalı tapşırıq olmaqla cəmi 25 tapşırıq yerinə yetirməlidir.
Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) üzrə şagirdlərin dinləmə, oxuyub anlama və dil qaydalarına dair bilik və bacarıqları 30 tapşırıq əsasında yoxlanılacaq. Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıqdan 3-ü qapalı, 3-ü yazı tələb olunan açıq sualdan təşkil ediləcək. Oxuyub-anlama mətninə dair 8 tapşırıqdan isə 4 qapalı, 4 yazı tələb olunan açıq sual qoyulacaq. Şagirdlərin dil qaydalarına dair biliyii 16 qapalı tapşırıqla müəyyənləşdirilməyə çalışılacaq.
11 illik təhsil bazasında buraxılış imtahanında hər fənn üçün maksimal 100 bal nəzərdə tutulub. Bu mərhələ üçün ümumilikdə maksimal bal 300-dür.
I-IV qrup üzrə abituriyentlər 3 ayrı-ayrı fəndən imtahan verəcəklər.
I ixtisas qrupu üzrə imtahan verənlər riyaziyyatdan 30 tapşırıq yerinə yetirəcəklər. Onlara təqdim edilən suallar 22 qapalı, 5 açıq və situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq olacaq. Çəki əmsalı: 1,5
Fizika üzrə də 22 qapalı, 5 açıq və situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq olmaqla cəmi 30 tapşırıqveriləcək. Bu fənnin də çəki əmsalı: 1,5-dir.
Bu ixtisas qrupunda ən az çəki əmsalına (1 ) malik kimya fənnindən də şagirdlər 30 tapşırıq yerinə yetirəcəklər. Kimya fənnindən suallar da 22 qapalı, 5 açıq və situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıqdan təşkil olunacaq.
II ixtisas qrupu üzrə abituriyentlər riyaziyyat, coğrafiya və tarix üzrə imtahan verəcəklər. Hər fənn üzrə 30 sual nəzərdə tutulur.. Təqdim olunan suallar 22 qapalı, 5 açıq və situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıqdan təşkil olunacaq. Riyaziyyat və coğrafiya üzrə çəki əmsalı 1.5, tarix üzrə isə 1-dir.
III ixtisas qrupu üzrə imtahan verənlərin Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənlərindən biliyi yoxlanacaq. Digər ixtisas qruplarında olduğu kimi, III ixtisas qrupunda da suallar 22 qapalı, 5 açıq və situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıqdan ibarət olacaq. Abituriyentlər hər fənn üzrə cəmi 30 suala cavab verəcəklər. Bu ixtisas qrupunda aşağı çəki əmsalına malik fənn ədəbiyyatdır.
IV ixtisas qrupuna aid imtahanlara qatılanlar biologiya, kimya və fizika üzrə sınaqdan keçiriləcək. Hər fənn üzrə 30 sual nəzərdə tutulub. Abituriyentlər hər fənn üzrə 22 qapalı, 5 açıq və situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq həll edəcəklər. Bu ixtisas qrupunda da fizikanın çəki əmsalı 1-dir.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
|
|
09.10.2018 | 14:37 | |
|
|
|