Test, yoxsa yazılı?

İyunun 1-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib.

 

Ümumilikdə 8000-dən çox tələbənin iştirak etdiyi imtahanlar üç formada keçirilir. Tələbələr yazılı və test üsulları ilə, qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə imtahan verirlər.

 

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyin təmin edilməsi məqsədi ilə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova tərəfindən “İmtahan sessiyasının təşkili və keçirilməsi” barədə əmr imzalanıb. Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllim və əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb.

 

“İmtahan işləri şifrələnir - Müəllim hansı tələbənin işini yoxladığını bilmir”

 

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov hesab edir ki, yazılı imtahanların keçirilməsi ilə bağlı tətbiq olunan mexanizm yarana biləcək bütün riskləri aradan qaldırır: “Test üsulu obyektivlik baxımından ən əlverişli üsul hesab olunur. Bu imtahanlar 300-ə yaxın kompüterlə təmin olunmuş zallarımızda keçirilir. Tələbə yalnız kompüterlə təmasda olur və proqram vasitəsilə ona təqdim olunan sualları cavablandırır. Əlbəttə ki, bu variant ali təhsil müəssisəsi olaraq bizim üçün də əlverişlidir. Çünki test imtahanlarına daha az enerji, daha az vaxt, resurs sərf edirik, lakin elə fənlər var ki, bu fənlər üzrə tələbənin biliyini test üsulu ilə qiymətləndirmək çox çətindir, hətta deyərdim ki, mümkün deyil. Məsələn, tərsimi həndəsə, torpaq kadastrı, layihələndirmə və s. Bu tip fənlərdən digər üsullarla imtahan götürülür. Həmin imtahanları testdən fərqli olaraq ekspertlər (müəllimlər) yoxlayır, lakin onlar kimin işini yoxladığını bilmir. Bütün işlər yoxlamaya göndərilmədən öncə şifrələnir, işin üzərindən tələbənin adı, soyadı olan hissə götürülür. Şifrələnmiş iş yoxlanıldıqdan sonra şifrəsi açılır və tələbənin qiyməti elektron şəkildə onun azmiu.edu.az portalı üzərindəki elektron kabinetinə göndərilir”.

 

“Test, yoxsa yazılı? - Tələbələrin fikirləri fərqlidir”

 

Tələbələr arasında imtahan üsulları ilə bağlı fikirlər fərqlidir. Bəziləri test, bəziləri isə yazılı üsula üstünlük verirlər.

 

İnşaat fakültəsinin tələbəsi Aynurə Ağayeva deyir ki, yazılı imtahanlar onun üçün daha asan olur: “Test imtahanlarını da oxuyuram, amma özümdən aslı olmayaraq gedişatda əzbərlədiyimi hiss edirəm. Yazılı imtahan verəcəyimiz fənlərdə isə belə deyil, bəzən daha çox öyrənmək üçün əlavə ədəbiyyat da axtarıram. Çünki, bilirəm ki, nə qədər çox öyrənsəm, o qədər yaxşı yaza biləcəyəm”.

 

Təbriz Məlikzadə AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiyaları fakültəsində oxuyur. Onun fikrincə isə imtahan üçün hansı üsulun olması vacib deyil: “Bəziləri imtahana 10-15 gün qalmış hazırlaşmağa başlayır. Çox vaxt onlardan eşidirəm ki, “test olsaydı, daha yaxşı cavab verərdim. Yaxud da yazılı olsaydı, fikirimi ifadə edərdim” və s.  Mən semestr boyu keçilən dərsləri oxuyuram, imtahana yaxınlaşanda oxuduqlarımı təkrar nəzərdən keçirirəm. Buna görə də yazılı ya da test üsulu arasında fərq görmürəm. İkisində də sual var, cavabını bilirsənsə, yazırsan...”.

 

“Bütün imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir”

 

Artıq bir neçə ildir ki, AzMİU-da bütün imtahanlar bir mərkəzdən idarə olunur. Hər imtahan sessiyası başlamadan öncə universitetin rektoru tərəfindən sessiyanın təşkili ilə bağlı əmr imzalanır, müvafiq işçi qrupu yaradılır. İşçi qrupu tərəfindən imtahan sessiyası ilə bağlı bütün məsələlərə nəzarət olunur və proses üzrə işlər icra edilir.

 

İmtahanlardan öncə tələbələrin imtahana qədərki balları müəyyən edilir və onların azmiu.edu.az portalı üzərindəki elektron kabinetlərində bu ballar qeyd olunur. Tələbə imtahan zalına yaxınlaşanda sürətli şəkildə sistem üzərindən onun imtahana buraxılıb, buraxılmadığı yoxlanılır. Əgər tələbə imtahana buraxılırsa, yəni imtahana qədərki balı müvəffəqdirsə, zala keçir və imtahan verir.

 

İmtahan prosesi ilə bağlı ümumi mənzərəni daha aydın canlandırmaq üçün Nəqliyyat fakültəsinin tələbəsi Zeynəb Məmmədova ilə də həmsöhbət olduq. “Torpaq kadastrı” fənnindən imtahana 44 balla girən Zeynəb ona verilən vərəqi tamamilə doldursa da kefsiz idi: “Bu dəfə yaxşı bilmədiyim suallarla qarşılaşmışam. Sanki fikrimi tam şəkildə çatdıra bilmədim. Düşünürəm ki, 90 dəqiqə bu fənnin imtahanı üçün yetərli deyil. Rektorumuzla görüşüb bu təklifimi bildirmək istəyirəm”.

 

“Rektora imtahan verən tələbələr - Dialoqda çəkingənlik hiss olunmurdu”

 

Azərbaycan Memarlıq və İnşaat Universitetindən söz düşmüşkən, əlbəttə ki, memarlardan danışmamaq olmaz. Universitetin yüz ilə yaxın tarixi olan Memarlıq fakültəsində ölkəmizin bu istiqamətə meyili olan ən potensiallı gəncləri oxuyur. Gələcəyin memarlarının işlərində, şəxsi həyatlarında, xarakterlərindəki fərqlilik imtahan proseslərinə də siraət edib. Molbert arxasında imtahan verən tələbə üçün neçə bal toplayacağının, yaxud da əyləşdiyi auditoriyada nə baş verdiyinin heç bir önəmi yoxdu. Düşüncələrinə, yaradıcılığına kilidlənən bu gəncləri narahat etməmək üçün fikirlərini öyrənə bilmədik, lakin onların yaradıcı ruhundan qaynaqlanan mühitə tamaşa etdik. Əlbəttə ki, bu tələbələrin imtahanı daha çətin, daha yaradıcı və daha məsuliyyətli görünür. Kimi ölkənin baş memarına, kimi şəhərsalma üzrə ən peşəkar mütəxəssisinə, kimi ən yaxşı layihəçisinə imtahan verir.

 

Yeri gəlmişkən qeyd edək ki, bəzi imtahanlara, xüsusilə diplom işi müdafiələrinə universitetin rektoru professor Gülçöhrə Məmmədova da qatılır. Düzdür, rektora imtahan vermək bir tələbə üçün unudulmazdır, lakin etiraf edək ki, bir o qədər də məsuliyyətlidir. Bununla belə, tələbələrin rektorla dialoqunda çəkingənlik hiss olunmurdu, ölkəmizin tanınmış memarlarından olan professor Gülçöhrə Məmmədova onlara gələcək həmkarları kimi xitab edirdi. Bu münasibətdən rektorun da, tələbələrin də məmnunluğu hiss olunurdu...

 

İmtahan sessiyası iyulun 5-dək davam edəcək.

 

İmtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.

 

Bundan əlavə, imtahan sessiyası dövründə Münaqişə (Apellyasiya) Komissiyası da fəaliyyət göstərir. Burada imtahanların nəticələri barədə müraciətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır...

 

AzMİU, xüsusilə imtahan prosesi ilə bağlı təəssüratlarımızı bununla yekunlaşdırırıq. Yəqin ki, bu dəfə imtahanda həmsöhbət olduğumuz tələbələrin yaxın gələcəkdə Azərbaycanın ən yaxşı inşaat mühəndisi, memarı, nəqliyyatçısı, hidrotexniki və s. kimi sədalarını eşidəcəyik. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işləri fonunda bu universitetin məzunlarına tələbat daha da yüksəlib. “Gəlin, gələcəyimizi birgə inşa edək” ifadəsini özünə şüar seçən universitetin tələbələrinin gözündə həmin ərazilərin dirçəldiyini, çiçəkləndiyini indidən görmək mümkündür.

 

Nicat ABDULLAYEV,

Əhməd HÜSÜZADƏ (foto)

 



09.06.2023 | 13:10