Bakıda “Təhsilimiz: dünəndən sabaha” elmi-praktik konfrans keçiriləcək

İyunun 10-da “Təhsilimiz: dünəndən sabaha” elmi-praktik konfrans keçiriləcək. Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr edilən konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq.

 

Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimlərinin təmsil olunacağı konfrans Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə reallaşacaq.

 

Əsas məqsəd dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübələr və yeni yanaşmalarla tanış olmaqdır.

 

Konfransda “Sabahın məktəbi: yeni yanaşmalar”, “Humanist pedaqogikanın yaşıl rəngli qələmi”, “Akkreditasiyaya müasir yanaşma yolu ilə məktəb mədəniyyətinin inkişafı”, “Ali məktəbdə tədris prosesi: onu necə maraqlı etmək olar?”, “KZ nəslinin mədəni sosiallaşması kontekstində gənclərlə işin qurulması”, “Məktəb transformasiyası”, “Basti Bubu və Mzianeti: humanist pedaqogikanın əyani təcrübəsi”, “Müasir müəllimi necə müasirləşdirməli: innovativ yanaşmalar” mövzularında çıxışlar nəzərdə tutulub.

 

“Optimist baxışlarla” devizi altında keçiriləcək konfransda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mehriban Vəliyeva, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin nəzdində Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirov, Bakı Slavyan Universitetinin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili, Belçikadakı IBF Beynəlxalq Konsultasiya şirkətinin təmsilçisi, təhsil üzrə məsləhətçi Qreem Pollok, Qazaxıstan Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, sosiologiya elmləri doktoru, professor Aleksandr Teslenko, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin prezidenti, psixologiya elmləri doktoru, professor Paata Amonaşvili,  Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Mərkəzi Asiya üzrə Beynəlxalq Məktəblər Assosiasiyasının sədri, Beynəlxalq Məktəblər Şurası İdarə Heyətinin üzvü Françesko Bankini çıxış edəcəklər.

 

Konfransa Elm və Təhsil Nazirliyinin rəhbərliyi, tabeliyindəki qurumların rəhbər şəxsləri, millət vəkilləri, elm və təhsil xadimləri, məktəb direktorları, müəllimlər, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri dəvət olunublar.

 

Məlumat üçün bildirək ki, pedaqoji fəaliyyətə kənd məktəbində müəllim kimi başlayan Asif Cahangirov 30 il ümumi təhsil sistemində rəhbər vəzifələrdə çalışıb. O vaxtkı Maarif Nazirliyində Baş Məktəblər İdarəsinin rəisi, Sumqayıt Maarif şöbəsinin müdiri, Bakı Baş Təhsil İdarəsinin rəisi olub. Azərbaycan təhsilinin inkişafı ilə bağlı çoxsaylı təşəbbüslərin müəllifi olub. Onun təşkilatçılığı ilə SSRİ-də ilk dəfə olaraq Bakıda ümumtəhsil məktəbi müəllimlərinin müsabiqə yolu ilə işə qəbulu, ilk məktəb  psixoloqlarının hazırlanması və s. həyata keçirilib. Asif Cahangirov “Təhsil haqqında” Azərbaycan Respublikasının ilk qanununun (1992), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2013), təhsil sahəsində bir çox normativ hüquqi sənədlərin hazırlanmasında fəal iştirak edib.  O, Sinqapur, Finlandiya, ABŞ, Polşa, Türkiyə, Rusiya, Fransa, İtaliya, İsveç, İsveçrə, Almaniya və digər ölkələrdə beynəlxalq seminar və konfransların iştirakçısı olub, müxtəlif təqdimatlarla çıxış edib. 2020-ci ildə çap edilən “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabının müəllifidir.

 



09.06.2023 | 16:10