AzTU-da “Həyatla oyun” tamaşası nümayiş olunub

Martın 6-da Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunub.

 

Tamaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil olunub.

 

Tamaşadan əvvəl AzTU-nun prorektoru, professor İsa Xəlilov Bakı Uşaq Teatrının aktyorlarını tələbələrə təqdim edib və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbirlərin ali təhsil müəssisələrində mütəmadi olaraq keçirilməsinin gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addım olduğunu vurğulayıb. Prorektor qeyd edib ki, sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir.

 

Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Şahin İsmayılov çıxış edərək narkotik vasitə aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Daxili İşlər Nazirliyinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb və belə  təbliğatın vacib olduğunu bildirib.

 

 Çıxışlardan sonra “Sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində “Həyatla oyun” tamaşası nümayiş olunub. Tamaşa bütün bəşəriyyətin bəlası olan narkomaniya və  QİÇS-ə qarşı mübarizəyə həsr olunub. Əsərin müəllifi Arzu Soltan, tamaşanın rejissoru isə İntiqam Soltandır.

 

Bakı Uşaq Teatrının gənc aktyorlarının ifasında canlandırılan bu tamaşada narkotik vasitə istifadəçilərinin həyat tərzi bütün çılpaqlığı ilə ortaya çıxarılıb. Ssenaridə əsasən kiçik yaşlarında  təlim-tərbiyə işlərində övladlarına laqeyd qalan valideynlər, uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

 

Tamaşa tələbələrin marağına səbəb olub və alqışlarla qarşılanıb. Rejissor və aktyor heyəti universitet rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlıq edərək gələcəkdə də bu cür tamaşaların AzTU-da səhnəyə qoyulmasını arzuladıqlarını bildiriblər.

 



07.03.2018 | 11:20