Sertifikatlaşdırma və müəllimlərin işə qəbulu üzrə kommunikasiya görüşü

İyunun 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin iştirak etdiyi növbəti kommunikasiya görüşü keçirilib. Görüşdə müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə əsas müzakirə mövzuları olub.  

  

İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qeyd edilən mövzular barədə danışaraq məlumat verib ki, cari ildə sertifikatlaşdırma prosesində iştirakı planlaşdırılan 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib. Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin 20-24 iyun tarixlərində keçiriləcəyini xatırladan Eşqi Bağırov müsahibə mərhələsinin avqust ayının sonunda keçirilməsinin nəzərdə tutulduğunu deyib. 
 

Sertifikatlaşdırmanı müəllimlərin davamlı inkişaf prosesi kimi qiymətləndirən Eşqi Bağırovun sözlərinə görə, uğur qazanan müəllimlər tədris zamanı daha üstün səriştə və bacarıq sərgiləyirlər və belə müəllimlərə valideynlər daha çox inam bəsləyirlər.
  

Görüşdə iştirak edən Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsi barədə məlumat verib. Nurlan İsmayılbəyli qeyd edib ki, cari ildə işə qəbul imtahanlarının 13 şəhər olmaqla ümumilikdə 31 mərkəzdə təşkili nəzərə tutulur. İmtahanlarda iştirak üçün 62 mindən çox namizədin qeydiyyatdan keçdiyini vurğulayan mərkəz direktoru müsabiqə mərhələləri barədə xatırlatma edib. 
  

Daha sonra media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

 

 



06.06.2023 | 18:47