12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək | |
Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 100-dən çox iştirakçını bir araya gətirəcək.
Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq. Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək.
Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələri, media təqdimatları, ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.
Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.
Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”)şirkəti çıxış edir.
|
|
09.10.2018 | 09:28 | |
|
|
|